Slimfit
  1. CƏMİYYƏT

3 iyul - Beynəlxalq Plastik Paketlərdən Azadolma Günüdür

3 iyul - Beynəlxalq Plastik Paketlərdən Azadolma Günüdür
Sakura

3 iyul - Beynəlxalq Plastik Paketlərdən Azadolma Günüdür

3 iyul - Beynəlxalq Plastik Paketlərdən Azadolma Günüdür. Bu gün ən çox istifadə edilən daşıma vasitəsinin – plastik paketlərin yaratdığı real və vacib problemlər haqqında maarifləndirmənin gücləndirilməsinə həsr olunub. Hər il iyulun 3-ü atılan hər bir plastik paketin insan və gələcək nəsillər üçün təhlükə mənbəyi olduğunu xatırlatmaq üçün qeyd edilir.

AZƏRTAC xəbər verir ki, dünyada hər il bir trilyonadək plastik paketdən istifadə olunur. Aparılan araşdırmalara görə, plastik paketlər insanlar tərəfindən alındıqdan sonra orta hesabla 25 dəqiqə müddətində istifadə olunur və atılır. Həmin paketlər dənizdə 400-500 ilədək, quruda 800 il çürümədən qala bilir və ətraf mühitə ciddi təsir göstərirlər. Hətta okeanların dərinliklərində belə plastik kütlələrdən ibarət “tullantı qayaları” əmələ gəlib.

Hazırda bir çox inkişaf etmiş ölkələrdə plastik qablaşdırıcılardan istifadənin azaldılması istiqamətində müvafiq qanunvericilik bazası yaradılır, onların toplanması və təkrar emalı sistemi təkmilləşdirilir. Avropa ölkələrinin bir çoxunda əsas tədbir kimi plastik paketlərin ödənişli olması və ya onlara ekoloji vergi tətbiqi kimi üsullardan istifadə edilir. Bununla yanaşı, dəfələrlə istifadə oluna bilən parça torbalardan, bakteriyaların və ya digər canlı orqanizmlərin parçalaya biləcəyi paketlərdən istifadənin təşviqi də görülən tədbirlər sırasındadır.

Region ölkələrində də plastik tullantıların azaldılması məqsədilə son illərdə bir sıra tədbirlər görülüb. Türkiyədə ilkin mərhələdə bütün satış nöqtələrində qalınlığı 15-50 mikron olan plastik paketlərin istifadəçilərə və ya istehlakçılara pulsuz verilməsi qadağan olunub. Gürcüstanda qalınlığı 15 mikrondan az olan plastik paketlərin idxalı, istehsalı və satışı qadağan edilib, istehsalçılara istehsal etdikləri paketlərin üzərinə şirkətin işarəsini və adını qeyd etmək tələbi qoyulub.

Çində isə 2008-ci ilin iyunun 1-dən qalınlığı 0,025 millimetrdən az olan polietilen paketlərin istehsalı, satışı və istifadəsi qadağan edilib.

Dubayın “DubaiAirports” şirkəti tərəfindən idarə edilən iki aparıcı beynəlxalq aeroportu 2020-ci il yanvarın 1-dən öz terminallarının ərazisində birdəfəlik plastik qablardan istifadəni tamamilə qadağan edəcəklər.

Yaponiyada gələn ilin aprelindən başlayaraq pərakəndə satış müəssisələrində alıcılara plastik paketlərin ödənişsiz verilməsi ləğv ediləcək.

Ümumilikdə isə, 40 ölkədə plastik məhsulların istifadəsi məhdudlaşdırılıb. Bəzi ölkələrdə hətta turistlərin polietilen məhsullarla gəlməsinə belə icazə verilmir.

Bir sıra ölkələrdə plastik qablaşdırma tullantılarının 60-70 faizi təkrar emal edilir.

Prezident İlham Əliyev 2019-cu il fevralın 7-də “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tədbirlər Planına uyğun olaraq digər aidiyyəti qurumlarla birgə işlər görür. Monitorinq və Qiymətləndirmə qurumu tərəfindən Təfsilatı Tədbirlər Planı hazırlanıb və nazirliyin əmri ilə təsdiq olunub. Həmin Tədbirlər Planında hər tədbir üzrə konkret hansı fəaliyyətlərin olacağı öz əksini tapıb. Özəl sektorun təmsilçiləri, istehsal şirkətləri ilə görüşlər keçirilir, alternativ qablaşdırıcıların istehsalının genişləndirilməsi məsələləri müzakirə olunur.

Hazırda nazirlik bu istiqamətdə maarifləndirmə tədbirləri də həyata keçirir.

Həmçinin ötən ildən başlayaraq nazirlik öz təşəbbüsü ilə ilk olaraq Bakı, Sumqayıt və Gəncədə plastik qabların toplanması üçün xüsusi konteynerlər quraşdırıb. Sonra digər istehsalçılar, iri sahibkarlar, özəl şirkətlər, mənzil kommunal təsərrüfat birlikləri, yerli idarəetmə orqanları da bu təşəbbüsə qoşulublar. Hazırda bu məqsədlə 37 şəhər və rayondakı müxtəlif parklarda, insanların çox olduğu yerlərdə 200-dən çox konteyner yerləşdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR