Abşeronda 250 göl var: evlər tikilsin... - Unikal təklif
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik H. Əliyev adına Coğrafiya İnstitutunda “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin iclası keçirilib.
Axar.az xəbər verir ki, iclasda coğrafiya elmləri doktoru Vaqif Məmmədov “Abşeron göllərinin müasir ekoloji vəziyyətinin qiymətləndirilməsi” mövzusunda hazırladığı layihə haqqında məruzə edib.
Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, kosmik peyk şəkilləri, PUA-lar və bu kimi müasir texnologiyaların köməyi ilə xəritələşmə apararkən 250-dən artıq göllə zəngin Abşeron ərazisini kvadratlara ayırmaq və hər bir sahəyə düşən gölün mənşəyi, həcmi, yaranma mənbəyi, ekoloji vəziyyəti və s. görə ayrı-ayrılıqda təsnifatını vermək daha münasibdir:
“Bu isə həmin ərazilərdə tikinti, əkin və ya digər xeyirli iş görmək istəyən təşkilat sahibləri, iş adamlarına kömək etmiş olar”.
Mövzu ətrafında gedən müzakirələr və təkliflərdən sonra qərara alınıb ki, Abşeron gölləri haqqında bütün məlumatlar toplanaraq əsaslı kitab işlənilsin və bunun üçün göllər sahəsində təcrübəli mütəxəssislərin iştirakı ilə proqram hazırlansın, eyni zamanda proqramı hazırlayarkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Amin Məmmədovun yeni yaşayış komplekslərinin göllər ətrafında salınması haqqındakı təklifi nəzərə alınsın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət