Slimfit
  1. CƏMİYYƏT

Ac qalırıq, yoxsa oruc tuturuq?

Ac qalırıq, yoxsa oruc tuturuq?
Sakura

Ac qalırıq, yoxsa oruc tuturuq?

Günay Malikqızı yazır...

Günlərin bir günü iki nəfər rastlaşır. 

Biri o birindən soruşur: “Oruc tutursan?” 

İkinci adam deyir: “Bəli”.

Bir az vaxt keçəndən sonra birinci görür ki, oruc tutduğunu deyən adam yemək yeyir. 

Gedir, orada-burada danışır ki, bəs filankəs yalan danışır, “orucam” deyir, amma yemək yeyir. 

Bir müddət sonra yenidən rastlaşanda birinci giley edir ki, yalanını tutdum sənin, oruc deyilmişsən, yemək yediyini gördüm. 

Hə, burada o kişi ”Mən xəstəyəm, ac qala bilmirəm, amma heç kimin arxasınca danışmıram, yetim haqqı yemirəm, yalan danışmıram, yalandan şahid durmuram, haqqa girməmək, günaha batmamaq üçün də çox səy göstəririəm” deyə cavab verir və soruşur: “Bəs sən oruc tutursan?” 
O kişi qayıdır ki: “Yox, mən ac qalıram”.

Ramazan ayının gözəlliyi danışmaqla bitməz. 

Ramazan birlik, bərabərlik ayıdır. Bu ayda ayrıseçkilik kimi insan övladına məxsus xasiyyətimizi büruzə verməməliyik. 

Ancaq.... Hə, gəldik yenə də ancaq və amma söhbətinə... 

Ramazan ayında hər il diqqətimi çəkən bir məqam var, oruc tutanlarla tutmayanların bir-birinə söz atması... 

Biri bacardığı kimi ibadət edər, digəri isə bacarmadığı üçün ibadətdən qıraq yaşayar. Zatən birinci də, ikinci də əməllərinin cavabını bizə verməyəcək. Amma, yox, gərək oruc tutmayan “Günahı mənim boynuma, yemək ye”, ya da “Ac qalmaqla Allah sevgisi olmaz” desin. 

Nədənsə oruc tutmayanların bu silsilədən olan cümlələr işlətmələrini mən insanoğlunun özünü isbat etmək istəyi kimi dəyərləndirirəm. Çünki başqası ilə özünü müqayisə edəndə, özünü haqlı tapanda, öz gözündə daha güclü görünürsən. 

Amma oruc tutanların “Yanımda su içməyin, günaha batarsınız” demələrini heç nə ilə izah edə bilmirəm. Axı orucun hikməti bir stəkan su üçün kiməsə günah yükləmək deyil. 

Əgər mənin tutduğum orucun gücü kimsə çay içənə, ya da, nə bilim, alma yeyənə qədərdirsə, onda günahı alma yeyəndə axtarmamalıyam. Ya da “orucam, acam, ona görə də çox əsəbiyəm” eşidəndə ürəyimdən “Mənə nə?” demək keçir. 

Demirəm. Amma gərək deyəsən. 

Deyəsən ki, orucu bəhanə gətirməyin düz olmadığını anlasınlar. 

Aclıqdan əsəbi olduğunu bəhanə gətirib, evdə ailəsinə, işdə iş yoldaşlarına əziyyət verənlər də “Mən orucam” deyir.  

Ya da “oruclu ağzımı pozmayın” ifadəsindən sonra  deyilən sözləri hara yazaq?   

Ramazan ayı günün müəyyən saatlarında yeməyə “yox” demirik, həm də xislətimizi təmizləməyi, paklandırmağa çalışırıq. Hər halda çalışmalıyıq. 

Oruc tutanın savabı özünədir, tutmayanın da günahı özünə. 

Bir-birimizin yükünü ağırlaşdırmayaq. 

Bu qədər söz yazandan sonra, deyəsən, mən bu gün oruc tutmadım, ac qaldım.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR