Zelenskiyə böyük dəstək
Ukrayna əhalisinin demək olar ki, 63 faizi ölkə Prezidenti Vladimir Zelenskinin fəaliyyətini dəstəkləyir.
Axar.az xəbər verir ki, bu barədə məlumat Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun və İlko Kuçeriv adına “Demokratik təşəbbüs” fondunun apardığı ictimai rəy sorğusunun nəticələrində öz əksini tapıb.
Məlumata əsasən, rəyi soruşulan insanların 63 faizi Vladimir Zelenskinin siyasi kursuna dəstək verir, 13 faizi mənfi yanaşır, 24 faizi isə onun fəaliyyətinə qiymət verməyə çətinlik çəkir. Bununla yanaşı, respondentlərin 75 faizi Ukrayna Prezidentinin Donbasda münaqişənin nizamlanmasına dair rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparması təşəbbüsünü dəstəkləyir.
Ukraynalıların 59 faizi Vladimir Zelenskinin qoşunları təmas xəttindəki üç pilot sahədən geri çəkmək barədə qərarına müsbət, 26 faizi isə mənfi yanaşır.
Eyni zamanda, yeni hakimiyyətin bəzi addımları Ukrayna əhalisi arasında neqativ qarşılanıb. Belə ki, rəyi soruşulanların 58 faizi prezidentin torpaq islahatlarını bəyənmir və yalnız 24 faizi bunu uğurlu sayır. İri dövlət müəssisələrinin özəlləşdirilməsi barədə qərar isə respondentlərin 55 faizinin narazılığına, 22 faizinin isə dəstəyinə səbəb olub. Şans oyunları biznesinin qanuniləşməsi təşəbbüsü də ukraynalılar arasında populyarlıq qazanmayıb (49 faiz əleyhinə, 38 faiz lehinə).
Əhalinin ümumilikdə Ukrayna prezidentinin və hökumətin kursuna müsbət yanaşmasına baxmayaraq, respondentlərin 39 faizi ölkənin düzgün istiqamətdə hərəkət etməməsi qənaətindədir. Buna baxmayaraq, prezident və parlament seçkilərində iştirak edənlərin 82 faizi düzgün seçim etdiklərini düşünür.
Sorğu 2019-cu il noyabrın 4-19-da Ukraynanın bütün regionlarından olan 2041 nəfər arasında keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət