ABŞ-da ən böyük şirin su ehtiyatlarından biri aşkar edilib
1970-ci illərdə, Atlantik okeanı altında neft və qaz ehtiyatları axtarışları zamanı neft şirkətləri tez-tez şirin suya təsadüf ediblər. Bu tapıntılar göstərib ki, haradasa duzlu su altında şirin sulu təbəqə mövcuddur və bu təbəqə perspektivdə çox böyük içməli su mənbəyi ola bilər. AZƏRTAC “hi-news.ru”ya istinadla bildirir ki, alimlərin torpağın altında gizlənmiş su ehtiyatlarının həcmi barədə indiyədək dəqiq məlumatı olmayıb, lakin onilliklər boyu aparılan tədqiqatlardan sonra bu sirr, nəhayət, açılıb. Məlum olub ki, şirin sulu təbəqə ABŞ-ın bütün şimal-şərq sahilboyu uzanır.
Bu kəşfi dəniz geoloqu Kloye Qustafsonun rəhbərliyi ilə bir qrup tədqiqatçı edib. Tədqiqat 2015-ci ildə başlayıb: alimlər Nyu-Cersi sahillərini və Martas-Vinyard adasını “Marcus G. Langseth” gəmisinin elektromaqnit qəbuledicisinin köməyi ilə skanlayıblar.
Şirin sudan fərqli olaraq duzlu suyun böyük elektrik keçiriciliyi şirin sulu təbəqənin xəritəsini tərtib etməyə kömək edib.
Məlum olub ki, şirin su ehtiyatları Massaçusetsdən başlayaraq Nyu-Cersiyədək uzanır, Delaver, Nyu-York, Konnektikut və Rod-Aylendi əhatə edir. Uzunluğu 350 kilometr olan rezervuarda 2,8 min kubkilometr azacıq duzlu su var. Suda duzun mövcudluğu xüsusilə yuxarıdan, okean dibinə yaxın yerdən yaxşı görünür: belə suyu istifadə etməzdən əvvəl onu şirinləşdirmək lazımdır.
Yeraltı şirin su ehtiyatlarının 15-20 min il əvvəl, buzlaqların əriməsi, habelə hərəkətdə olan su mənbələrinin qabarması və çəkilməsi zamanı əmələ gəldiyi ehtimal olunur. Onların sahəsi daha çox ola bilər. Çox güman, gizli şirin su ehtiyatları ABŞ-ın Atlantik kontinental şelfinin şərq hissəsində toplanıb. Əgər bu ehtimal doğrudursa, onda alimlər dünyada məlum şirin su ehtiyatlarından ən böyüyünü kəşf ediblər .
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət