AAYDA Sumqayıta alternativ yolun təmirindən imtina etdi
Yol-nəqliyyat eksperti, hüquqşünas Vamiq Şükürov Bakı-Sumqayıt yolundan Masazır kəndinə, Yeni Bakı və Qurtuluş-93 Yaşayış Komplekslərinə gedən yolun təmir olunması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) göndərdiyi təklifin qəbul edilmədiyini deyib.
Bu barədə Axar.az-a danışan ekspert bildirib ki, sözügedən magistralda yaranmış sıxlığı aradan qaldırmaq üçün belə bir təkliflə çıxış edib, lakin AAYDA-dan ilkin cavab alsa da, qurum sonradan rəsmi məktubunda buna səlahiyyətinin çatmadığını bildirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli saytımıza bildirib ki, Vamiq Şükürovun müraciət etdiyi ərazi AAYDA-nın balansında deyil:
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındakı yollar Bakı şəhərində əsas yollar, küçə və prospektlərdir. Yəni qəsəbədaxili yollar AAYDA-nın balansında deyil. Bakıın 2400 km-lik yolunun 1800 km-i bizim balansımızdadır. Buna baxmayaraq, bu ildən etibarən ölkə başçısının tapşırığına əsasən yerli icra hakimiyyətlərinin təqdimatı əsasında qəsəbədaxili yolların da təmirini həyata keçirməyə başlamışıq.
Konkret olaraq, Xırdalan və Sumqayıt şəhərlərinin yolları, o cümlədən, respublika üzrə digər şəhər, rayon və kənd mərkəzi yolları da AAYDA-nın balansında deyil. Ancaq kəndlərarası, şəhərlərarası, rayonlararası, yerli, respublika və magistral yollar bizim balansımızdadır”.
Anar Nəcəfli qeyd edib ki, Vamiq Şükürovun təmir edilməsi üçün müraciət etdiyi yol yerli icra hakimiyyəti orqanları və ya bələdiyyə tərəfindən təmir edilməlidir:
“Yaxud da prosedur belədir ki, yolla bağlı Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdimat verilir, Nazirlər Kabineti də yolun təmirini bizə tapşırır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət