Slimfit
  1. AZƏRBAYCAN

21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr edilmiş tədbir keçirilib

21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr edilmiş tədbir keçirilib
Sakura

21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr edilmiş tədbir keçirilib

Sentyabrın 21-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) KİV nümayəndələri və tibbi personalın iştirakı ilə Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbir keçirilib.

İSİM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu tibb müəssisəsinin direktoru Qəhrəman Haqverdiyev hər il dünyada, o cümlədən Azərbaycanda qeyd olunan sülh gününün məqsəd və vəzifələri haqqında məlumat verib, əhalinin müxtəlif qrupları arasında sülh və dözümlülük mədəniyyətinin təbliğinin vacib məsələ olduğunu vurğulayıb.

İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Laura Quliyeva çıxış edərək bildirdi ki, 21 sentyabr nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. O, sülh mövzusunun bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

İSİM-in səhiyyə siyasəti və islahatlar şöbəsinin rəhbəri Şəhla Mirzəzadə “Həkim deontologiyası və etik davranışlar” mövzusunda geniş təqdimatla çıxış edərək, həkimlərin gündəlik əmək fəaliyyətlərində riayət etmələri vacib olan davranışları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Respublikasında insan hüquqları və sağlamlıq hüquqlarının qanunla tənzimləndiyini vurğulayan Ş.Mirzəzadə bildirib ki, həkimlərin tibbi etik davranışlara riayət etməsi xəstəliklərlə mübarizədə, eyni zamanda, cəmiyyətdə sağlam atmosferin yaranmasında əhəmiyyətli rol oynayır.

“Cəmiyyətdə zorakılıq hallarının azalmasında mətbuatın rolu” adlı geniş təqdimatla çıxış edən İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Nərmin Əliyeva mətbuat nümayəndələrini bu qəbildən olan xəbərlərə həssaslıqla və ehtiyatla yanaşmağa səsləyib. O, dünya mətbuatında və Azərbaycan mediasında yayılan zorakılıq xəbərlərinin təhlilini apararaq bildirib ki, birbaşa olmasa da, dolayı yolla bu kimi məlumatlar da bəzən cəmiyyətə zorakılığı təlqin edir: “Müasir dövrdə ictimai fikrin formalaşması və ifadə olunmasına təsir edən mühüm vasitə kimi KİV-lərin cəmiyyət həyatında rolu və əhəmiyyəti yüksəkdir. Buna görə də KİV-lər məlumatları təhlil edərək cəmiyyətə çatdırmalı, düzgün sosial təbliğatla məşğul olmalıdır”.

Tədbirin yekununda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb, maraqlı təkliflər dinlənildi və iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib. Yer üzündə atəş və zorakılıqdan qlobal imtina günü kimi qeyd edilən bu bayram ənənəvi olaraq BMT-nin Nyu-Yorkdakı qərargahında “Sülh zəngi”nin çalınması ilə başlayır. Bu il–2018-ci il Beynəlxalq Sülh Gününün devizi “Sülh hüququ: Dünya insan hüquqları bəyannaməsinin 70 illiyi”dir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR