Fazil Mustafa: “Bu məsələ təkcə bizim qanunvericiliklə həll olunmur”
Fazil Mustafa: “Bu məsələ təkcə bizim qanunvericiliklə həll olunmur”
Britaniyada korrupsiyaya qarşı mübarizə qanununun ilk hədəflərindən biri də Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevadır. Keçmiş dövlət bankiri Cahangir Hacıyevin arvadı on il ərzində Londonun məşhur dükanı Harrods-da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib.
Yerli media daha əvvəl Cahangir Hacıyevlə arvadının ölkədən milyardlarla dollar pul çıxardığı, onları ofşor hesablara ötürdüyü haqda da yazıb. Ancaq onun ailəsi və yaxınları bu iddiaları rədd edir və bu barədə ortada rəsmi ittiham yoxdur. Ancaq Azərbaycanın hüquq-mühafizə orqanları hələ 2016-cı ilin yayında Zamirə Hacıyevanın da əri Cahangir Hacıyev kimi mənimsəmədə ittiham olunduğunu bəyan etmişdi.
İttihama görə, Zamirə Hacıyeva və digərləri mütəşəkkil cinayətkar qruplaşma yaradıb. Qruplaşmanın Beynəlxalq Bankın talanmasında iştirak etdiyi iddia olunurdu. Ona qarşı cinayət işi açılsa da, həbsi mümkün olmayıb. O, ölkəni hələ 2014-cü ilin noyabrında - ərinin həbsindən bir neçə ay öncə, KİV-lərin Cahangir Hacıyevə hücumlarının başladığı dövrdə tərk edib. Bu səbəbdən haqqında axtarış qərarı verilib və dörd aylıq həbs-qətimkan tədbiri seçilmişdi.
Beynəlxalq Banka vurulan ziyanın ümumi dəyəri 211 milyon 597 min manat məbləğindədir. Məhkəmə Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka verilməsi, ona məxsus olan dəyərli qol saatının və sikkə pulların müsadirə olunması barədə hökm çıxarıb.
Zamirə Hacıyeva isə üç ildən çoxdur ki, Böyük Britaniyada yaşayır. Bu ölkənin Daxili İşlər Nazirliyi ona Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib.
İki il öncə ailənin vəkili Aqil Layıcov bankirin xanımının yaxalanıb gətirilməsi məqsədilə Londona xüsusi əməliyyat qrupu göndərildiyini demişdi. Azərbaycanda Cahangir Hacıyeva qarşı açılmış cinayət işində Zamirə Hacıyeva də təqsirli bilinir. Amma o, istintaqdan gizləndiyi üçün barəsində həbs-qətimkan tədbiri seçilərək axtarış elan edilib. Rəsmi məlumatda bunlar öz əksini tapıb.
Ona qarşı Cinayət Məcəlləsinin mənimsəmə və israfetmə (mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə) maddələri üzrə ittihamlar irəli sürülüb. Bu maddəyə görə yeddi ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.
Həbs-qətimkan tədbiri haqda qərarı baş prokurorun müavini Rüstəm Usubovun təqdimatı əsasında Bakının Nərimanov Rayon Məhkəməsi çıxarıb.
Qərarda deyilir ki, Zamirə Hacıyeva əri Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bankının rəhbəri olduğu dövrdə bankın “Mərkəz” filialının ayrı-ayrı vaxtlarda müdirləri olan Anar Sultanov və Yusif Ələkbərov, filialın müdir müavini, daha sonra müdiri olmuş İlham Abdullayev, “Nəqliyyat” filialının müdiri Kənan Orucov, “Nərimanov” filialının müdiri Məmməd Cahangirov, eləcə də onun yaxın dostu Azad Cavadov və digərləri ilə mütəşəkkil cinayətkar qruplaşma yaradıb.
Qruplaşmanın Beynəlxalq Bankın “talanmasında” iştirak etdiyi iddia olunur.
Bankdan mənimsənilən pullarla Zamirə Hacıyeva və ailə üzvlərinin təyyarə biletləri, zinət əşyaları alındığı, təhsil haqlarının ödənildiyi, Avropanın dəbdəbəli istirahət mərkəzlərində istirahət etdikləri, gözəllik salonlarında, restoranlarda xərcləndiyi iddia edilib.
Bəs bundan sonra Z.Hacıyevanın taleyi necə olacaq? Onu hansısa formada Azərbaycana gətirə bilərlərmi?
Millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələlər təkcə bizim qanunvericiliklə həll olunmur. Müsahibimizin sözlərinə görə, Z.Hacıyeva Böyük Britaniya vətəndaşlığı alıbsa, hüquqi problemi yoxsa, bu, Böyük Britaniya qanunvericiliyi ilə həll edilə bilər: “Amma vətəndaşlıq almayıbsa, problem bizim tərəfimizdən həllini tapa bilər. Bu, olduqca mürəkkəb məsələdir. Onun həll olunması üçün müəyyən addımlar atılmalıdır. İndiki şərtlərdə bu, elə-belə həllini tapa bilməz”.
F.Mustafa hesab edir ki, Milli Məclisdə də bununla bağlı müzakirələr mümkündür. Onun sözlərinə görə, problemin təkcə Azərbaycan qanunları ilə çözülməsini gözləmək olmaz.
Mənbə: Müsavat.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət