ABŞ-ın "sülh planı" nə vaxt işə düşəcək? - Diqqət o görüşə yönəldi
ABŞ Prezidenti Donald Tramp tərəfindən elan ediləcəyi gözlənilən "sülh planı"nın İsrail-Fələstin məsələsinin iki dövlətin iştirakı ilə həll olma ehtimalını ortadan qaldıracağı iddia edilir.
Publika.az xəbər verir ki, ABŞ rəhbərliyinin İsrail-Fələstin məsələsinə "həll tapmaq" iddiasıyla hazırladığı sözdə "sülh planı"nın iqtisadiyyat paketi fələstinlilərin lehinə kimi görünsə də, siyasi yöndə Fələstin torpaqları üzərindəki İsrail işğalını möhkəmləndirməsi ilə bağlı maddələrdən ibarət olduğu açıq şəkildə görünür.
Donald Trampın "Əsrin müqaviləsi"ni sabah İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşdən öncə elan edəcəyini söylədikdən sonra diqqət "sülh planı"na yönəlib.
Trampın yəhudi kürəkəni və böyük müşaviri Cared Kuşner və komandası 2017-ci ilin noyabrından sözügedən plan üzərində işləyir. Heyətdə Amerikanın beynəlxalq danışıqlarda xüsusi nümayəndəsi və Prezident Donald Trampın köməkçisi, yəhudi əsilli Ceyson Qrinblattın da yer alması diqqət çəkir.
Planın iqtisadiyyat paketi 2019-cu ilin iyununda Körfəz ölkələrinin paytaxtı Bəhreyndə keçirilən və Fələstin, eləcə də bir çox ölkələr tərəfindən boykot edilən seminarda açıqlandı. Adıçəkilən "sülh planı"nın iqtisadiyyat paketinə 50 milyard dollarlıq investisiya fondu, İordan çayının işğal altındakı Qərb sahili və blokadada olan Qəzza zolağını birləşdirən 5 milyard dollarlıq nəqliyyat dəhlizinin inşası daxildir. Eyni zamanda sözügedən paketdəki sərmayənin 28 milyard dollarının Qərb sahili və Qəzzaya, 9 milyard dollarının Misirə, 7.5 milyard dollarının İordaniyaya, 6 milyard dollarının isə Livana yatırılması planlaşdırılır. Fələstin iqtisadiyyatına təkan verəcəyi iddia edilən sərmayənin maliyyələşdirilməsinin əsasən Körfəz ölkələri, xüsusən Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən əhatə ediləcəyi bildirilir.
Planın siyasi paketi isə İsraildə 1 ildən çox davam edən koalisiya böhranı səbəbindən izah edilə bilməyib.
Siyasi paket açıqlanmasa da, beynəlxalq mətbuatda bu barədə bəzi məlumatlar var. Bildirilir ki, Fələstin Prezidenti Mahmud Abbasın "əsrin süqutu" adlandırdığı planda Fələstin xalqının xeyrinə bəzi iqtisadi yardımlardan başqa heç bir üstünlük yoxdur. İsrailin Baş naziri Binyamin Netanyahu isə planın "tarixdə bir dəfə tutulan və qaçırılmamalı fürsət" olduğunu söyləyib.
Tağı Həsənov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət