4-5 yaşlı uşağa enerji içkisi verən valideyn hara baxır?
“Nəinki enerji içkiləri, rəngli, qazlı sular da azyaşlı uşaqların orqanizminə zərərlidir. Adminstrativ qaydalarla bu problemin qarşısını almaq olmaz. Övladlarının sağlamlığını düşünmələri üçün valideynlərə qanun lazımdır?”
Bunu Oxu.Az-a açıqlamasında pediatr Vaqif Qarayev deyib.
O, son vaxtlar azyaşlı uşaqlar arasında enerji içkilərinə qarşı marağın artmasından narahat olduğunu deyib.
“Bu mövzu dəfələrlə müzakirə olunub. Amma aydın olmayan məqamlar çoxdur. Ekspertlər həkimlərin fikirlərinin əksinə olaraq, enerji içkilərinin tərkibindəki kofein miqdarının norma çərçivəsində olduğunu deyirlər. Hətta bunu çayın tərkibindəki kofeinin miqdarı ilə müqayisə edirlər.
Təbii ki, bu müqayisə kökündən yanlışdır. Enerji içkilərinin tərkibində kofein maddəsinin miqdarının norma çərçivəsində olduğuna inanmıram. Elə olsa belə, bu, çayın tərkibindəki kofein miqdarı ilə müqayisə edilməməlidir.
Televiziyalara bu mövzu ilə bağlı həkimlər, ekspertlər dəvət edilir. Amma imkan vermirlər ki, həkimlər çıxışlarında enerji içkilərinin zərərləri ilə bağlı fikirlərini desinlər. Həkim deyir, uşaqlara, hamilə qadınlara enerji içkilərinin qəbulu yolverilməzdir, qarşı tərəf isə deyir ki, qorxusu yoxdur.
Həkim tibbi cəhətdən əsaslandırır ki, bu içkilərin tərkibindəki inqridientlər mərkəzi sinir sistemini, ürək-damar, mədə-bağırsaq sistemlərinə kifayət qədər ziyandır. Kofenin tərkibində kofein var. Diqqət edin, kofe içən zaman ürək döyüntüsü bir qədər artır. Bu normaldır. Amma enerji içkilərinin təsir mexanizmi insan orqanizmində izafi enerji yaradır.
Əslində, bu içkilər orqanizmin öz enerjisini zəiflədir, insanı yorğun, halsız vəziyyətə salır. Bu içkilərin tez-tez qəbul edilməsi isə alüdəçilik yaradır”.
V.Qarayev deyib ki, televiziyalarda enerji içkilərinin reklamı uşaqlarda maraq yaradır:
“Hansı kanala baxırsan “alın”, “için”, “uçun”, “qanadlanın” və s. müxtəlif adda enerji içkilərinin reklamı verilir. Buna baxan uşaqlar təbii ki, onlara meyil edəcək. Buna nəzarət etmək lazımdır.
Ekspertlər və bu içkilərin satışında maraqlı olan şəxslər həkimlərdən fərqli olaraq, təhlükə görmürlər. Hətta bir dəfə bir xanım efirdə həkimin sözünü kəsərək, “mən hamiləlik dövründə enerji içkisi içmişdim, heç bir problem də yaşamamışdım” dedi.
Nə etmək olar? Marketlərdə 4-5 yaşlı uşaqların əlində enerji içkiləri görüb, dəhşətə gəlirəm. Bir valideyn öz uşağının sağlamlığının qeydinə qalmaq istəmirsə, qanun və ya məhdudiyyətlər çıxış yolu deyil.
Valideynə sual verirəm ki, nə üçün uşağa bunu alırsan? Cavab verir ki, “etiraz edə bilmirik”. Uşaqlara nəinki enerji içkiləri, rəngli, qazlı sular belə vermək olmaz. Azyaşlı uşaqlara yalnız və yalnız su vermək lazımdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət