Slimfit
  1. ƏDƏBİYYAT

Abbasqulu ağa Bakıxanov - Firəng məclisi (II hissə)

Abbasqulu ağa Bakıxanov - Firəng məclisi (II hissə)
Sakura

Abbasqulu ağa Bakıxanov - Firəng məclisi (II hissə)

Nədir bu afətdə bəs belə qəribə hallar?
Gah qıyqacı baxmaqla alır mənim canımı,
Gah etinasız qalıb tökür ürək qanımı.
Gah öz şirin sözüylə ümid verir, şad edir,
Gah ülfətdən çəkilib ümidi bərbad edir,
Əgər məni sevirsə, evə çağırmır nədən,
Görmürmü sevdasında məhv oluram belə mən?
Zahirdə söhbətilə vədə edir səadət,
Sonra da üz çevirir, gözəldə bu nə adət?
Gah deyirdim: «Səbr elə, məna var hər nəzərdə,
Bica deyil bu işvə, bu dərmandır hər dərdə.
Səbəbsiz olmaz onun etdiyi hər bir əməl,
Belə şikayətləri öz bəxtindən etmə gəl!
Evə dəvət etməyir, axı onun əri var,
Bəlkə qorxur ərindən bu sevimli gülüzar?!»
Əqlim mənim hissimə verirdi min nəsihət,
Dedim özüm özümə: «bəsdir belə şikayət».
Rəqsə dəvət eylədim cəsarətlə nagahan,
Qəbul edib önümdə hazır dayandı canan.
Yenə tutub belindən, sıxdım özümə sarı,
Dolandırdım həvəslə otaqda o nigarı.
Zənni çaşdırmaq üçün sonra da mən bir qədər,
Oynadım başqasıyla ki, çəkilsin bədnəzər.
Gecə yarı olanda məclis dağıldı birdən,
Hərəmiz bir tərəfə yola düşdük o yerdən.
Bu gecədən sonra mən tapmadım daha fürsət,
Ki, onunla yenə də görüşüb edim söhbət.
Çox zaman dolandım ki, ona tanış evlərdə,
Bəlkə təsadüf edim, yarla görüşüm bir də.
Küçələri dolandım, gəzdim bir-bir evləri,
Kölgə kimi ardına düşüb oldum sərsəri.
Qaldım işdən avara, dolandım divanə tək,
Daim boşa gedirdi sərf etdiyim hər əmək.
Axır bir gün eşitdim xəstədir o məhliqa,
Məclislərə gəlməyə imkanı yoxdur daha.
Belə dəhşətli xəbər çatınca sevgilimdən,
Səssiz yanan şam kimi şölə qalxdı dilimdən.
Ah çəkdim, nalə etdim oda düşdü şirin can,
Lalə kimi qəlbimə dağ basıldı, ah, aman,
Belə oldu neçə gün, gəzdim başı bəlalı,
Sonra xəbər tutdum ki, yaxşılaşmışdır halı.
Yenə doğdu üzümə günəşi ümidimin,
Yenə vüsal haqqında düşündüm şirin-şirin.
Yenə hara getdimsə xəyalıma o gəldi,
Gözlərimin önündə bir ay kimi yüksəldi.
Onun söhbətlərini salıb tez-tez yada mən
Öz ömrümü verirdim bu sevdada bada mən.
Gətirdikcə nazını, qəmzəsini nəzərə,
Danlayırdım özümü hər saatda min kərə.
Deyirdim ki, ay axmaq, heç yoxunmu səbatın,
Neçin yara sən əsil mətləbini açmadın?!
Filan sözdən sonra sən filan sözü desəydin,
Məramını bilincə razı olardı yəqin.
Söz verdim bir də əgər yar görünsə gözümə,
Bütün istəklərimlə zinət verib sözümə,
Ona açıb deyərəm ürəyimdə nə ki, var.
Heç şeyi gizlətmədən açıq, aydın, aşikar.
Nə edim, eşqin budur öz qaydası, qanunu,
Qədim zamandan bəri, aşiqlər bilir bunu.
Hicrana düşən kimi bülbül kimi dil açar,
Min söz düzəldib yarın ünvanına od saçar.
Lakin vüsal çağında unudar hər sözünü,
Dili tamam tutular itirərək özünü.
Xülasə mən sabahı, gün çıxmadan oyandım,
Gedib yarın evinin ətrafında dolandım.
Gördüm evin divarı, qapısı, pəncərəsi,
Yarın günəş üzündən xəbər verir hərəsi.
Baxırdım hər tərəfə sanki röya içində,
Qəlbim təşvişlə dolu, başım sevda içində.
Birdən gördüm o dilbər gəlib keçdi önümdən,
Elə bil ömrüm keçdi, qocaldım bir anda mən.
Huşum getdi, yerimdə donub qaldım bir qədər,
Sanki röya görürdüm mən özümdən bixəbər.
Arzularım məhv oldu, puç olub getdi xəyal,
Qəlbim gəldi gözümə, dilim donub oldu lal.
O zalım yar deyəsən əhvalımı bilərək,
Gülüb baxdı üzümə, keçib getdi xəyal tək.
Baxışında var idi xoş ümidlər, vədələr,
Gülüşündən yağırdı istehzalar, şübhələr.
Mən biçarə yenə də qaldım vüsalə həsrət,
Öz istək və arzumdan yenə çəkdim xəcalət.
Gah düşündüm baxışı gəl dedi için-için,
Gülüşüsə rədd edib get söylədi, nə üçün?
Yoxsa mən yanılıram, bunlar bir bəşarətdi?
Vüsalinə dəvətçin bəlkə bir işarətdi!?
Gah deyirdim gülüş və baxış ilə o rəna,
Heç yazığı gəlmədi, etdi mənə istehza,
Guya dedi ki, səndən çıxmaz vəfalı aşiq,
Sənin kimi xamlara bu ad deyil müvafiq.
Belə üzlə necə sən mətləb deyib durursan?
Yardan qafil xəyalda min bir aləm qurursan.
İndi bax, belə keçir mənim günüm, əhvalım,
Getdikcə artan qəmlə, de, necə sakit qalım?
İndiyədək arizum, xəyalım bir görüşdü,
O vaxtdan ki, təsadüf bəxtimə belə düşdü.
Gördüm boşdur ümidim, xəyallarım məhaldır,
Bu eşqdə nəsibim sadə bir ehtimaldır.
Halım tamam pozuldu, qalmadı tabü təvan,
Vəslə ümid yox ikən əzir qəlbimi hicran.
Ölüm daha xoş olar belə həyatdan mənə,
Bax məhəbbət oduyla yanan cana, bədənə,
Ölüm də məndən qaçır, boşmuş ümidvarlığım,
Bir vəfasız yolunda məhv oldu bu varlığım».
Sözü bura çatanda hönkür-hönkür ağladı,
Onun bu yazıqlığı ürəyimi dağladı.
Susdu, dili tutuldu, gözləri süzülərək,
Düşüb qaldı duyğusuz divardakı şəkil tək.
Mənə dərin bir kədər üz verdi bu nağıldan,
Kədər nədir başqa bir aləm üz verdi haman.
Düşündüm: «Bu zavallı yazıq cavana bir bax,
Ömrünü sərf eyləmiş mənasız eşqə ancaq.
Sərxoşdur bir şövqilə, qəribədir onda qəm,
Onunçun boş görünür eşqində iki aləm.
O rahatdır yenə də, boş da olsa, eşqi var,
Mən isə avarəyəm, nə məhəbbət, nə də yar.
Nə bir yerdə qərarım tutur, dərdim bihesab,
Nə işim var, nə gücüm, nə də bitir iztirab».
Çox düşündüm daşındım bəlkə mən də birtəhər,
Bir yol tapım ki, məni dərd əzməsin bir qədər.
Çox axtardım ki, bir iş məşğul eləsin məni,
Unudum bəlkə bir az bu qəmi, bu qüssəni.
Özümü unutmağa tapdım bircə çarə var,
Xilas edər bu dərddən məni ancaq eşqi-yar.
Axtardım bir ilqarlı, sədaqətli nigarı,
Bəlkə qəlbim dincələ, baxam bir yara barı.
Dedilər: «Eşq dərmandır hər bir dərdə, anla sən,
Eşqə düşən dünyada qurtarar hər fitnədən».
Düşündüm ki, bu yerdə gözəl pərilər çoxdur,
Onları tapmaqda da heç bir çətinlik yoxdur.
Gözəl dolu küçə, bağ, naz, qəmzəli mehriban,
Baxa-baxa qalırsan hüsnə, camala heyran.
Allah-allah, nə gözəl ruhaçan yerdir bu yer,
Ürəklə göz bu yerdə rahatlanıb dincələr;
Desəm kn, bir gülzardır çiçək açmış burada,
Nisbəti yox, çünki çox təfavüt var arada.
Çünki bahar zamanı çiçəklənər gülüstan,
Bura isə gözəldir hər fəsildə, hər zaman.
Desəm bura müqəddəs, əcaib bütxanədir,
Belə xəta hökmlər yersiz bir əfsanədir.
Bütlər axı durğundur, hərəkətsiz şəkildir,
Bu bütlərsə can verib can almağa qabildir.
Desəm ki, Çin vadisi kimi ruhu çalandır,
Nisbəti yox, çünki bu mənasızdır, yalandır,
Bir tayfadan ibarət deyildir bu xoş diyar,
Bu səfalı ölkədə axı, bir çox tayfa var.
Bu ölkədə yaşar çex, rus, alman, rum, firəngli
Hər birinin paltarı bir çeşidli, bir rəngli.
Xumar gözlü ceyrandır, hərəsi bir nəsildən,
Ovlamaqçın ovçunu gəzirlər üzləri şən.
Yırtıcı vəhşiləri edirlər bir anda ram,
Qan içən aslanları tora salarlar müdam,
Xülasə, çox düşünüb, daşındım mən, nəhayət,
Yüz xəyal, yüz ümidlə tutdum qəlbimdə niyyət.
Ürək narahat oldu yenə etdim ahü vah,
Qəlbim bir Müştəriydi, qarşısında Mehrü Mah.
Hərdəm bir xumar gözlü atırdı sinəmə tir,
Qəlbimin ayağına zülfü olurdu zəncir.
Gah bir gözəl nazilə eşqə işıq saçırdı,
Gəzib niyaz əhlini, ürəyini açırdı.
Bir başqası oxurdu məhəbbət təranəsi,
Eşqi qızışdırırdı onun odlu nəğməsi.
Mən heyrətdə qalmışdım, kimə verim qəlbimi,
Nə edim, sevmək üçün intixab edim kimi?
Yar hesabsız dövrəmdə, mənimsə bir qəlbim var
İşim çoxdur, vaxtım az, indi nə etmək olar?!
Düçar oldu ürəyim bir gözələ nəhayət,
Verdim ona könlümü, dedim tapdım səadət,
Lakin bərk yanılmışdım, az keçməmişdi ki, mən
Anladım hər bir işi onun hərəkətindən.
Ardına düşüb bir çox eşqbaz pəhlivanlar,
O da sevir hər kəsi, yoxdur ona etibar.
Sən demə, mən də onun aşnasından biriyəm,
Vüsal üçün ardına düşüb bir pay dilərəm.
İxtiyarım yoxdur ki, edim ondan şikayət,
Əğyar ilə görüş də onlara olmuş adət.
Mən çox razı qalaram yarım cəfa etməsə,
Lakin eybi yox imiş əhdə vəfa etməsə.
Mən də guya hər kəsə meyl eləsəm yeri var,
Hər ikimiz bu işə verməliydik ixtiyar.
Nə o, nə mən deyilik bir-birinə bivəfa,
Bu bir adi şey imiş saxlasaydıq aşina.
O da gəzir özüyçün, sən də gəzib kef elə,
Ona da belə xoşdur, sənə də xoşdur belə.
Səndən yaxşı tapınca etibarı unudar,
Yaxşısını tapdımı, çıxdı əlindən o yar.
Vəfanı bilən təmiz, pak ürəkli yar hanı?
Ki, ona qurban edim dərdə düşmüş bu canı!
Huri kimi bəzənmiş bu gördüyüm gözəllər,
Yolkəsəndir quldurdu, biri birindən betər.
Bir zavallı bilmədən ürək versə onlara,
Tora düşmüş ov kimi, qəlbinə dəyər yara.
Ov yaxşıdır, səhv etdim, bəzən ov qalar rahət,
Düşdüyü tor içində edər gah istirahət.
Lakin belə pərivəş, şeytan ürəkli dilbər,
Yaxşını da, pisi də bir anda məhv eyləyər.
Onlar eşqi bənzədir mənasız bir həvəsə,
Qarğa ilə bülbülü salırlar bir qəfəsə.
İndi ki, belə oldu qınamayın siz məni,
Nə üçün mən dost tutum həyatıma düşməni?
Nə yaxşıdır qoy mən də eşq, sevda duymadan,
Ürəyimi vermədən hər gün tapım bir canan.
O cavan yazıq idi ümid edib murada,
Hiyləyə aldanaraq ömrünü verdi bada.
Neçin məni onun tək məhv eləsin boş xəyal,
Neçin yarı görəndə, dil tutulsun, olum lal.
Heç olmasa bəlalı, işgəncəli bu anda,
Bir rahatlıq arayım vəfalı bir cananda.
Hanı o dilbər, hanı, eşqimə olsun layiq,
O mənə tam vəfalı, mən də o yarə sadiq?!
Aman, vermə qəlbini o cəfakar dildara,
Ki, əri ola-ola gözləri yar axtara.
Aşna tapan tək yenə onu ata gülərək,
Bir başqa yar axtarıb, qura ona min kələk.
Arxasınca gəzdirə aşiqləri qədərsiz,
Qoya o yazıqları bir-birindən xəbərsiz.
Bu cür gözəl görünən cananda olmaz vəfa,
Onlar səni dərmansız dərdə edər mübtəla.
Bəsdir daha, ey Qüdsi, qurtar bu hekayəti,
Gözəllərdən çox etmə bu qədər şikayəti.
Gətirdim bu misalı bəlkə olsun bir örnək,
Məqsəd burda deyildi eşqə xələl gətirmək.
Eşqə ziyan yetirər, onu salar rövnəqdən,
Əgər hüsnü duymasan bütün təmizliklə sən.
Həqiqət axtarana lazımdır möhkəm dəlil,
Haqqı rədd ya qəbulla anlamaq mümkün deyil.
Yaxşıya da, pisə də bir pərdə çəkilmişdir,
Özgəyə ayıb tutmaq özü də ayıb işdir.
Təsəvvürdə, təftişdə zənn etmə düz yoldasan,
Təkcə sən öz əqlinə arxalanma heç zaman.
Ağılla dərk edirik nöqsan cəhətləri biz,
Nöqsanını dərk edən ağıllıdır şübhəsiz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR