Slimfit
  1. CƏMİYYƏT

161 köçkün ailəsinə yeni yaşayış sahəsi niyə verilməyib? - Komitədən açıqlama

161 köçkün ailəsinə yeni yaşayış sahəsi niyə verilməyib? - Komitədən açıqlama
Sakura

161 köçkün ailəsinə yeni yaşayış sahəsi niyə verilməyib? - Komitədən açıqlama

Avqustun 26-da paytaxtın Yasamal rayonu ərazisində bir qrup şəxs Tbilisi prospektində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısında yola çıxaraq avtomobillərin hərəkətini dayandırmağa cəhd göstərib. İctimai asayişin pozulmasına yönələn cəhdin qarşısı ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal alınıb.

Dövlət Komitəsindən verilən məlumata görə, həmin şəxslər Yasamal rayonu ərazisindəki yataqxanalarda məskunlaşan, lakin mövcud qaydalar əsasında, yeni yaşayış sahəsinə köçürülməsi mümkün olmayan məcburi köçkünlərdir.

Qeyd edək ki, paytaxtın Qaradağ rayonu ərazisində bu il mayın 28-də istifadəyə verilən “Qobu Park-3” yaşayış kompleksində Yasamal rayonu ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinin yerləşdirilməsinə başlanılıb. Köçürülmə işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilən “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” əsasında aparılır.

Köçürülməyə hazırlıq zamanı Dövlət Komitəsinin müvafiq komissiyasının İşçi qrupu yataqxanalarda müvəqqəti qeydiyyatda olan və faktiki yaşayan hər bir məcburi köçkünə dair məlumatları araşdıraraq yeni yaşayış sahəsi ilə təmin ediləcək məcburi köçkün ailələri müəyyənləşdirib.

Araşdırmalar nəticəsində bəzi məcburi köçkünlərə müvafiq qərarla təsdiqlənmiş qaydalarda təsbit olunan səbəblərdən yeni yaşayış sahəsinin verilməsinin mümkünsüzlüyü aşkar olunub.

Belə ki, Yasamal rayonu ərazisində yerləşən, Azərbaycan Texniki Universitetinin 1, 2, 3, 4, 5, 6 saylı tələbə yataqxanalarında, yataqxana kompleksinin həyətində, eləcə də, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1, 2, 4, 5 saylı tələbə yataqxanalarında, sanatoriya binasında, yataqxana kompleksinin həyətində, buradakı yarımçıq tikilidə 1340 ailənin müvəqqəti məskunlaşdığı qeydə alınıb və müvafiq qaydada siyahılaşdırılıb. Bunlardan 1133 məcburi köçkün ailəsi “Qobu Park-3” yaşayış kompleksində müvəqqəti yaşayış sahəsinə – yeni mənzillərə köçürülüb. Mövcud qaydalar əsas götürülərək, aşağıda göstərilən səbəblərdən 161 ailəyə yeni yaşayış sahəsi verilməyib:

- Füzuli rayonunun işğaldan azad edilən kəndlərinin sakinləri olduqlarına görə - 24 ailəyə;

- müxtəlif vaxtlarda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən ev və ya mənzil aldıqlarına görə - 76 ailəyə;

- məcburi köçkün statusu olmadığına görə - 13 ailəyə;

- məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etdiklərinə görə - 24 ailəyə;

- Yasamal rayonunda müvəqqəti və kommunal qeydiyyatı olmadığına, ölkə xaricində olduğuna və məcburi köçkün qadının yerli sakinlə ailə qurması faktına görə - 24 ailəyə;

Yataqxanada faktiki yaşayan 46 ailə mövcud qaydalara uyğun olmayan iddialar irəli sürərək, onlara təklif olunan yeni müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina edib.

Avqustun 26-da Dövlət Komitəsinin qarşısına yığışaraq, ictimai asayişi pozmağa cəhd göstərən və ictimai davranış qaydalarına zidd hərəkətlər nümayiş etdirən şəxslərdən bəzisi haqqında məlumatları təqdim edirik.

Hüseynova Nargilə Mürsəl qızı - Füzuli rayonundan məcburi köçkündür. 2008-ci ildə həmin rayonun ərazisində məcburi köçkünlər üçün salınan qəsəbədə valideynləri ilə birlikdə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin edilib.

Kazımova Nəsibə Kamil qızı - məcburi köçkün statusu yoxdur. Məcburi köçkün olan həyat yoldaşı ilə birlikdə Ağdam rayonu ərazisində 2006-cı ildə salınmış qəsəbədə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin olunub.

Aslanova Rübabə Şöhrət qızı – valideynləri ilə birlikdə ailə tərkibində Ağdam rayonu ərazisində 2014-cü ildə məcburi köçkünlər üçün salınmış qəsəbədə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin olunub.

Niftəliyeva Leyla Mübariz qızı - Cəbrayıl rayonundan məcburi köçkündür. Həyat yoldaşının valideynləri ilə birlikdə ailə tərkibində 2003-cü ildə Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin olunub.

Məstəliyeva Ceyhunə Səməd qızı - Cəbrayıl rayonundan məcburi köçkündür. Bakı şəhərinin Yasamal rayonunda hazırda köçürülmə obyekti olan yataqxanada faktiki olaraq yaşamır.

Musayeva Gülnarə Umud qızı – məcburi köçkün kimi qeydiyyatda olduğu Füzuli rayonunda ona məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondundan ev təklif edilib. Razılaşmayıb.

Haqqında məlumat verdiyimiz şəxsləri və bu qəbildən olan 30-a yaxın məcburi köçkünü Dövlət Komitəsinin sədri Rövşən Rzayev, karantin rejiminin qaydalarına uyğun olaraq, qoruyucu vasitələrdən istifadə etmək və sosial məsafə gözləmək şərti ilə açıq havada fərdi qaydada qəbul edərək dinləyib, onların hər birinə yeni yaşayış sahələrinin verilməsi qaydaları bir daha ətraflı şəkildə izah olunub. Bundan əvvəl də həmin şəxslər Dövlət Komitəsi sədr müavinləri, aparat rəhbəri tərəfindən dəfələrlə qəbul ediliblər. Hər dəfə də “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” onlara ətraflı şəkildə izah olunub.

Bir daha xatırladırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən, aşağıdakı hallarda məcburi köçkünlərə yeni yaşayış sahəsi verilmir:

- müvəqqəti yaşayış sahəsinin verilməsi zamanı köçürülmə obyektində qeydiyyatda olub, lakin orada faktiki yaşamayan məcburi köçkünlər;

- məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlər və onların ailə üzvləri (şəhid ailələri istisna olunmaqla);

- digər şəhər və rayonlarda müvəqqəti məskunlaşan, lakin məskunlaşma obyektində yaşayan məcburi köçkünlərin köçürüləcəyindən istifadə edərək son üç ildə həmin obyektdə yerləşib yaşayanlar;

- artıq yaşayış sahəsi əldə etmək niyyəti ilə köçürülmə ərəfəsində saxta nikaha girən və ya nikahı pozulan ailələr;

- əvvəllər həmin köçürülmə obyektində yaşamış, sonradan başqa yerdə yaşayan şəxslə nikaha daxil olan və boşanaraq geri qayıtmış məcburi köçkünlərə ayrıca yaşayış sahəsi verilmir.

Təəssüf doğuran hallardan biri budur ki, bəzi media qurumları məcburi köçkünlərin haqsız tələblərini heç bir araşdırma aparmadan xüsusi canfəşanlıqla ictimailəşdirirlər, bununla da vətəndaşlarda dövlət orqanının və onun əməkdaşlarının fəaliyyətinə şübhə və inamsızlıq yaratmaq kimi hüquqa zidd əməllərə yol verirlər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərlə bağlı vətəndaşların və medianın hər bir müraciətini cavablandırmağa, istənilən məsələyə aydınlıq gətirməyə hazırdır.

Unutmayaq ki, Azərbaycan dövləti və onun başçısı məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioriteti elan edib, bu kateqoriyadan olan vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü ardıcıl tədbirlər həyata keçirilir.

Mənbə: Oxu.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR