Slimfit
  1. CƏMİYYƏT

Zelenskinin Bakı səfəri - 101 illik müttəfiqlik yeni mərhələdə - Şərh

Zelenskinin Bakı səfəri - 101 illik müttəfiqlik yeni mərhələdə - Şərh
Sakura

Zelenskinin Bakı səfəri - 101 illik müttəfiqlik yeni mərhələdə - Şərh

 

Müstəqil Azərbaycanla Ukrayna arasında münasibətlərin 101 illik tarixi var. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra qarşılıqlı diplomatik münasibətlər qurulub. Təbii ki, SSRİ dövründə də iki müttəfiq respublika arasında əlaqələr yüksək səviyyədə olub. Ukraynada 500 mindən çox azərbaycanlı yaşayır. İki ölkə arasında diplomatik münasibət 1992-ci il yanvarın 31-də yenidən qurulub. Ukraynanın Azərbaycanda səfirliyi 1996-cı il mayın 5-də fəaliyyətə başlayıb. Azərbaycanın Ukraynada səfirliyi isə 1997-ci il martın 17-də açılıb. Keçmiş sovetlər dövründəki müttəfiqlik müstəqillik bərpa olunduqdan sonra da davam edir. Elə dekabrın 17-də Ukrayna prezidenti Vladimir Zelenskinin ilk rəsmi səfələrindən birini Azərbaycana etməsi də əməkdaşlığın və münasibətlərin göstəricisidir. 

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 17-də Bakıda Ukrayna Prezidenti Vladimir Zelenski ilə birlikdə mətbuata bəyanatlarla çıxış edərkən deyib: “Mən çox şadam ki, Prezident vəzifəsinə seçilməyinizdən bir neçə ay sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, Sizin bizim ölkəmizə olan diqqətinizin təzahürüdür. Biz də Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına çox böyük diqqət veririk. Bu gün həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə danışıqlarda Ukrayna-Azərbaycan ikitərəfli əlaqələrinin müxtəlif aspektləri geniş müzakirə olundu və çox səmərəli fikir mübadiləsi aparıldı”. Prezident İlham Əliyev ikitərəfli ticarət əlaqələrindən də danışıb: “Düzdür, bu il ticarət dövriyyəmiz təqribən 20 faiz artmışdır. Ancaq mütləq rəqəmlər bizi qane edə bilməz və bu gün gələcək əməkdaşlıqla bağlı konkret məsələlər müzakirə olundu”. Dövlət başçısı bildirib ki, ticarət dövriyyəsinin artırılması ilə yanaşı, birgə sərmayə qoyuluşu layihələri böyük maraq doğurur: “Biz bu barədə də geniş fikir mübadiləsi apardıq. Həm Ukraynanın Azərbaycana, həm də Azərbaycanın Ukraynaya sərmayə qoyuluşu ilə bağlı konkret təkliflər vardır. Hesab edirəm ki, bu təkliflər həyatda öz əksini tapa bilər. Bir çox sahələrdə birgə sərmayə layihələri bizim əməkdaşlığımızı daha da möhkəmləndirəcəkdir. Energetika sahəsində əməkdaşlıq müzakirə edildi. SOCAR artıq uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaqdoldurma məntəqəsi, dörd neft bazası vardır. Bu gün biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaqdır”. Prezidentlər görüşdə turizm sahəsinin inkişafını da müzakirə ediblər. Sammitdə humanitar sahədə də əməkdaşlıqdan bəhs edən Azərbaycan Prezidenti deyib: "Təbii ki, humanitar sahədə əməkdaşlığa da yer ayrıldı. Azərbaycanda Ukrayna mədəniyyətinə çox böyük hörmət var, Ukrayna dili tədris edilir". Dövlət başçısı bildirib ki, Bakı Slavyan Universitetində Ukrayna Mərkəzi var: “Eyni zamanda Ukraynanın ali məktəblərində Azərbaycan tarixinə, ədəbiyyatına kifayət qədər böyük yer ayrılır. Təbii ki, humanitar sahədə əməkdaşlıq ümumi əməkdaşlığa da müsbət təsir göstərir”. İlham Əliyev bu səfəri belə qiymətləndirib: “Ukrayna-Azərbaycan əlaqələrinin inkişafında yeni səhifənin açılmasına gətirib çıxaracaq”.

Bu arada dekabrın 17-də Ukrayna-Azərbaycan biznes forumu da keçirilib. Azərbaycan-Ukrayna iqtisadi-ticarət əməkdaşlığı barədə məlumat verən İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçılarının keçirilən Azərbaycan-Ukrayna biznes forumda iştirakının əlaqələrin inkişafına ən yüksək səviyyədə verilən dəstəyin və önəmin göstəricisi olduğunu vurğulayıb. Nazir bildirib ki, cari ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 15,5 faiz artaraq 712 milyon dollardan çox olub. M.Cabbarov qeyd edib ki, iqtisadi-ticarət əlaqələrinin inkişafı məqsədilə 2018-ci ildə Kiyevdə Azərbaycan Ticarət Evi, dekabrın 17-də isə Bakıda Ukrayna Ticarət Evi açılıb. İqtisadiyyat naziri Azərbaycanın investisiyalar üçün açıq olduğunu vurğulayaraq aparılan islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib. Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli isə çıxışında Ukrayna-Azərbaycan iqtisadi əlaqələri, əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıb, bu sahədə həyata keçirilən tədbirlərin, həmçinin Azərbaycanda Ukrayna Ticarət Evinin açılmasının iqtisadi-ticarət əlaqələrinin inkişafında yeni imkanlar yaratdığını qeyd edib. Ukrayna iş adamlarının azərbaycanlı tərəfdaşları ilə birgə layihələrin icrasında maraqlı olduğunu vurğulayan nazir iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat, İKT, turizm və s. sahələrdə potensialı diqqətə çatdırıb.

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra mətbuata bəyanatında Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb. O bildirib ki, ölkələrimiz bir-birini ərazi bütövlüyü və suverenliyin bərpa edilməsi məsələsində dəstəkləyir: “Təbii ki, bizim bugünkü söhbətimizin əsas hissəsini milli və regional təhlükəsizlik məsələləri təşkil edirdi. Biz burada Dağlıq Qarabağ münaqişəsi və Ukraynanın şərqində baş verən münaqişəni müzakirə etdik. Biz bir-birimizi ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi məsələsində də dəstəkləyirik. Burada söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpadan gedir. Bu baxımdan bu prinsip həm ikitərəfli təmaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində də bizim əməkdaşlığı özündə ehtiva edir. Bu, bizim ölkələrimizin arasında olan münasibətlərin səviyyəsinin göstəricisidir. Biz həm regional, həm də qlobal səviyyədə birgə mövqedən çıxış edirik. Azərbaycana 2020-ci ildə GUAM-a uğurlu sədrlik arzu edirəm”. Doğrudan da rəsmi Bakı bütün beynəlxalq tədbirlərdə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə vurğulayıb. Təəssüf ki, Azərbaycan və Ukrayna ərazi bütövlüyünü pozulması faktı ilə bir-birinə oxşayır. 

Əslində, Vladimir Zelenskinin Yerevana deyil, Bakıya səfərinə qısqanclıqla yanaşanlar da var. Azərbaycan torpaqlartını işğal etmiş Ermənistan KİV-i bu məsələni özünəməxsus şəkildə hallandırmağa səy edir. Belə düşünənlərə son aylarda Ermənistanın Ukraynanın ərazi bütövlüyünə etdiyi hörmətsizlikləri də xatırlatmaq istərdik. Əvvəlcə onu qeyd edək ki, Ermənistan Ukrayna üçün elə ciddi iqtisadi tərəfdaş deyil. Bu ilin ilk 8 ayında iki ölkə arasında ticarət dövriyyəsi 92,59 milyon dollar təşkil edib. Bu da 2018-ci ilin uyğun dövrü ilə müqayisədə 10 faiz azdır. Ermənistan Ukraynaya, əsasən, konyak ixrac edir. Rusiya bu sahədə istehsal olunan içkilərin saxta olması barədə Ermənistan hökumətinə müraciət etmişdi. Həqiqətən də Ermənistan Ukrayna üçün cəlbedici dövlət və ya tərəfdaş sayılmır. 2018-ci ilin mayında hakimiyyətə gəlmiş siyasi qüvvə isə hələ də yönünü müəyyənləşdirməyib. Əvvəllər Rusiyaya qarşı çıxıb Qərbə inteqrasiya etməyə üstünlük verdiyini bildirən rəsmi Yerevan indi Avropa İttifaqına üzv olmaq istəmədiyini, Kremli özünün strateji müttəfiqi saydığını vurğulayır. Düzdür, Azərbaycan da Rusiyanı müttəfiq sayır, ancaq mövqeyini dəyişdirmir. Ermənistan isə hələ də mövqeyini tam müəyyənləşdirmədiyindən bu ölkəyə etibar risklidir. 

Eyni zamanda Ermənistan Ukraynanın ərazi bütövlüyünə qarşı çıxış edir. Bu ölkənin nümayəndəsi noyabrın 15-də BMT-nin Baş Assambleyasında Krımda və Sevastopol şəhərində vəziyyətə dair qətnamə layihəsinin yenilənməsinin əleyhinə səs verib. Ermənistan vətəndaşlarının Krım yarımadasına səfərini də rəsmi Yerevan dolayı yolla müsbət qarşılayır. Ermənistan XİN sözçüsü Anna Naqdalyan Ermənistan vətəndaşlarının Krıma səfəri ilə bağlı suala cavabında bildirib ki, rəsmi Yerevan ölkə vətəndaşlarının sərbəst hərəkət etməsinə mane olmur. Nazirlik ölkə vətəndaşlarına bu kimi ərazilərə səfər etməməyi heç məsləhət də görməyib. Bu, Ermənistanın Ukraynaya qarşı təxribatı da sayıla bilər. Düzdür, oxşar yanlışlığı Ukrayna tərəfi də edib. Cari ilin noyabrında Ukrayna vətəndaşı olan, erməni etnik qrupunu təmsil edən bir neçə iş adamı işğal altında saxlanılan Azərbaycanın Xankəndi şəhərinə səfər ediblər. Onlar səfər zamanı separatçı rejimin başçısı ilə də görüşüblər. Onlardan işğal altında olan Qarabağa sərmayə qoyulması istənilib. 

Təbii ki, hər iki hadisə Vladimir Zelenskinin yuxarıda qeyd etdiyimiz ərazi bütövlüyü ilə bağlı verdiyi açıqlamaya ziddir. Bütün belə xoş olmayan hallarla Azərbaycan-Ukrayna əlaqələrinin inkişafına mane olmaq istəyənlər də az deyil. Vladimir Zelenskinin səfəri isə ölkələrimizin bir-birinə arxa olacağını, GUAM bölgəsində təhlükəsizliyə, inteqrasiya və iqtisadi inkişafa xidmət edəcəyini bir daha təsdiqlədi.

Mənbə: Report.az

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR