2019 - Azərbaycan vətəndaşı üçün tam fərqli bir il!
2019-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən islahatlar yeni dövrün tәlәblәri sәviyyәsindә davam etdirildi, verilən vədlər әmәli işlərlə tamamlandı, insanlara yüksәk qayğı prinsipinә әsaslanan sosialyönümlu siyasәt strategiyasına yeni çalarlar əlavə olundu.
Bunu Trend-ə sosial məsələlər üzrə ekspert Elman Babayev deyib.
E.Babayev bildirib ki, bu il Azərbaycanın bütün sahələrdə inkişafı təmin olundu, ölkəmizin davamlı və hərtərəfli inkişaf strategiyası müasir çağırışlara adekvat şəkildə, praqmatik yanaşmalar əsasında daha da təkmilləşdirildi:
“Sürətli islahatlar, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirilməsi ölkəmizin dünyada öncül mövqelərə sahib olmasına gətirib çıxardı.
Prezidentin müasir yanaşmalara əsaslanan mükəmməl islahatlar konsepsiyası nəticəsində Azərbaycanının inkişaf etmiş dövlətlər sırasında yer alması nüfuzlu təşkilatların hesabatlarında vurğulandı. Belə ki, 2019-cu ildə Azərbaycanın nüfuzlu Dünya Bankının “Doing Business” hesabatında 20 ən islahatçı ölkədən biri elan olunması görülən işlərə verilən ən yüksək beynəlxalq qiymətdir.
Adıçəkilən hesabata əsasən, Azərbaycan 141 ölkə arasında mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə 18-ci, polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə 30-cu, mülkiyyət hüquqlarının qorunması sahəsində 37-ci, hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə dünya miqyasında 10-cu, rəhbərliyin dəyişikliklərə, yəni islahatlara meyillilik səviyyəsinə görə 5-ci, nəqliyyat infrastrukturuna görə 31-ci, yol infrastrukturuna görə 27-ci (MDB məkanında birinci), dəmir yollarının səviyyəsinə görə 34-cü, nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci, elektrik enerjisinin əlçatanlıq əmsalına görə 2-ci, fəal əhalinin rəqəmsal qabiliyyətinə görə 19-cu, biznesi başlamaq baxımından 8-ci yerdədir.
Beləliklə, başa vurmaqda olduğumuz ildə bütün sahələrdə yeniliklərə imza atılıb. Baş verən inkişaf fonunda aztәminatlı tәbәqәnin maraqları mütlәq şəkildə nәzәrә alındı vә ölkәmizin daha da inkişafı üçün atılan hәr bir addımın bu tәbәqәnin maraqlarına vura bilәcәyi ən xırda ziyan belә, tәxirәsalınmaz sosial müdafiә tәdbirlәri hesabına kompensasiya olundu”.
Ekspert vurğulayıb ki, ötən ilin yekunlarından bəhs edərkən Prezident İlham Əliyevin həllini gözləyən bir sıra sosial problemlərin həllinə yönəlik addımları xüsusi vurğulanmalıdır:
“İqtisadi sahədə aparılan islahatlar nəticəsində əldə olunan gəlirlərin əhalinin sosial rifahına yönəldiləcəyi vədinə sadiqliyini nümayiş etdirən Prezident bu istiqamətdə çoxsaylı fərman və sərəncamlara imza atıb. Formalaşan yeni və əlavə maliyyə resursları 2019-cu ildə Prezident İlham Əliyevin siyasi iradəsi ilə bilavasitə vətəndaşların sosial müdafiəsinə sərf olunub”.
E.Babayev əlavə edib ki, cari ildə elə bir sahə olmayıb ki, dövlətin sosial siyasətindən kənarda qalsın:
"İlin əvvəlində şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı məsələ tam həllini tapıb, onlara verilən Prezident təqaüdləri artırılıb. İllərdir müzakirə mövzusu olan digər məsələ - problemli kreditlər vətəndaşların xeyrinə həll edilib və Azərbaycan bu sahədə ortaya qoyduğu yeni yanaşma ilə nümunə rolunu oynayıb.
2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsi genişlənib. Maaşların, pensiyaların, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin artırılması kompleks şəkildə öz həllini tapıb. Müavinətlər orta hesabla 100 faiz, yaxud da 2 dəfə, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 2 dəfə artırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir. İmzalanan sənədlər əhalinin həssas təbəqəsi ilə yanaşı, digər sahələrdə çalışan vətəndaşları da əhatə edib. Ümumilikdə, bu il 2,3 milyard manat maliyyə yükü ilə 4 milyon 200 mindən çox Azərbaycan vətəndaşı - əhalinin təxminən 40 faizdən çoxu böyük sosial paketlə əhatə olunub.
Məcburi köçkünlərə, şəhid ailələrinə, müharibə əlillərinə illərdir dövlət tərəfindən pulsuz verilən evlərin sayı 2019-cu ildə daha da artırılıb. Təkcə məcburi köçkünlər üçün bu il 5 mindən çox ev və mənzil inşa edilib, 800-ə yaxın şəhid ailəsi, müharibə əlili evlərlə təmin olunub. Ümumilikdə, indiyə qədər 300 mindən çox məcburi köçkünə, 7 mindən çox şəhid ailəsinə və müharibə əlilinə dövlət tərəfindən mənzillər təqdim edilib, təqribən 6 mindən çox müharibə əlilinə maşınlar verilib".
Ekspert bildirib ki, bütün bunlar onun fonunda baş verib ki, dünya bazarlarında neftin qiyməti aşağı səviyyədə qalıb, Azərbaycanın əsas gəlir mənbəyi olan neftin dəyəri qalxmayıb, amma belə bir şəraitdə Azərbaycan hakimiyyəti heç bir sosial layihəni ixtisar etməyib, əksinə, sosial sahədə indiyə qədər baş verməyən ciddi artımlara imza atıb:
“Bu, Prezident İlham Əliyevin düşünülmüş siyasətinin real nəticəsi idi. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə elə bir inkişaf səviyyəsinə gəlib çatıb ki, neft amili olmadan da inkişaf etmək gücündədir. İl ərzində nə işsizliyin, nə yoxsulluğun artmasına, nə də inflyasiyanın yüksəlməsinə imkan verilmədi.
Rəqəmlərə istinad etsək, bu il ümumi iqtisadi artım 2 faiz, qeyri-neft iqtisadiyyatımız təqribən 3,5 faiz artıb. Qeyri-neft sənaye sahəsində təxminən 14 faiz, kənd təsərrüfatında 7 faizdən çox artım baş verib. İnflyasiya 11 ayda təqribən 2,6 faiz olub. Azərbaycanın xarici borcu aşağı düşüb, ümumi daxili məhsulun 17 faizini təşkil edir və bu, dünyada 9-cu göstəricidir. Adambaşına düşən valyuta ehtiyatlarımızın həcminə görə MDB-də birinci yerdəyik. Bu il valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bütövlükdə isə ilin sonuna qədər Azərbaycanın valyuta ehtiyatları rekord həddə - 50 milyard dollara çatıb.
Sadalanan faktlar bir daha isbat edir ki, Azərbaycanda iqtisadi dividendlərin vətəndaşın rifahına yönəldilməsi, cəmiyyətin tərəqqisində bütün fərdlərin sosial-iqtisadi mənafelərinin bərabər təminatına nail olunması prinsiplərinə söykənən inkişaf strategiyası mükəmməl əsaslar üzərində bərqərar olub.
Azərbaycanda son dövrlərdə başladılan yeni islahatlar öz müsbət nəticələrini verməkdədir. Əldə olunan nəticələr və əhalinin məmnunluğu növbəti ildə də islahatların davamlı olmasına və bu islahatlardan doğan, sosial rifaha yönələn yeni qərarların verilməsinə imkan yaradacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət