Ağdaşın Yenicə kəndi qazlaşdırılıb
Ağdaş rayonunun Yenicə kəndinə “mavi yanacağın” verilməsi münasibətilə tədbir keçirilib.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, eləcə də digər rəsmilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən R.Abdullayev əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunması, xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR-ın prezidenti bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Yenicə kəndində 328 evə “mavi yanacaq” verilib. Ümumilikdə, 328 yeni sayğac quraşdırılıb. Qaz çəkilişi zamanı 3615 metr polietilen daşıyıcı borulardan, 22 min 218,5 metr yerüstü paylayıcı polad borulardan, məhəllədaxili qaz çəkilişi üçün 13 min 58 metr polad borulardan istifadə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət