ABŞ-da Azərbaycan İnnovasiyalar Evi açılıb
Amerika Birləşmiş Ştatlarının Silikon Vadisində Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib.
Bu barədə APA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan İnnovasiyalar Evi “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən yaradılıb.
Stanford Universitetində baş tutan tədbirdə Silikon Vadisi və yaxın ərazidə yaşayan, innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən 100-ə yaxın azərbaycanlı iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Azərbaycan İnnovasiyalar Evinin açılmasının ölkəmizdə innovasiyalar sahəsində həyata keçirilən işlərin məntiqi davamı olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Silikon Vadisi ilə ölkəmiz arasında bir körpü rolunu oynayacaq mərkəz burada yaşayan azərbaycanlılar tərəfindən yaradılan startapları bir araya gətirəcək. Eyni zamanda ölkəmizdəki startapçıların Silikon Vadisinə gəlmələrinə, təcrübə qazanmalarına və öz startaplarını inkişaf etdirmələrinə dəstək göstərəcək.
Mərasimdə şirkət nümayəndələri, startapçılar və Standford Universitetinin professorları da çıxış edərək layihənin əhəmiyyəti haqqında danışıblar. Həmçinin “Azərbaycan İnnovasiyalar Evinin Azərbaycan innovasiya ekosisteminə töhfəsi”, “ASAN xidmət” və onun innovasiya ekosistemindəki rolu”, “Regiondakı ekosistem göstəriciləri” və digər mövzular müzakirə olunub.
Tədbir çərçivəsində bir müddət öncə xaricdə yaşayan həmyerlilərimizin təşəbbüsü və ˝INNOLAND˝ın dəstəyi ilə yaradılan ˝Tech Diaspora˝nın birinci forumu da keçirilib.
˝Tech Diaspora˝nın yaradılmasının əsas hədəfləri Azərbaycanda startap ekosisteminin inkişafı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı startap ekosistem oyunçularının, innovativ texnologiyalar sahəsində fəaliyyət göstərən azərbaycanlıların ölkəmizlə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında əlaqələrin və birgə fəaliyyətin təmin olunmasıdır.
Diasporaların fəaliyyəti, eləcə də innovativ texnologiyalar sahəsində olan trendləri daim yaxından izləməyə və texnologiyaların Azərbaycanda da tətbiqinə təkan verəcək. Yerli startapçıların ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı startapçılarla əlaqələndirilməsi yerli startapların qlobal bazara çıxış imkanlarını da artıracaq.
Azərbaycan İnnovasiyalar Evi SOCAR-ın maliyyə dəstəyi ilə yaradılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət