Slimfit
  1. AZƏRBAYCAN

28 May – Respublika Günü Küveytdə qeyd edilib

28 May – Respublika Günü Küveytdə qeyd edilib
Sakura

28 May – Respublika Günü Küveytdə qeyd edilib

 

Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən 28 May – Respublika Günü və ölkəmizin diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə təntənəli rəsmi qəbul keçirilib. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

Qəbulda əsas qonaq qismində Küveytin iqtisadi məsələlər üzrə dövlət naziri xanım Məryam əl-Aqil, həmçinin bu ölkənin dövlət və hökumət nümayəndələri, hakim ailənin nüfuzlu üzvləri, deputatlar, Xarici İşlər Nazirliyinin əməkdaşları, tanınmış ictimai-siyasi xadimlər, burada akkreditə olunmuş diplomatik və beynəlxalq nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Cəmiyyəti”nin, türk icmasının üzvləri və aparıcı kütləvi-informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra, səfir Elxan Qəhrəman çıxış edərək 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində yaradılmış ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən söhbət açıb. Diplomat Cümhuriyyətin yaradılmasının Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olduğunu, 28 may tarixinin hər il Respublika Günü kimi təntənəli şəkildə qeyd edildiyini bildirib. E.Qəhrəman Azərbaycan tarixində ilk parlament respublikası olan Xalq Cümhuriyyətinin, həmçinin bütün Şərqdə, о cümlədən türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olduğunu diqqətə çatdırıb. Bildirib ki, Cümhuriyyət uzun ömür sürməsə də, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadir olduğunu sübut edib.

Səfir, həmçinin Azərbaycanın 1991-ci ildə yenidən müstəqilliyini bərpa etməsindən sonra əldə olunmuş uğurlar, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyev şəxsiyyətinin misilsiz xidmətləri və onun yaratdığı məktəbin etibarlı davamçısı Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət, ölkə rəhbərliyi tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar haqqında geniş məlumat verib.

O, son illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, idman yarışları, respublikamızda siyasi, iqtisadi, mədəni, turizm sahələrində müşahidə olunan sürətli inkişaf, habelə ölkəmizin taleyüklü problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Səfir BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin hələ də yerinə yetirilmədiyini qeyd edib, Küveytin münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayıb. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Parlamentinin erməni təcavüzünü qınayaraq, erməni qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələr qəbul etdiyini də diqqətə çatdırıb.

Sonra səfir cari ildə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd edildiyini, 1919-cu ildə Azərbaycan diplomatiyasının ilk addımlar atdıqdan sonra ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukrayna da daxil olmaqla, 16 ölkənin diplomatik nümayəndəliyinin Bakıda fəaliyyət göstərdiyini deyib. Vurğulayıb ki, 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair qəbul olunmuş müvəqqəti təlimat əsas götürülərək, 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev 9 iyul tarixinin Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilməsi barədə Sərəncam imzalayıb. O, Azərbaycanın xarici siyasət sahəsində böyük uğurlar əldə etdiyini, ölkəmizin xarici siyasətinin regionda və dünyada mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq ruhuna malik olduğunu diqqətə çatdırıb.

Səfir cari ildə Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu bildirib, 1994-cü il oktyabrın 10-da ölkələrimiz arasında diplomatik əlaqələrin qurulması haqqında protokolun imzalandığını xatırladıb. Bildirib ki, hazırda Azərbaycan ilə Küveyt arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri uğurla inkişaf edir, dövlət rəsmiləri və işgüzar dairələrin nümayəndələri qarşılıqlı səfər mübadilələri həyata keçirirlər. E.Qəhrəman 2018-ci ilin ikitərəfli səfərlər baxımından çox əhəmiyyətli olduğunu qeyd edərək, ötən il Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illiyi ilə bağlı Milli Məclisdə keçirilmiş təntənəli iclasda iştirak etmək məqsədilə Küveyt Millət Məclisinin (Parlament) Sədri cənab Mərzuq Əl-Gənimin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda səfərdə olduğunu, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Küveytə səfər etdiyini diqqətə çatdırıb.

Bundan başqa səfir E.Qəhrəman yerli kütləvi informasiya vasitələrinə də müsahibə verib.

İqtisadi məsələlər üzrə dövlət naziri Məryam əl-Aqil KİV-lərə müsahibəsində 28 may – Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Küveyt Dövlətinin Baş naziri və bütün hökumət üzvləri adından ölkəmizi və Azərbaycanın Xarici İşlər Nazirliyi sistemində və diplomatik nümayəndəliklərində çalışan bütün əməkdaşlarını təbrik edib. O, Azərbaycana daim sülh və əmin-amanlıq arzu edib. Ölkəmizin qədim tarixə və zəngin mədəniyyətə sahib olduğunu, son illərdə Azərbaycan ilə Küveyt arasında bir çox sahələrdə əlaqələrin inkişaf etməsindən məmnun olduqlarını bildirib.

Tədbirin keçirildiyi zalda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, dövlət quruculuğunu, dövlət rəmzlərini əks etdirən foto və videomateriallar nümayiş olunub. Həmçinin ölkəmizin mədəniyyəti, turizm imkanları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab, buklet və broşürlər, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş loqo, eləcə də respublikamızın yeni milli turizm brendinin loqosu, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, səfalı turizm güşələri barədə ərəb və ingilis dillərində videoçarxlar nümayiş etdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR