AFFA ispaniyalı futbolçunu milliləşdirmək istəmələri ilə bağlı iddiaya münasibət bildirib
AFFA “Qarabağ”ın futbolçusu Miçel Madeyranı milliləşdirmək istəmələri ilə bağlı iddiaya münasibət bildirib.
Milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla “Report”a bildirib ki, hazırda AFFA-nın gündəmində belə bir məsələ yoxdur. O, bununla bağlı İspaniya mətbuatında yer alan xəbəri əsassız adlandırıb: “Miçel Azərbaycan vətəndaşlığı almaq üçün qanunvericilikdə tələb olunan şərtlərdən birinə uyğun gələ bilər. Bu da Azərbaycanda 5 il yaşamaq məsələsidir. Ancaq ispaniyalı futbolçu 2015-ci ildən ölkəmizdə çıxış edir. Yəni, hazırda belə bir şey mümkün deyil. Digər tərəfdən, hansısa futbolçunun milliləşdirilməsi üçün ilk növbədə baş məşqçinin istəyi və oyunçunun razılığı olmalıdır. Yalnız bundan sonra AFFA FIFA-nın qaydalarına uyğun olaraq, milliləşdirmə ilə bağlı hüquqi prosedurlara başlaya bilər. Hazırda Miçellə bağlı belə bir məsələ müzakirə mövzusu deyil”.
Qeyd edək ki, gələn il Miçelin Azərbaycanda yaşamasının 5 ili tamam olacaq. FİFA qaydalarına əsasən, bu halda futbolçunun həmin ölkənin yığmasında çıxışına icazə verilir. 34 yaşlı yarımmüdafiəçi bir müddət əvvəl “Qarabağ”la müqaviləsinin müddətini 2 il uzadıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət