Slimfit
  1. AZƏRBAYCANLI

3 yaşınadək gözü görməyən, bir vaxtlar nazir olan xalq artisti

3 yaşınadək gözü görməyən, bir vaxtlar nazir olan xalq artisti
Sakura

3 yaşınadək gözü görməyən, bir vaxtlar nazir olan xalq artisti

Bu gün görkəmli bəstəkar, SSRİ xalq artisti Rauf Hacıyevin doğum günüdür. Ölməz musiqi əsərlərinin müəllifi olan Hacıyev yaşasaydı, 97 yaşını qeyd edəcəkdi.
Onun yaxın dostu, bir zamanlar yaratdığı Azərbaycan Dövlət Estrada Orkestrinin solisti olan saksafon ifaçısı Rafiq Seyidzadə tanınmış bəstəkar barədə xatirələrini Azvision.az-la bölüşüb.

- Rafiq bəy, istəyərdim ki, Rauf Hacıyevlə ilk tanışlığınızdan danışasınız... 

- 1959-cu ildə mən "Drujba" restoranında cazmen kimi çalışırdım. Bakıda "Drujba" o vaxtlar yeganə restoran idi ki, ən mahir, professional cazmenlər orada işləyirdilər. Günlərin birində Rauf Hacıyev ora gəlib istirahət edən zaman məni gördü və çox bəyəndi. O dövrdə onun Azərbaycan Dövlət Estrada Orkestri var idi. Orkestr dünyanın bütün ölkələrində qastrol səfərlərində olurdu və ora yeni musiqiçilər dəvət edirdilər. Bir müddət sonra orkestrin direktoru gəldi ki, Rauf Hacıyev sizi onunla çalışmağa dəvət edir. Bu, mənim üçün böyük şərəf idi. Rauf perspektivli, gənc Azərbaycan bəstəkarlarından biri idi. Beləliklə, 1960-cı ilin axırında orkestrdə çalışmağa başladım. 15 il orada işlədim. Raufla tanışlığımız belə başladı. 

Orkestrin bir xüsusiyyəti var idi ki, onun fəaliyyəti 9 ay Bakıdan kənarda davam edirdi. Həmişə qastrol səfərlərində olardıq. Hətta mənim həyat yoldaşım Natəvan Şeyxova ilə tanışlığımız da bu orkestrdə olub. 1966-ci ildə direktorumuz dedi ki, orkestrə təzə ifaçı götürürük, Natəvan xanım sabah gələcək. O gündən biz münasibətimizi qurduq.
 - Rauf Hacıyev sizin yadınızda necə qalıb? 

- Olduqca gözəl insan, mətin adam, sözünün üstündə duran dost idi. Saksafonda yaxşı ifa edirdim deyə, həmişə mənimlə fəxr edirdi və bəstəkarların arasında tərifləyirdi. Mənim üçün solo yazırdı, sənətimdə inkişaf etməyə kömək edirdi. Olduqca səxavətli insan idi. Yadıma gəlir, 1961-ci ilin mart ayında biz Daşkəndə qastrola getmişdik. Martın 3-də mənim ad günüm idi. Biz bir ay onların mötəbər teatrında hər gün konsert verdik. Elə oldu ki, ay tamam olandan sonra 20 gün də qastrol səfərinin müddətini uzatdılar. Orada zabitlər evi var idi, şəhərin mərkəzində hər gün konsertdə olduq. Millət dolu idi, konsertə bilet tapılmırdı. Oktay Ağayev, Qaya kvarteti, Elmira Rəhimova da bizimlə idi. Rauf bəy doğum günümü oteldə, öz otağında qeyd etdi. Unudulmaz günlər idi. 
 
- Rauf Hacıyevin ailəsi ilə əlaqəniz varmı, hazırda haradadırlar? 

- Onun gözəl ailəsi var idi. Xanımı çox nəzakətlə bizi qarşılayırdı, xoş münasibət göstərirdi. İki qızı, bir oğlu var. Bir qızı Bakıdadır. Bir nəvəsi saksafonda çalır. Dövlət teleradiosunun orkestrində çalışır. Bir qızı isə Finlandiyada yaşayır. Oğlu isəTürkiyədə rejissor işləyir. Çox sanballı ailəsi var idi. 

- Bildiyimiz kimi, Rauf Hacıyev 1966-ci ildə mədəniyyət naziri kimi çalışıb. Bəs nazir kimi necə yadınızda qalıb ? 

- Sərt insan idi. Sözünün dalında duran, kişi kimi adam idi. Ancaq belə adamlarla işləmək çətindir. Buna görə də fitnəkarlıq etdilər, o da nazirlikdən getdi. 1961-ci ildə biz Moskvada qastrol səfərlərində olanda Eddi Rozner məni öz orkestrinə işləməyə dəvət etdi. Rauf bunu eşitdi, məni qaldığı otelə çağırdı. Söhbət etdi, dedi ki, "Kəbleyi, eşitmişəm Moskvada qalmaq istəyirsən". Dedim, dəvət ediblər, geniş fəaliyyət göstərmək istəyirəm. Evlənib qalacaqdım. Dedi, orkestrdən getmə, mən nazir olacağam, sən isə flarmoniyanın direktoru. O dövrdə flarmoniyanın direktoru Tofiq Quliyev idi. Ağlıma da gəlməzdi ki, flarmoniyanın direktoru ola bilərəm. Hətta ondan incidim ki, məni orkestrdə saxlamaq üçün dilə tutur. Beləliklə, 1966-cı ildə nazir oldu. Mən isə hələ də orkestrdə çalışırdım. 1970-cı ildə həm orkestrin solisti, həm də direktoru idim. 1975-cı ildə orkestr ləğv olundu, saxlaya bilmədik. Mən də 1986-cı ildə flarmoniyanın direktoru oldum. Mənə hələ də maraqlıdır ki, o, əvvəlcədən haradan bilirdi ki, birimiz nazir, birimiz də direktor olacağıq. 

Onunla bağlı maraqlı faktlardan biri də odur ki, 3 yaşına qədər görməyib. 3 yaşından sonra gözləri açılıb. Deyirdi, dünyanı hislərimlə duyurdum. Qeyri-adi gözləri var idi. Xüsusi bir insan kimi doğulmuşdu. Onu Həsən bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb. 
- Onunla bağlı ən maraqlı xatirələrinizdən birini bizimlə bölüşə bilərsiniz, hansı ki, hələ də unudua bilmirsiniz. 

- Çox ciddi adam idi. Məşq gedən zaman bir adamın cınqıltısı çıxa bilməzdi. Bir dəfə müğənni Oqtay Ağayevi elə pərt etdi ki. Oqtay səhnədə məşq zamanı kiminləsə söhbət edirdi, onu səhnədən qovdu. Bir dəfə də konsertdən sonra yeyib-içmək istəyirdik. Gecə gedib yemək-içmək aldıq, Rauf bəy 40 manat pul xərclədi. 25 manat cibinə qoydum ki, şərik olaq. Dedi, bu nə işdir görürsən? Pulu özümə qaytardı. Ona kiçik qardaş kimi idim. SSRi məkanında onun “Sevgilim” mahnısı Rəşid Behbudovun ifasında hər yanda səslənirdi. Olduqca məşhur insan idi. SSRİ mədəniyyət naziri Furtsova onun xətrini çox istəyirdi. 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR