Slimfit
  1. CƏMİYYƏT

Ailəyə müdaxilə edən qayınata və qayınana necə cəzalandırılacaq?

Ailəyə müdaxilə edən qayınata və qayınana necə cəzalandırılacaq?
Sakura

Ailəyə müdaxilə edən qayınata və qayınana necə cəzalandırılacaq?

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna bir sıra dəyişikliklər təklif edilir.

Təklif edilən dəyişikliklərdən biri qayınana, qayınata və digər yaxın qohumların ailəyə müdaxiləsinin məişət zorakılığı sayılması ilə bağlıdır. Bu təklif cəmiyyətdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub. Bir çoxları yaxın qohumların gənc ailələrə daim dəstək olmasının, onlara tövsiyələr verməsinin normal hal olduğunu bildirərək qayınana-qayınataların övladlarının ailələrində söz sahibi ola biləcəyini düşünür. Bəzi şəxslər isə ailələrə kənar müdaxilənin yolverilməz olduğunu, bunun sonradan neqativ nəticələrə gətirib çıxardığını deyir.

Ens.az-ın məlumatına əsasən,mülkiyyət hüququ üzrə tanınmış vəkil Orxan Əhmədov mövzu ilə bağlı “Qafqazinfo”ya bildirib ki, məişət zorakılığı dedikdə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması başa düşülməlidir:

“Bizim cinayət qanunvericliyində istənilən şəxsə fiziki zərər vurulması cinayət məsuliyyəti yaradır. Ancaq qayınata və qayınananın hər hansı məsələ ilə bağlı məsləhəti, irad və tövsiyəsinin məişət zorakılığı hesab olunması hüquqən və mental dəyərlərimiz cəhətdən düzgün deyil. Çünki əgər qanuna bununla bağlı dəyişiklik edilərsə, o halda qanunverici orqan “ailəyə müdaxilə” anlayışının dispozitiv xüsusiyyətlərini açmalıdır ki, sonda böyük hüquqi problemlər yaranmasın. Çünki ailələrdə qayınananın və ya qayınatanın adi hər hansı bir sözü gəlinlər tərəfindən “ailəyə müdaxilə” kimi qiymətləndirilib məişət zorakılığı adı altında sui-istifadə hallarına yol aça bilər. Məhz bu anlamda qanunverici orqan “ailəyə müdaxilə” dedikdə bunun hansı xarakterik xüsusiyyətlərinin və nədə ifadə olunmasının konkret izahını müəyyənləşdirməlidir”.

Hüquqşünas bildirib ki, “ailəyə müdaxilənin” nədə ifadə olunması açıqlanmarsa, məişət zorakılığı kimi bu halları qiymətləndirmək hüquqən mümkünsüz olacaq: “Qanunlarımız məişət zorakılığı qurbanlarının hüquqlarının qorunması üçün daim təkmilləşdirilir. Məişət zorakılığı ilə bağlı Cinayət Məcəlləsində konkret maddə olmasa da, qurbanlara fiziki zorakılıq faktları ilə bağlı cinayət məsuliyyətləri müəyyən edilib. Konkret məişət zorakılığı törətmiş şəxslərin bu kontekstdə cinayət məsuliyyəti müəyyənləşdirilməyib. İqtisadi cəhətdən asılılıqla bağlı inzibati məsuliyyət müəyyən edilsə də, məişət zorakılığına məruz qalmış şəxslərin bu zorakılıqdan qorunmaq üçün mühafizə orderlərinin verilməsi məsələsi qanuna ediləcək dəyişikliklərlə artırılıb”.

O.Əhmədovun sözlərinə görə, Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə Məcəllənin 355-4.4-cü maddəsində nəzərdə tutulan bütün qadağaların tətbiq edilməsi nəzərdə tutulur:

“Həmin orderin müddətinin aşağı həddi 30 gündən 60 günədək artırılır. Eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda edilən dəyişiklik dövlət hesabına hüquqi yardım alan şəxslərin dairəsinə məişət zorakılığından zərər çəkmiş şəxslərin də aid edilməsini nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişiklik “məişət zorakılığından zərər çəkmiş şəxsin cinayət təqibi zamanı dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi” nəzərdə tutulur. Layihədə İnzibati Xətalar Məcəlləsinin məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına dair 158.1-ci və 158.2-ci maddələrində nəzərdə tutulmuş xətaların təkrar törədilməsinə görə daha sərt inzibati tənbehin müəyyən edilməsi təklif edilir.

Habelə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunla müəyyən edilmiş hallarda və müddətdə məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməməsinə görə vəzifəli şəxslərin inzibati məsuliyyəti müəyyən edilir. Qanunda əvvəllər nəzərdə tutulmuş məhz yaxın qohum termini çıxarılaraq, ümumiyyətlə, qohumlar tərəfindən törədilən məişət zorakılığı hallarını da təsbit edəcək. Məhz bütün bu və digər dəyişikliklər “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi və sonda məişət zorakılığından əziyyət çəkən şəxslərin hüquqlarının qorunmasını təmin etməyə yönəlib”.

Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva isə mövzu ilə bağlı deyib ki, ailədaxili münasibətlərin pozulması əsasən iki tərəfin də bir-birini günahlandırması ilə başlayır və əsasında dərin kompleks və qısqanclıq dayanır:

“Ana və atalar hər zaman istəyirlər ki, oğlanları daim onların nəzarəti altında olsun. Gəlinlər də ərinin bütün diqqətinin öz üzərində olmasını arzulayır. Bütün xalqların adət-ənənəsində zaman-zaman bu məsələ yer alıb. Ancaq çox maraqlıdır ki, Azərbaycanda gəlin-qayınana məsələsi daha aktualdır”.

T.Paşayevə əlavə edib ki, ailələrdə formalaşan dərin komplekslər əsasən ana-atanın oğula, oğlun valideynlərə ifrat dərəcədə bağlı olmasından yaranır:

“Bizdə valideynlər uşaqlarına həddindən artıq diqqət, qayğı göstərirlər, uşağın üstündə əsirlər. Qərb ölkələrində valideyn-uşaq münasibətlərində olduqca sərbəstlik var. Onlarda uşaq artıq yetkinlik yaşına çatanda, yəni 18 yaşını tamamlayanda evi tərk edib gedir, öz həyatını qurur. Həyatı haqqında mühüm qərarları özü verir. Ancaq Azərbaycanda valideyn uşağına bu sərbəstliyi vermir. Hətta görürsən ki, müəyyən yaş həddinə çatmış bir oğlandır, amma özü üçün geyim belə seçməkdə çətinlik çəkir. Gözləyir ki, ata-anası onun üçün nəsə alsın. Belə deyək: uşaq özünə inanmır, öz zövqünə etibar etmir. Bu da bizim adət-ənənəmizin bir hissəsidir. Çox təəssüflər olsun ki, günümüzdə valideynlər artıq həyatı haqqında mühüm qərarları verə biləcək yaşa çatmış övladlarının yerinə də qərarlar qəbul edirlər. Bu aşırı həddə olan ailəcanlılıq gələcəkdə ailə quran gənclərin həyatında problemlərə yol açır”.

Psixoloqun sözlərinə görə, ailələrə müdaxilələrin nəticəsində bütün tərəflər ziyan çəkir. Nəticədə tərəflər arasında aqressiya, stres, özünəinamın azalması, hadisələrdən asılı olaraq həyəcan, qorxu və digər psixoloji əlamətlər özünü büruzə verir:

“Bizə müraciət edən pasiyentlərdə gəlinlərin də qayınanalara qarşı kompleksli yanaşması hallarına da rast gəlinir. Ailəyə müdaxilənin məişət zorakılığı kimi hüquqi qiymət alması, mexanizmin çalışması üçün kompleks fəaliyyət labüddür. O zaman müəyyən nəticələrin əldə edilməsini gözləyə bilərik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR