ABŞ vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməyi məsləhət görür
Dövlət Departamentinin rəsmisi Los Ancelesdə küçələrdən birinə “Artsax” adı verilməsinə də münasibət bildirib
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Corc Kent ABŞ vətəndaşlarına Dağlıq Qarabağa getməməyi məsləhət görüb.
Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.
"Amerika vətəndaşlarının, diplomatlarının işğal olunmuş torpaqlara getməsi tövsiyə olunmur. Məsələn, mən də getmirəm" — deyə Kent vurğulayıb.
Dövlət Departamentinin rəsmisi, eyni zamanda, Los Anceles dairəsinin Qlendeyl şəhərində küçələrdən birinə “Artsax” adı verilməsinə də münasibət bildirib: "O ki qaldı küçə adı dəyişdirilməsinə, ABŞ-da bələdiyyə rəsmiləri yerli şura kimi fəaliyyət göstərərək küçə adının dəyişdirilməsinə dair qərar çıxara bilər. Lakin biz federal hökumət olaraq bu ərazini Dağlıq Qarabağ adlandırırıq. Hesab edirəm ki, bu münaqişənin həlli BMT qətnamələri və Madrid prinsipləri əsasında baş tutmalıdır. Həmin prinsiplər də ərazi bütövlüyü, gücün tətbiq olunmaması və xalqların öz müqəddəratını təyin etməsidir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət