Slimfit
  1. CƏMİYYƏT

Zorla ərə verilmə, erkən nikah: Qanun nə deyir?

Zorla ərə verilmə, erkən nikah: Qanun nə deyir?
Sakura

Zorla ərə verilmə, erkən nikah: Qanun nə deyir?

Son bir neçə ayda zorla ərə veriləm, erkən nikahın qurbanı olan azyaşlı qızların intihar etməsi mətbuatın, həmçinin sosial şəbəkələrin gündəmini zəbt etmişdi. Müzakirələrdə həmin qızların intihar səbəbi kimi erkən yaşda zorla tanımadıqları şəxslərlə ailə qurmağa məcbur edilmələri göstərilirdi. Baxmayaraq ki, intiharın səbəbinin həqiqətən də qızların istəmədikləri şəxslərlə ailə qurmağa məcbur edilmələri olduğu nə ailələri, nə də istintaq orqanları tərəfindən təsdiqləndi, hətta ailə üzvləri bu iddiaları təkzib edirdi, amma bu versiya müzakirələrin yenə də əsas predmeti olaraq qalırdı. Lakin qeyd olunanlar hər nə qədər iddia olaraq qalsa da, bu o demək deyil ki, ölkədə erkən nikahlar baş vermir. Verir, bəzən də iyrənc formada…

Erkən nikah nədir?

18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq-yeniyetmə hesab olunur. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə onların yaşadığı ərazinin müvafiq İcra Hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır.

18 yaş 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.

 

Hansı hallar nikahın bağlanmasına mane olur?

Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanması yolverilməzdir.

Məcburi nikah nədir və onun fəsadları…

Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Bu yerdə qeyd edək ki, erkən nikah, erkən nikaha məcbur etmə hallarına əsasən qızlar arasında rast gəlinir.

Valideynlik hüquqlarının uşaqların mənafeyinə zidd həyata keçirilməsi yolverilməzdir. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilməməlidir.

Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.

Heç kəs razılığı olmadan məcburi nikaha daxil olmağa məcbur edilə bilməz. Hər hansı şəxsin öz iradəsinin əleyhinə nikaha daxil olmasına məcbur edilməsi qadağan edilir.

Nikah yaşına çatmayan şəxsin evləndirilməsi isə qanunsuz və əsassızdır, eyni zamanda şəxs nikah yaşına çatsa belə, arzulamadığı, öz razılığı olmadan ailə qurulmasına məcbur etmə qanunla qadağan edilir.

Konstitusiyamızın yuxarıda qeyd olunan normasına əsasən, Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb.

Kənar şəxsin şikayəti cinayət işinin başlanmasına səbəb ola bilməz, ancaq özü…

Qadın nikaha daxil olmağa məcbur edildiyi anda cinayət bitmiş sayılır. Qadının rəsmi və ya faktiki olaraq nikaha daxil olub-olmamasının əməlin tövsifi üçün əhəmiyyəti yoxdur. Nəzər alınmalıdır ki, bu cinayət ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayət olduğundan şəxsin özünün şikayəti əsasında və ya qanunvericilikdə qeyd olunan hallar yaranarsa, prokuror tərəfindən başlana bilər. Şikayətin hər hansı kənar şəxs tərəfindən yazılması cinayət işinin başlanmasına səbəb ola bilməz. Çünki nikaha daxil olmaq, nikahda qalmaq və ya qalmamaq şəxsin ayrılmaz hüququdur. Başqa şəxslər bu pozuntunu müşahidə etdikdə, şəxsin şikayət etmə imkanı olmadıqda cinayət işinin başlanması üçün müvafiq prokurora müraciət edə bilərlər.

Qız qaçırma

Qadının məcburi nikaha daxil olması, öz iradəsi əleyhinə evləndirilməsindən danışarkən el arasında “qız qaçırma” kimi tanınan və qız qaçırma ilə evlənmə adətinin olmasına diqqət etməliyik. İctimaiyyət arasında “qız qaçırma” kimi tanınan adət 1960-cı ilin CM-nin 128-ci maddəsində “Qadını ərə getməyə məcbur etmə və ya onun ərə getməsinə mane olma”, 129-cu maddədə isə “qadını evlənmək məqsədilə oğurlama” kimi nəzərdə tutulmuş, maddələrin sanksiyaları 3 il və 5 il azadlıqdan məhrum etmə cəzaları təsbit edilmişdi. Hazırda qüvvədə olan Cinayət Məcəlləsində isə “qız qaçırma” adəti də CM-nin 144-cü “adam oğlurluğu” maddəsi kimi təsbit edilərək ağır cinayətlər kateqoriyasına aid edilib. Şəxsin iradəsinə zidd olaraq, evlənmək və ya başqa məqsədlə oğurlanması bütün hallarda adam oğurluğu kimi qiymətləndirilir. Əslində, məqsədin nə olmasında asılı olmayaraq, hətta evlənmək məqsədi ilə olsa belə, şəxsin iradəsinin əleyhinə oğurlanmasının “adam oğlurluğu” kimi qiymətləndirilməsi tamamilə düzgündü. Çünki bəzi hallarda evlənmək məqsədi ilə qız qaçıranlar daha irəli gedərək, qızın ata evinə qayıtmaması üçün hətta onu zorlayır, onunla cinsi əlaqədə olmaqdan çəkinmirlər. Belə olan halda cəmiyyətin basqısı ilə üz-üzə qalan qadın istəmədiyi şəxslə bir evdə yaşamağa məhkum olur. Qadının hüququnu qorunmaq əvəzinə, bəzən isə valideynlər də bu cinayətin ört-basdır olunmasında iştirak edir, evlənmək məqsədi ilə qaçırıldığına görə qızının başqa adama ərə gedə bilməyəcəyini düşünüb, övladlarını arzulamadığı adamla yaşamağa, nikaha daxil olmağa məcbur edirlər.

16 yaşına çatmayan şəxslə cinsi əlaqə bütün hallarda cinayət məsuliyyəti yaradır

Nəzərə alınmalıdır ki, rəsmi evlilik, qeyri-rəsmi nikah, valideynlər, qız və oğlan arasında razılıq, birlikdə yaşamağa qərar verilməsi – bütün hallarda qızın 16 yaşı tamam olmayıbsa, onunla cinsi əlaqə cinayət məsuliyyəti yaradır. Təcrübədə bu kimi hallara könüllü evlilikdə və ya qız qaçırma hallarında rast gəlinir. Qadının doğuş edərkən yaşının az olması tibbi heyət və hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməyə bilməz. Belə faktlar aşkarlandıqda ərin məsuliyyətə cəlb edilməsi üçün zəmin yaranır. Çünki CM-nin 152-ci maddəsində göstərilir ki, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olur. Valideynlərin erkən yaşda və ya yetkinlik yaşına çatmış şəxsi ailə qurmağa məcbur etməsi, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır.

Mənbə: gencaile.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR