Slimfit
  1. AZƏRBAYCAN

Zamirə Hacıyevanın Londonda xərclədiyi milyonlar kimə məxsusdur?

Zamirə Hacıyevanın Londonda xərclədiyi milyonlar kimə məxsusdur?
Sakura

Zamirə Hacıyevanın Londonda xərclədiyi milyonlar kimə məxsusdur?

Britaniyada korrupsiyaya qarşı mübarizə qanunun ilk hədəfi Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevadır.

Keçmiş dövlət bankiri Cahangir Hacıyevin arvadı on il ərzində Londonun məşhur dükanı Harrods-da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib.

1. Ödənişlərin edildiyi 35 kredit kartı kimə məxsusdur?

Zamirə Hacıyeva Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib.

Bu kartlar Cahangir Hacıyevin 14 il başçılıq etdiyi Beynəlxalq Bankamı məxsusdur? Beynəlxalq Bank bu barədə sualımızı cavablandırmayıb, sadəcə deyib ki, bankın toksik aktivləri "Aqrarkredit" təşkilatına ötürülüb.

Rəsmi məlumatlara görə, Cahangir Hacıyev başqaları ilə qabaqcadan əlbir olub mütəşəkkil qrup yaradaraq özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açıb və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verib.

Məhkəmə qərarına görə, Cahangir Hacıyevin təşkilatçılığı və göstərişi ilə "bankı talamaq üçün" yaradılan qruplaşma üzvləri bankdan 10 ədəd plastik kart vasitəsilə milyonlarla manatı faizsiz kredit adı altında çıxarıblar.

İddiaya görə, cənab Hacıyevin arvadı plastik kartlarla Azərbaycanda və bir çox xarici ölkələrdə bankomatlar vasitəsilə Beynəlxalq Bankdan 13.5 milyon dollar, 2.8 milyon avro və 4 milyon manat (o vaxtkı məzənnə ilə 18 milyon manat) çıxarıb.

Hakim partiyadan deputat Aydın Mirzəzadə hökumətin korrupsiyaya qarşı "çox ciddi mübarizə" apardığını söyləyir.

"Beynəlxalq bankın keçmiş rəhbəri və onun ailə üzvlərinin cinayətləri barəsində məsələ ilə bağlı ilkin məlumatı isə hüquq-mühafizə orqanları veriblər. Hal-hazırda istintaq gedir. Növbəti yeniliklər olduqca, ictimaiyyətə geniş məlumat veriləcək", - cənab Mirzəzadə BBC News Azərbaycancaya deyib.

2. Bəs Zamirə Hacıyeva kimin pullarını xərcləyib?

Yerli media daha əvvəl Cahangir Hacıyevlə arvadının ölkədən milyardlarla dollar pul çıxardığı, onları ofşor hesablara ötürdüyü haqda da yazıb. Ancaq onun ailəsi və yaxınları bu iddiaları rədd edir və bu barədə ortada rəsmi ittiham yoxdur.

Ancaq Azərbaycanın hüquq-mühafizə orqanları hələ 2016-cı ilin yayında Zamirə Hacıyevanın da əri Cahangir Hacıyev kimi mənimsəmədə ittiham olunduğunu bəyan etmişdi.

Məhkəmənin hökmünə görə, Zamirə Hacıyeva və digərləri mütəşəkkil cinayətkar qruplaşma yaradıb. Qruplaşmanın Beynəlxalq Bankın talanmasında iştirak etdiyi iddia olunurdu.

Ona qarşı cinayət işi açılsa da, həbsi mümkün olmayıb. O ölkəni hələ 2014-cü ilin noyabrında - ərinin həbsindən bir neçə ay öncə, KİV-lərin Cahangir Hacıyevə hücumlarının başladığı dövrdə tərk edib. Bu səbəbdən haqqında axtarış qərarı verilib və dörd aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Beynəlxalq Banka vurulan ziyanın ümumi dəyəri 211 milyon 597 min manat məbləğindədir.

Məhkəmə Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka verilməsi, ona məxsus olan dəyərli qol saatının və sikkə pulların müsadirə olunması barədə hökm çıxarıb.

Zamirə Hacıyeva isə üç ildən çoxdur ki, Böyük Britaniyada yaşayır. Bu ölkənin Daxili İşlər Nazirliyi ona Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib.

İki il öncə ailənin vəkili Aqil Layıcov bankirin xanımının yaxalanıb gətirilməsi məqsədilə Londona xüsusi əməliyyat qrupu göndərildiyini demişdi. Azərbaycanın Daxili İşlər Nazirliyi bu barədə və digər məsələlərə dair suallara cavab verməyib.

3. Bundan sonra nə olacaq?

Zamirə Hacıyevanın mülk almaq üçün saxtakarlıqla mənimsənilən pullardan istifadə etdiyi barədə Britaniyanın Ali Məhkəməsi təsdiq qərarı çıxararsa, o zaman ondan alınacaq pul və mülklər Azərbaycana qaytarıla bilər, Britaniyanın Milli Cinayət Agentliyinin rəsmisi Donald Toon BBC-yə deyib.

O qeyd edib ki, Britaniyanın İzahedilməyən Sərvət Sərəncamı (UWO) altında Ali Məhkəmənin qərarı ilə müsadirə olunmuş pul "siyasi və beynəlxalq məsələyə" çevrilə bilər.

"İlk növbədə, həmin aktivlərin dəyəri Böyük Britaniya hökumətinə daxil olacaq, sonra pul mənbəyinin ölkəsi (Azərbaycan-red.) və Britaniya arasında repatriasiyanin miqyası barədə birbaşa əlaqə qurulacaq".

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Orucun sözlərinə görə, parlamentdə büdcə müzakirələri zamanı dövlət üzərinə bir neçə milyard vəsaitin bu il qaytarılması ilə bağlı öhdəlik qoyulub.

"İnvestisiya adı ilə Çexiyadan tutmuş digər keçmiş postsovet ölkələrinə də yatırılmış pullar Azərbaycan hökumətinin nəzarətindən kənar yerlərə qoyulub. Adı bu olub ki, guya harada bank açılıb, zavod tikilib, yaxud xaricə investisiya qoyulubsa, əvəzində Azərbaycana dividentlər gələcək. Söhbət bir milyon və ya beş milyondan getmir. Təkcə Zamirə Hacıyevanın adı ilə bağlı 10 milyonlarla vəsait hallanırsa, Beynəlxalq Bankın çevrəsində yer alan daha iri burjuyların oğurladığı pullar sözsüz ki, daha çoxdur", o deyib.

4. Zamirə Hacıyeva Londonda nə qədər pul xərcləyib?

Yeddi il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində Harrods alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib.

Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb.

2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - Mill Ride Golf Club-u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.

O, son 10 il ərzində Harrods-da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir.

Rəsmi məlumatlar cütlüyün Harrods-ın bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb.

5. Zamirə Hacıyeva nədə ittiham olunur?

Azərbaycanda Cahangir Hacıyeva qarşı açılmış cinayət işində Zamirə Hacıyeva də təqsirli bilinir. Amma o "istintaqdan gizləndiyi üçün barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib", - rəsmi məlumatda qeyd olunur.

Ona qarşı Cinayət Məcəlləsinin mənimsəmə və israfetmək (mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə) maddələri üzrə ittihamlar irəli sürülüb. Bu maddəyə görə yeddi ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Həbs qəti-imkan tədbiri haqda qərarı Baş prokurorun müavini Rüstəm Usubovun təqdimatı əsasında Bakının Nərimanov Rayon Məhkəməsi çıxarıb.

Qərarda deyilir ki, Zamirə Hacıyeva əri Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bankının rəhbəri olduğu dövrdə bankın "Mərkəz" filialının ayrı-ayrı vaxtlarda müdirləri olan Anar Sultanov və Yusif Ələkbərovdan, filialın müdir müavini, daha sonra müdiri olmuş İlham Abdullayev, "Nəqliyyat" filialının müdiri Kənan Orucovdan, "Nərimanov" filialının müdiri Məmməd Cahangirovdan, eləcə də onun yaxın dostu Azad Cavadovdan və digərləri ilə mütəşəkkil cinayətkar qruplaşma yaradıb.

Qruplaşmanın Beynəlxalq Bankın "talanmasında" iştirak etdiyi iddia olunur.

Bankdan mənimsənilən pullarla Zamirə Hacıyeva və ailə üzvlərinin təyyarə biletləri, zinət əşyaları alındığı, təhsil haqlarının ödənildiyi, Avropanın dəbdəbəli istirahət mərkəzlərində istirahət etdikləri, gözəllik salonlarında, restoranlarda xərcləndiyi iddia edilib.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR