Slimfit
  1. AZƏRBAYCAN

20 Yanvar hadisələrinə görə Rusiya məsuliyyət daşıyırmı?

20 Yanvar hadisələrinə görə Rusiya məsuliyyət daşıyırmı?
Sakura

20 Yanvar hadisələrinə görə Rusiya məsuliyyət daşıyırmı?

1990-cı il yanvarın 20-də Sovet rejiminə qarşı müxalif hərəkatların gücləndiyi Azərbaycan paytaxtına əsgəri qüvvə yeridildi.

Mərkəzi hakimiyyət öz addımlarına haqq qazandıraraq bildirirdi ki, Bakıya göndərilən hərbçilər erməni əhalisinə qarşı zorakılığa son qoyacaq, sabitliyi bərpa edəcək.

Lakin artıq bir çox insan bunlara inanmırdı. Onlar əmin idilər ki, bu, öz süqutuna doğru irəliləyən kommunist hakimiyyətini qorumaq cəhdindən başqa bir şey deyil.

Hadisələrdən sonra keçirilən rəsmi araşdırmaya əsasən, qoşunların Bakıya yeridilməsi nəticəsində ən azı 130 nəfər həlak oldu. Yüzlərlə insan xəsarət aldı, itkin düşənlər var idi. Qeyri-rəsmi rəqəmlərə görə, ölən və zərərçəkənlərin sayı daha yüksək olub.

Milli Məclis Bakıya qoşun yeridilməsini "totalitar kommunist rejimi"nin Azərbaycan xalqına qarşı törətdiyi "hərbi təcavüzü və cinayəti" adlandırıb.

Bəs görəsən, bu, ittiham kommunist SSRİ-ni əvəzləyən Rusiyaya da aiddirmi və bu hadisəyə görə Rusiya zərərçəkənlərə kompensasiya ödəməlidirmi?
Tarixçi Altay Göyüşova əsasən yanvar hadisələri Sovet ordusu tərəfindən törədilsə də, Rusiya beynəlxalq aləmdə leqal olaraq SSRİ-nin varisidir və bu mənada sözsüz ki, Rusiya məsuliyyət daşıyır.

Leqal prosedura müdaxilə

"Bunu bəzən mərkəzi hakimiyyətin separatizmə adekvat reaksiyası kimi də qiymətləndirirlər. Amma unutmaq olmaz ki, Azərbaycan öz xoşu ilə SSRİ tərkibinə qatılmayıb. Sovet Rusiyası Azərbaycanı işğal edib. Amma hətta SSRİ konstitusiyasında da Azərbaycanın SSRİ-dən ayrılmaq hüququ olub", Altay Göyüşov deyir.

"Əslində 1990-un yanvarında ordunun yeridilməsi Azərbaycan SSR Ali Sovetinin 1989-cu ilin sentyabrında qəbul etdiyi suverenlik haqqında qərara cavab idi. Yəni leqal prosedur başlayırdı, Sovet ordusu isə qoşun yeritməklə bu leqal prosedurun qarşısını aldı", o əlavə edir.

Altay Göyüşov 30 il əvvəl Bakıya ordunun yeridilməsini "leqal prosesə" müdaxilə adlandırır.

Həmin dövrə aid başqa təhlillərə əsasən, 1990-cı ilin əvvəlində müxalifət olduqca güclü idi və mart ayında Ali Sovetə keçiriləcək seçkilərdə Əbdürrəhman Vəzirovun başçılıq etdiyi Kommunist Partiyası məğlub ola bilərdi. Belə hesab olunur ki, ordunun yeridilməsi ilə hakimiyyət üzərində nəzarət bərpa olunmalı idi.

Lakin daha sonra baş verən hadisələr nəticəsində SSRİ-nin özü bir dövlət olaraq xəritə üzərindən yoxa çıxdı və onun yerində 15 müstəqil ölkə yarandı. 1991-ci ildə Rusiya özünü SSRİ-nin varisi elan etdi.

Belədirsə, o 20 yanvarda zərərçəkənlərə kompensasiya ödəməlidirmi?

"Əgər Rusiya Sovet hökumətinin varisidirsə, bu məsuliyyəti qəbul etməli və həlak olanların ailələrinə, o vaxt yaralananlara kompensasiya da ödəməlidir", - Altay Göyüşov deyir.

Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Elmi işlər üzrə direktor müavini də bu suala müsbət cavab verir.

"Şübhəsiz ki, varislik hüququna görə, beynəlxalq hüquqda təsbit olunmuş normalara görə, SSRİ-nin varisi olan Rusiya 20 yanvar hadisələrinə görə tam məsuliyyət daşıyır", - Cəbi Bəhramov BBC News Azərbaycancaya müsahibəsində deyib.

Kompensasiyanı kim ödəməlidir?

Eyni suala cavab verən təhliçi Zərdüşt Əlizadə isə öz cavabını əks sualla başlayıb.

"Cinayət Azərbaycan tərəfindən təhqiq olunubmu? Olunmayıb. Hadisələrin üstü tam açılmayıbsa, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, günahkar müəyyən edilməyibsə, kim kompensasiya verəcək?"

Milli Məclisin 1994-cü ildə təsdiqlənən qərarında deyilir ki, yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna yeridilməsi nəticəsində silahsız adamlar qətlə yetirilib. Həmin hadisələrə görə, hüquqi məsuliyyətə cəlb edilən olmayıb.

Zərdüşt Əlizadənin sözlərinə görə, iş "siyasi səciyyə daşıyır" və Rusiya öz siyasi xadimlərini Azərbaycana "verməz ki, onlar cəzalandırılsın".

Belə şəraitdə kompensasiya barədə danışmaq "mənasız söhbətdir", - Zərdüşt Əlizadə deyir.

1990-cı ildə SSRİ Baş Prokurorluğu tərəfindən aparılan istintaq hərbçilərin hərəkətlərində cinayət tərkibi görməyib. Həmin ilin sonunda cinayət işinin icraatına xitam verilib.

Bundan iki il sonra, Azərbaycan prokurorluğu xitam qərarını ləğv edərək, yeni araşdırmaya başlayıb. Cinayət işi SSRİ-nin Baş Prokurorluğunda başlandığından 68 cildlik cinayət işinin materialları Moskvaya aparılıb.

Həmin materialların Azərbaycanın Baş Prokurorluğuna qaytarılması və təqsirləndirilən şəxslərin istintaqa cəlb olunması üçün zəruri sorğu və sənədlərin Rusiyaya təqdim olunduğu bildirilir.

Lakin Moskva buna hələ ki, cavab verməyib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR