Slimfit
  1. MARAQLI

100 il yaşamaq istəyirsiniz? Bağçılıqla məşğul olun

100 il yaşamaq istəyirsiniz? Bağçılıqla məşğul olun
Sakura

Dövrümüzün yaşlı nəslinin ortaq sevimli məşğuliyyəti bağçılıqdır. Bəlkə də bu yolla stress atmaq və…

Dövrümüzün yaşlı nəslinin ortaq sevimli məşğuliyyəti bağçılıqdır. Bəlkə də bu yolla stress atmaq və ömrünüzü uzatmaq mümkündür.

Dan Buettner dünyanın ən uzunömürlü insanlarının yaşadığı beş şəhər üzrə araşdırma aparıb: Yaponiyada Okinava, Kosta-Rikada Nikoya, Yunanıstanda İkariya, Kaliforniyada Loma Linda və İtaliyada Sardiniya.

Bu "mavi zonalarda" yaşayan insanları birləşdirən ümumi faktorlar mövcuddur: sosial dəstək şəbəkələri, gündəlik məşq vərdişləri və bitki əsaslı pəhriz.

Bunlarla yanaşı, bir maraqlı məşğuliyyət də var.

Bütün cəmiyyətlərdə insanlar kifayət qədər yaşlanan zaman - 80, 90 yaş və üzəri - bağçılıqla məşğul olurlar.

Yaşıllıq yaratmaq, bəsləmək və böyütmək 100 yaşın zəmanəti ola bilərmi?

Əhval qaldıran

Yaxşı məlumdur ki, təbiət qoynunda fiziki hərəkətlə zəngin həyat tərzi uzunömürlülüyə yol açır.

Və bağçılıq bunu mükəmməl şəkildə özündə ehtiva edir.

"Bağçılıq aşağı intensivliyə malik fiziki fəaliyyətlə yanaşı, müntəzəm rutin yaradır," Buettner deyir.

Bu yaxınlarda hollandiyalılar tərəfindən aparılan bir araşdırmada tədqiqatçılar iştirakçılardan stressli bir tapşırığı yerinə yetirməyi istəyiblər.

Sonra isə iştirakçıları iki yerə ayırıblar.

Qrupun birinə içəridə 30 dəqiqə kitab oxumaq, o birinə bağda işləmək tapşırılıb.

Kitab oxuyan qrupdan iştirakçılar əhvallarının "daha da pisləşdiyini deyiblər. Gül-çiçəklə məşğul olanların isə nəinki stress hormonu kortizol aşağı olub, həm də əhvalları "tamamilə yaxşılaşıb".

Demensiya və ya Alzheimer xəstəlikləri kimi problemlərdən əziyyət çəkən yaşlı insanlar arasında aparılan araşdırmalar göstərir ki, bağçılıq və bostançılıq terapiyası onlar üçün də kifayət qədər faydalıdır.

Yaponiyanın Okinava adası dünyanın ən uzunömürlü insanlarının yaşadığı şəhərlərdən biridir

Günəş işığı, təmiz hava misal üçün, əsəbi insanları sakitləşdirir.

Eləcə də müxtəlif bitki və tərəvəzlərin rəngləri və formaları vizual və toxuma hissiyyatı qabiliyyətini yaxşılaşdırır.

Yaşlanmanın qarşısını almaq üçün heç bir vasitə olmasa da, bağçılıq yaşlandıqca həyat keyfiyyətimizi artırır. Elm belə söyləyir.

Qoyun, ruhunuzu təbiət qidalandırsın

Bağçılıq sağlamlığa təsiri ilə yanaşı, uzunömürlülüyə aparan sosial faydalar da bəxş edir.

Hawaii Universitetindən Dr Bradley Willcox, sayca dünyanın ən çox uzunömürlü insanının yaşadığı Okinavada (hər 100 min insandan 50-si 100 yaşı haqlayır) araşdırma aparır. Ada sakinlərinin əksəriyyəti ahıl çağında kiçik şəxsi bağça və ya bostana sahib olur.

O, bağçılığın uzunömürlülük təminatçısı sayılan digər mühüm faktorlara da kömək etdiyini söyləyir.

"Okinavada deyirlər ki, sağlam şəkildə yaşlanan hər kəsin ikigai yəni, yaşamaq üçün səbəbi olmalıdır. Bağçılıq da insana səhər yuxudan həvəslə durmağa əsas yaradır."

Üstəlik, Willcox izah edir, okinavalılar yuimaru və ya yüksək səviyyədə sosial bağlılıq anlayışına böyük qiymət verirlər.

"Yerli bazara məhsullarınızı gətirmək və bağ-bostanınızın bəhrəsini başqaları ilə bölüşərək bir araya gəlmək əslində böyük bir sosial fəaliyyətdir," o deyir.

"Əlbəttə ki, insanlar bu halda özlərini faydalı hiss edirlər."

Başqa insanlara bağlılıq hissi çox vacibdir. Eləcə də şəxsin təbiət ilə bağlılığı.

Harvard Universiteti tərəfindən həyata keçirilən bir araşdırmada müəyyənləşib ki, yaşıllığın bol olduğu ərazilərdə yaşayan insanlar daha uzun həyat sürürlər və onların xərçəng və ya tənəffüs yolu xəstəliklərinə yoluxmaq şansı çox aşağı olur.

Qan təzyiqi və stressin azalması və ümumi xoşbəxtliyin artması da daxil olmaqla bir çox narahatlıqlar üçün Şotlandiyada hazırda həkimlər müalicə vasitəsi kimi təbiət qoynunda vaxt keçirməyi məsləhət bilirlər.

Şəhər yerində kiçik torpaq sahəsi belə olsa, əkin-biçin təbiəti gündəlik həyata daxil etməyin ən sadə yoludur.

Bağçılığın uzunömürlülüyə təsir vasitələrindən biri də pəhriz komponentidir.

Tədqiqatçılar "Aralıq dənizi pəhrizi" ilə - tərəvəzlər, meyvələr, taxıl məmulatları, paxlalılar, ləpə, balıq və zeytun yağı ilə zəngin qidalanma - yavaş yaşlanma arasında əlaqə aşkarlayıblar.

Willcox-a görə, pəhrizin Aralıq dənizi üsulu olub-olmamasının fərqi yoxdur.

Yerli bostanlarda yetişib, yerli bazarlarda satılan təzə tərəvəzlərlə qidalanmağın fundamental prinsipi uzunömürlülük üçün çox əhəmiyyətlidir.

Məsələn, Okinavada əksəriyyət acı qovun və şirin kartof kimi tərəvəzləri öz bostanlarında yetişdirir.

"Özünüz yetişdirdiyiniz tərəvəzləri yeyən zaman hər şey dəyişir. Belə ki, onlar daha ləzzətli dadırlar və yeməyin özündəki sağlamlıq keyfiyyətində də fərq yaranır (vitaminlər, minerallar, fitoaktiv birləşmələr və s.)", Willcox deyir

"Mavi zonalar" üzrə mütəxəssis Buettner də "göyərtilər və lobya növlərinin mühüm yer tutduğu 90 faiz bitki əsaslı" qidalanmağı məsləhət görür və bir sadə həqiqəti vurğulayır: bağbanlar çox vaxt, öz yedikləri meyvə-tərəvəzləri əkirlər.

Fransada baş tutan araşdırmalar da daxil olmaqla bəzi tədqiqatlar göstərib ki, fermerlər digər peşə sahiblərindən daha sağlam olurlar

Uzun ömür sürmək üçün fermerlik?

Bağçılıq yaxşıdırsa, fermerlik daha yaxşı olmalıdır, elə deyilmi?

Uzunömürlülük ilə əlaqələndirilən bir çox həyat tərzi faktorlarını - kənddə yaşamaq və çox hərəkət etmək - fermerlərə də aid etmək olar.

Bəzi araşdırmaların nəticələri göstərir ki, fermerlik dünyanın ən sağlam peşələrindən biridir.

Avstraliyada aparılan bir tədqiqatda, fermerlərin xroniki xəstəliklərdən daha az əziyyət çəkdiyi və həkimə müraciət nisbətinin fermer olmayan işçilərlə müqayisədə 40 faiz daha aşağı olduğu müəyyənləşib.

ABŞ-lı tədqiqatçılar fermerlər ilə ümumi əhali arasındakı ölüm səviyyəsini araşdırıblar.

Nəticədə bəlli olub ki, fermerlərin xərçəng, ürək xəstəlikləri və ya diabetdən ölmək şansı daha aşağıdır.

İsveçrə və Fransada aparılan araşdırmalar da fermerlərin digər peşə sahiblərindən daha sağlam olduğu qənaətinə gəlib.

Tokionun Vaseda Universitetindən Dr Masahiko Gemma, ölkənin mərkəzi əyaləti Saitama-da öz işinin sahibləri fermerlər arasında araşdırma aparıb və aşkarlayıb ki, onların ömür müddəti daha uzundur və daha uzun müddət işləmək qabiliyyətində olurlar.

Gemma-nın respondentlərinin bir çoxu yarım ştat fermer və ya təqaüdçülər olub. O, həmin insanların "bağ saxlamağa bənzər" öhdəlikləri olduğunu söyləyir.

"Yapon kənd təsərrüfatında kiçik ailə fermaları ümumi haldır," Gemma, sorğusunda böyük miqyaslı korporativ əməliyyatlar üçün işləyən fermerlərin iştirak etmədiyini izah edərək deyir.

O aşkarlayıb ki, öz işinin sahibi olan fermerlər fermerlik fəaliyyətindən əvvəl və sonra arasında psixoloji və fiziki vəziyyətlərinin statistik mənada əhəmiyyətli və pozitiv dəyişiklik yaşayırlar.

"Biz, fermerlik işinin yaxşı sağlamlıq və əhvala təsirini təxmin edirik."

Reallıq

Gemma-nın əldə etdiyi nəticələr ürəkaçan olsa da, onun təsvir etdiyi ənənəvi yapon modeli fermerlik heç də müasir fermerliyi əks etdirmir.

Qərb dünyasının böyük hissəsində kənd təsərrüfatı bir sənayedir və fermerlər çətin və ya təhlükəli iş şəraiti, yüksək borc və getdikcə artan avtomatlaşdırılmış proseslərlə qarşılaşırlar.

"Kənd təsərrüfatının forması ilə bağlı reallıq ən azından Amerikada digər peşələrdəki qədər kompüterə zillənmək, istixanaların sistemlərini idarə etmək və ya GPS vasitəsilə yönləndirilən kondisionerli kombaynında oturub, videolar izləməkdən ibarətdir," New York-da yaşayan və tədqiqat şirkətləri və BMT agentlikləri üçün qida siyasəti məsləhətçisi işləyən Thomas Forester deyir.

Belə olduğu halda, fermerliyi yaşlanmaya qarşı silah kimi qəbul etmək çətindir.

Nə fermerlik, nə də bağçılıq uzun ömrün sığortası deyil, şübhəsiz ki.

Lakin bu məşğuliyyətlərin hər ikisi ilə bağlı olan həyat tərzi faktorlar - çöldə gəzmək, yüngül fiziki fəaliyyətdə olmaq və bitki əsaslı sağlam ərzaqlarla qidalanmaq - sığortanız ola bilər.

Əvvəl-axır hər şey balansı tuta bilməkdən asılıdır.

"Mən stul analogiyasından istifadə edirəm," Willcox deyir.

"Pəhriz, fiziki fəaliyyət, əqli məşğuliyyət və sosial əlaqə dörd ayaqdır. Onlardan biri olmadıqda, balansı itirirsən və həyatını qısalda bilərsən.

Uzunömürlülük üçün heç də bir faktor kifayət deyil - dörd ayağı yaradıb, qorumaq və bundan həzz almaq şərtdir."

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR