Slimfit
  1. TARİX

Zəngin əlyazmalar xəzinəsi

Zəngin əlyazmalar xəzinəsi
Sakura

Burada 40 mindən çox nümunə qorunur

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ölkəmizin tanınmış elmi-mədəni qurumlarından biridir. Uzun illər Respublika Əlyazmalar Fondu kimi tanınıb, 30 il əvvəl, 1986-cı ilin dekabrında Əlyazmalar İnstitutuna çevrilib. 1996-cı ildən institut dahi şair Məhəmməd Füzulinin adını daşıyır.
   Əlyazmaların respublikamızda toplanması işinə XX əsrin 20-ci illərindən başlanılıb. 1924-cü ilin 21-24 sentyabrında Bakıda Birinci Ümumazərbaycan Diyarşünaslar Qurultayı keçirilib. Burada mədəni quruculuqla əlaqədar Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (1929-cu ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu, daha sonra SSRİ EA-nın filialı, 1945-ci ildən respublika Elmlər Akademiyası) nəzdində ayrıca əski çap kitabları və əlyazmalar şöbəsi olan elmi kitabxananın təşkili məsələsinə də baxılıb. 1950-ci ildə EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında Respublika Əlyazmalar Fondu yaradılıb. Əlyazmalar İnstitutunun hazırkı binasını vaxtilə H.Z.Tağıyev öz hesabına Qızlar seminariyasının binası kimi tikdirib, 1982-ci ildə bina Əlyazmalar Fonduna verilib. 
   Hazırda M.Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və bənzərsizliyi baxımından məşhur kitabxana və muzeylərdən geri qalmır. 
   Əlyazmalar İnstitutu Orta əsrlər elmlərinin bütün sahələrini - tibb və astronomiya, riyaziyyat və mineralogiya, poetika və fəlsəfə, teologiya və hüquqşünaslıq, qrammatika, tarix və coğrafiya, bədii nəsr və poeziyaya aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir. 
   İnstitutda 40 mindən artıq material qorunur. Bunlardan 12 minə qədəri ərəb qrafikalı əlyazmalardır ki, IX-XX yüzillərdə yazılıb və ya üzü köçürülüb. Eləcə də XIX-XX yüzillərdə yaşamış Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimlərinin şəxsi sənədləri, tarixi sənədlər və fraqmentlər, əski çap kitabları, öncəki dövrlərin qəzet və jurnalları, mikrofilm və fotosurətlər qorunmaqdadır. İnstitutda saxlanan ən qədim əlyazma IX əsrə aid edilən dəri üzərində yazılmış Quranın «Ən-Nisa» surəsinin bir hissəsidir. 
   Üzərində qeyd olan ən qədim əlyazmalardan biri X əsrin sonunda tanınmış leksikoqraf İsmail əl-Cövhəri tərəfindən tərtib edilmiş klassik ərəb dilinin izahlı ensiklopedik lüğəti sayılan «Əs-sihah» əsərinin əlyazmasıdır ki, 1117-ci ildə avtoqraf nüsxəsindən üzü köçürülüb. Buradakı Əbu Əli ibn Sinanın “Qanun fi-t-tibb” (“Tibbi qanun”) əsəri (II cild) tibbə və farmakologiyaya aid məşhur risalədir. 1143-cü ildə, müəllifin ölümündən 104 il sonra Bağdadda nəsx xətti ilə köçürülüb. Dünyada qədimliyinə görə ən nadir nüsxələrdən biridir. Tibb elminin inkişafına ciddi təsir göstərmiş fundamental əsərlərdəndir. 
   X-XI əsrlərdə İspaniyada-Kordovada yaşamış ərəb alimi Əbül-Qasim əz-Zəhravinin «Əl-məqalə əs-səlasun» («Otuzuncu traktat») əsəri ərəb dilində tibbə aid fundamental risalənin bir cildidir. Cərrahiyyə sahəsində müsəlman Şərqində elmi tərəqqiyə təsir göstərib. XIII əsrdə üzü köçürülmüş əsərdə bir çox cərrahiyyə alətinin rəsmi də verilib. Əz-Zəhravi alətlərin konkret əməliyyatlar zamanı tətbiq edilməsi üsullarını da göstərib. Şeyx Mahmud Şəbüstərinin «Gülşəni-raz» əsərinin XIV əsrdə köçürülmüş bir nüsxəsi də burada saxlanılır.
   Əlyazmalar İnstitutundakı abidələrin qorunma şəraitinin müasirləşdirilməsi, əlyazmaların kataloqlaşdırılması və sistemləşdirilməsi, öyrənilməsi və nəşr olunaraq elmi ictimaiyyətə çatdırılması işi ardıcıl aparılır. 
   Keçən əsrin 50-80-ci illərində burada Azərbaycan humanitar elminin Məmmədağa Sultanov, Cahangir Qəhrəmanov, Həmid Araslı, Rüstəm Əliyev, Əzizağa Məmmədov, Əzizə Cəfərzadə kimi simaları çalışıblar. 50-60-cı illərdə müəssisənin fondunda saxlanılan şəxsi arxivlərin elmi təsviri işi də başlanıb, 1955-ci ildə Ağəmi İbrahimov “Mirzə Fətəli Axundov arxivinin təsviri”ni nəşr etdirməklə biblioqrafik kataloq tərtibinin əsasını qoyub. Hazırda Əlyazmalar İnstitutunda 12 şöbə, 1 laboratoriya fəaliyyət göstərir. 
   Qeyd edək ki, sovet dönəmindən bəri respublikamızda əlyazmaların əhalidən toplanması prosesi gedib, institutda saxlanan əsas materiallar bu toplanmanın nəticəsidir. Bəzən indi də qədim və dəyərli əlyazmalar əldə edilir. 2013-cü ildə Paris Milli Kitabxanasında saxlanılan Azərbaycan tarixinə və ədəbiyyatına dair 200-dən artıq materialın surətləri, elektron variantları əldə edilib. Bunların içərisində XV əsrdə Təbrizdə köçürülmüş «Kəlilə və Dimnə», cığatay dilində yazılmış, oğuz türklərinin tarixindən bəhs edən «Oğuznamə», XVI əsrdə yazılmış «Cərrahnamə», Əlişir Nəvainin əsərləri var. Bunlardan başqa, XX əsrin əvvəllərində Bakı şəhərində çəkilmiş fotolar, Azərbaycan tarixinə aid xəritələr, xanəndələrimizin ifasında Avropada yazılmış vallar, avropalı səyyahların Azərbaycan barədə əsərləri böyük maraq doğurur. 
   İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Fərid Ələkbərli Heydər Əliyev Fondunun Vatikanla əməkdaşlıq layihəsi çərçivəsində oradakı Apostol kitabxanasında Azərbaycan əlyazmalarını araşdırıb, bəzilərinin surətlərini gətirib. Son çağlar institutda əlyazmaların elektron kataloqu və nadir, nəfis, qiymətli əlyazmaların elektron kitabxanasının yaradılması işi də müasir tələblərə uyğun şəkildə aparılır. 
   
   S.Qaliboğlu 
   

Mənbə: medeniyyet.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR