ABŞ-da Dünya birinciliyində iştirak edən ağır atletlər Bakıya qayıdıb
Martın 8-16-sı tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi iştirak edən Azərbaycan yığma komandası Bakıya qayıdıb.
“Report” xəbər verir ki, 44 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda milli komandamızın 5 üzvü iştirak edərək böyük uğur qazanıblar.
55 kq çəki dərəcəsində Ömər Cavadov, 67 kq çəki dərəcəsində isə Rüstəm Qasımov birdən qaldırma hərəkətində bürünc medal əldə etdilər. 102 kq çəki dərəcəsində Əli Şükürlü həm birdən, həm təkanla qaldırmada, həm də toplamda bürünc medalla fərqləndi. Sonda isə Rəhman Kazımov +102 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətində qızıl medal qazanıb.
Yarışı toplam 6 medal – 5 kiçik və bir bürünc medalla bitirən Azərbaycan yığma komandası ölkə ağır atletika tariximizə qızıl hərflərlə yazılan uğura imza atdı. Belə ki, bu dünya birinciliyində Azərbaycan millisi oğlanlar arasında komanda hesabında yüksək 5-ci yeri tutmağı bacardı (Medal hesabında isə yığmamız 10-cu pillədə qərarlaşıb). İndiyə qədər bu nəticəyə heç bir komandamız nail ola bilməyib.
Bu, böyük uğur münasibətilə bütün Azərbaycan ağır atletika sevərlərini təbrik edirik. Azərbaycan Ağır Atletika Federasiyasının son illərdə apardığı siyasət, atdığı addımlar öz bəhrəsini qısa zamanda verməkdədir. Ölkəmizdə yeni ağır atlet nəsli yetişir və onların uğurları göz qabağındadır. Ardıcıl iki il ərzində Avropa birinciliklərində əvvəlcə medal, sonra komanda hesabında əldə edilən 1-ci yer, indi öz təsirini dünya birinciliyində göstərir. 2017-ci ilin aprelində Tailandın paytaxtı Banqkokda keçirilən yeniyetmələrdən ibarət dünya birinciliyində oğlanlardan ibarət yığma komandamız ümumi sıralamada 9-cü yeri tutaraq Olimpiya Oyunlarına bir lisenziya əldə etmişdi. Və həmin lisenziya ilə Buenos-Ayresdə körpücük üzərinə çıxan Tarmenxan Babayev yarışların gümüş medalını qazanmağı bacarıb.
İndi isə dünya birinciliyində Azərbaycan yığması komanda hesabında 5-ci pillədə qərarlaşıb. Cəmi 5 idmançı ilə yarışa qatılaraq bu nəticəyə nail olunması təqdirəlayiq və alqışlanası haldır. Əminliklə söyləmək olar ki, zədə üzündən ABŞ-a gələ bilməyən digər yeniyetmə atletlərimiz də körpücük üzərinə çıxa bilsəydilər, indi biz komandamızın hətta 1-ci yeri haqqında da danışa bilərdik.
Azərbaycan ağır atletikası tarixinə qızıl hərflərlə yazılacaq bu nailiyyət gələcəyə daha da ümidlə baxmağa, idman növümüzün perspektivinə inanmağa imkan verir.
AAAF adından bu yüksək nəticəyə nail olan idmançı və məşqçi heyətini təbrik edir, qarşıdakı yarışlarda da ölkəmizi belə layiqli təmsil etməyi arzulayırıq!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət