Slimfit
  1. CƏMİYYƏT

Zəngilanın meşə ekosistemlərində bəzi bitki növlərinin fitosanitar monitorinqi aparılıb

Zəngilanın meşə ekosistemlərində bəzi bitki növlərinin fitosanitar monitorinqi aparılıb
Sakura

Zəngilanın meşə ekosistemlərində bəzi bitki növlərinin fitosanitar monitorinqi aparılıb

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun Bitki mühafizəsi laboratoriyası Qarabağ iqtisadi rayonunun (Zəngilan) meşə ekosistemlərində bəzi bitki növlərinin fitosanitar monitorinqini aparıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monitorinq zamanı bitki növlərində aşkar olunan zərərli orqanizmlərin təyinatı aparılıb, qlobal iqlim dəyişikliyinin bitkilərə və onlarla qidalanan zərərli orqanizmlərin həyat tərzinə və inkişafına təsiri qiymətləndirilib, onların yeni populyasiyalarının yaranma imkanlarının müəyyənləşdirilməsinə dair elmi araşdırmalar həyata keçirilib. Ərazidə bəzi bitki növlərinin quruma səbəbləri aydınlaşdırılıb.

Bitki mühafizəsi laboratoriyasının müdiri dosent Şaməddin Qəhrəmanov qeyd edib ki, mövcud ekosistemdə flora və fauna növləri uzun müddət antropogen və müxtəlif zərərli orqanizmlərin, həmçinin qlobal iqlim dəyişikliyinin təsirlərinə məruz qalıb. Monitorinq aparılmış bitki növlərində müəyyən olunmuş zərərverici həşəratların hazırkı vəziyyətdə bitkilərin həyatı üçün təhlükə yaratmaq imkanları aşağı səviyyədədir. Bu, onunla izah olunur ki, ekosistemdə zərərvericilərin miqdarı təbii entomofaqlar və antoqonistlər tərəfindən tənzimləndiyindən onlar sürətlə çoxala bilmir. Fitopatoloji tədqiqatlardan aydın olur ki, bitki növlərində, o cümlədən qovaq, qoz və s. bitkilərdə identifikasiya olunmuş müxtəlif xərçəng xəstəliklərinin törədiciləri ərazidə yayılaraq bitkilərin gövdə və budaqlarında fır, şiş, quru və sulu yaralar yaradıb. Bu tip xəstəlikləri yaradan patogenlər bitki daxilində uzun müddət yaşayır, məhsuldarlığı aşağı salır, bitkilərin ömrünü azaldır.

İşğal dövründə erməni qəsbkarlarının törətdikləri ekoloji təcavüz nəticəsində meşələr qırılaraq məhv edilib. Qiymətli çoxillik ağaclar kəsilərək min hektarlarla ərazi talan edilib, fauna və floraya ciddi ziyan vurulub. Tədqiqat ərazisində antropogen amillə yanaşı, qlobal iqlim dəyişikliyinin biomüxtəlifliyə, o cümlədən zərərli orqanizmlərin inkişafına təsirləri tədqiq edilib. Tədqiq olunan təbii meşə ekosistemində nisbətən üstünlük təşkil edən bitki növlərinə fitosanitar baxış keçirilərək müxtəlif zərərli orqanizmlərin təsirindən bitkilərin xarici quruluşunda əmələ gələn morfofizioloji dəyişikliklər qeyd olunub və fotoşəkillər çəkilərək əyaniləşdirilib. Zədələnmiş və xəstə bitkilərdən nümunələr götürülüb, laborator tədqiqatlar aparılıb, aşkar olunan zərərli orqanizmlər təhlil olunaraq qruplaşdırılıb.

Zəngilanda Oxçuçay və Bəsitçay ətrafındakı meşələrdə aparılan monitorinqlər zamanı çoxillik bitkilərin gövdə, ştamb və əsas budaqlarında güclü mexaniki zədələnmələr, uzunmüddətli xroniki yaralar, xərçəng yaraları, ağacın tam quruması, təpə quruması, əsas budaqların quruması müşahidə olunub. Həmçinin bitkinin vegetativ (yarpaq, zoğ) və generativ orqanlarında (meyvə, toxum, çiçək və çiçək qrupu) yaranan morfofizioloji dəyişikliklər qeydə alınıb. Tədqiqat ərazisində su mənbələrinin məcrasının dəyişdirilməsi nəticəsində bir çox bitki növlərinin kütləvi quruması müşahidə edilib.

Tədqiqat ərazisində qovaq ağaclarının müxtəlif biotik və abiotik təsirlərə həssaslığı müşahidə olunub. Ərazidə müxtəlif xərçəng xəstəliklərinin simptomları olan qurumuş qovaq ağaclarına tez-tez rast gəlinir. Oxşar vəziyyət qoz ağaclarında da müşahidə edilib. Bitkilərin sanitar durumunu yaxşılaşdırmaq üçün meşədə sanitar-profilaktiki tədbirlərin keçirilməsi və mütəmadi olaraq monitorinqlər aparılması olduqca vacibdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR