Abituriyentləri yaxınlaşan imtahanla bağlı ən çox narahat edən suallar - Cavablar
Martın 15-dən etibarən ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbuluna start verilib.
Elektron sənəd qəbulu 15 aprelədək davam edəcək.
AzEdu.az abituriyentlərin narahatlığını nəzərə alaraq, imtahanlarla bağlı Dövlət İmtahan Mərkəzinə ən çox ünvanlanan sualları və DİM-in bu suallarla bağlı rəsmi cavablarını təqdim edir:
SUAL- Bu il hansı ixtisaslar üzrə qəbul aparılacaq?
CAVAB- Qəbul aparılacaq ixtisasların siyahısı 3 nömrəli "Abituriyent" jurnalında dərc olunacaq.
SUAL- 2019-cu ildə keçiriləcək imtahanlarda ixtisaslar üzrə keçid balları nə qədər olacaq?
CAVAB- Bu il formalaşacaq keçid balları müsabiqədən əvvəl məlum ola bilməz. Çünki keçid balı müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır.
SUAL-Buraxılış imtahanından çıxandan sonra sual kitabçası abituriyentərə veriləcəkmi?
CAVAB-Xeyr.
SUAL-Buraxılış imtahanlarının cavabları nə vaxt elan olunacaq?
CAVAB- İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.
SUAL- Qəbul imtahanının I mərhələsində az bal toplayan II mərhələyə buraxılır?
CAVAB- I mərhələdə toplanılan baldan asılı olmayaraq bütün abituriyentlər II mərhələyə buraxılır.
SUAL- Əvvəlki ilin məzunları üçün V ixtisas qrupu imtahanları necə keçiriləcək?
CAVAB- Əvvəlki illərin məzunları buraxılış imtahanı formatında Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verəcəklər. V qrup üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını seçən abituriyentlərin hamısı, əvvəlki illərdə olduğu kimi, qabiliyyət imtahanı da verəcəklər.
SUAL- Şəxsi kabinetə daxil edilən məbləği necə geri götürmək olar?
CAVAB- Şəxsi kabinetdə qalan istifadə olunmamış vəsaitin geri götürülməsi üçün abituriyent şəxsən Dövlət İmtahan Mərkəzinə və ya onun regional bölmələrindən birinə ərizə ilə müraciət edir. Ərizəyə pulu geri almaq istəyən şəxsin şəxsiyyət vəsiqəsinin surəti və bank rekvizitləri əlavə olunur.
SUAL- Buraxılış imtahanlarında səhv cavablar doğru cavablara təsir edir?
CAVAB - Xeyr, istər IX , istərsə də XI siniflər üzrə buraxılış imtahanında şagirdin səhv cavabları doğru cavablarının nəticəsinə təsir etmir.
SUAL- Qəbul imtahanının mövzuları hansı kitabların əsasında tərtib olunub?
CAVAB- Tapşırıqlar tərtib olunarkən orta məktəbdə qüvvədə olan dərsliklər əsas götürülür. Dərslikdə olmayan mövzulardan istifadə olunmur. Ədəbiyyat siyahısı və imtahan proqramları 1 nömrəli "Abituriyent" jurnalında dərc olunub.
SUAL-16 yaşı tamam olmuş şagirdlərin buraxılış imtahanı üçün şəkilli şəxsiyyət vəsiqəsi almağı lazımdırmı?
CAVAB- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) da imtahana gətirməlidirlər.
SUAL-Buraxılış imtahanlarına məktəbdə keçirilməyən dərslərdən suallar düşəcək?
CAVAB-Buraxılış imtahanı keçiriləcək vaxta kimi məktəbdə tədris olunmuş mövzulardan suallar salınacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət