Slimfit
  1. ƏDƏBİYYAT

Abbasqulu ağa Bakıxanov - Hikmətin fəziləti

Abbasqulu ağa Bakıxanov - Hikmətin fəziləti
Sakura

Abbasqulu ağa Bakıxanov - Hikmətin fəziləti

Qədim bir kitabda verilmiş xəbər--
İranda bir həkim varmış mötəbər.
Ümidi yox ikən onun sabaha,
Belə bir sifariş göndərdi şaha:
«Onun üzüyünü böyük hökmdar,
Ən müdrik adama versin yadigar».
Şah bu vəsiyyəti icra edərkən,
Ehtiyat edirdi divanələrdən.
Çünki hər dövlətli, kasıb, hər gəda,
Özünü ən müdrik bilir dünyada.
Nəhayət hamını çağırtdırdı şah,
Onları mətləbdən eylədi agah.
Dedi: Üç suala istərəm cavab,
Kim daha düz desə olsun intixab.-
Əvvəl--ən xeyirli nədir müxtəsər?
Tamahkar olanlar dedilər ki,--zər
Vergi toplayanlar dedilər: xərac!
Tacirlər dedilər: alver və rəvac!
Şah dedi: Uzaqdır bunlar mətləbdən
Orada bir qoca durmuşdu, həmən.
Söylədi: hər şeydən xeyirli--hünər!
Hünərsiz heç bir şey olmaz müyəssər.
Şah qəbul eylədi, soruşdu yenə!
Dünyada hər şeydən yaxşı deyin, nə?
Yüksəldi müxtəlif səslər saraydan:
Şahın razılığı... şadlıq... firavan,
Yenə də o qoca dedi bu sözü:
Hər şeydən yaxşıdır, yaxşılıq özü
Çünki yaxşı sifət olarsa səndə,
Afərin söyləyər dost da, düşmən də,
Şah dedi: Ən lazım nədir insana?
Yenə də çox fikir çıxdı meydana.
Şah isə qocaya edirdi diqqət,
Dedi: Ən lazımlı şeydir--həqiqət.
Həqiqət olmasa, olmaz intizam,
Dünya həqiqətlə dolanır müdam.
Şah qalxıb qocaya eylədi təzim,
Üzüyü hörmətlə eylədi təqdim.
Əmr etdi saraydan getməsin bir an,
Ki, alsın hər işdə məsləhət ondan.
Nəhayət oldu o şahın vəziri,
Ölkəni düzəltdi onun tədbiri.
Nə yaxşı olardı hər ölkədə ah,
Olaydı belə bir vəzir ilə şah.
Ey Qüdsi, hikmətdən varsa xəbərin,
Yaxşı adamlarda olsun nəzərin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR