Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yumurtalıq xərçəngindən əziyyət çəkən qadınların da ana olmaq şansları var

Yumurtalıq xərçəngindən əziyyət çəkən qadınların da ana olmaq şansları var
Sakura

Yumurtalıq xərçəngindən əziyyət çəkən qadınların da ana olmaq şansları var

Yumurtalıq xərçəngi digər xərçəng növləri kimi səssiz gələn bir xəstəlikdir. Bu xəstəliyi pasiyentin mütəmadi müayinələrə gəlməsi zamanı daha erkən və ya gecikmiş formalarda aşkar etmək mümkündür. Yumurtalıq xərçəngi müəyyən bir ölçüyə çatandan və ya klinik əlamətlərlə özünü büruzə verəndən sonra aşkarlana bilir. Ona görə də hər bir reproduktiv – nəsilartırma yaşında olan qadın mütəmadi müayinə olunmalıdır. Xüsusilə bu müayinə menopauza dövründə olan qadınlar arasında daha ciddi aparılmalıdır.

Uşaqlıq boynunun preonkogen, yəni xərçəngönü xəstəlikləri zamanı da ağrı olmur, klinik əlamətlər üzə çıxmır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının I mamalıq-ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi, mama-ginekoloq və endokrinoloq Natəvan Axundova məxsusi müsahibəsində məlumat verib.

Mütəxəssis bildirib ki, əksər qadınlar 50 yaşından sonra menopauza dövrünə girir və risk qrupuna aid edilirlər. “Risk qrupuna aid olanlar 6 aydan bir, aid olmayanlar isə ildə bir dəfə ultrasəs müayinədən keçməlidirlər. Cavan qadınlarda xəstəlik başlayanda özünü müəyyən əlamətlərlə büruzə verə bilər. Yaşlı qadınlarda isə xərçəng metastaz versə belə gec aşkarlanır. Uşaq dünyayagətirmə funksiyasında problem, anovulyasiyaları olan, vaxtilə yumurtalıqların şişlərinə görə əməliyyat edilmiş qadınlar yüksək risk qrupuna daxildirlər. Bunu da xüsusi diqqətə çatdırmaq istərdim ki, qız uşaqlarında da yumurtalıqlarda bədxassəli şişlər ola bilər. Ona görə də arxayınlaşmamaq və vaxtlı-vaxtında müayinələrdən keçmək lazımdır”.

“Yumurtalıq xərçəngi adətən birinci mərhələdə aşkarlanmır. Xərçəng bir qədər böyük ölçüyə çatanda, qonşu orqanlara sirayət edəndə klinik əlamətlər verə bilir. Birincili yumurtalıq xərçəngi əsasən bir yumurtalıqda olur. İkitərəfli xərçəng isə çox vaxt metastaz nəticəsində meydana gəlir. Həm yaxın, həm də uzaq orqanların xərçəngi yumurtalıqlara metastaz verə bilər. Mədə xərçəngi səbəbindən cərrahi əməliyyat edilmiş, o cümlədən qalxanabənzər və süd vəzilərində xərçəng olan xəstələrdə yumurtalıqlara metastaz verməsi hallarına rast gəlinib. Bədxassəli olan qeyri-yetkin teratoma cavan qadınlarda rast gəlinən yumurtalıq şişləri içərisində ən arzuolunmazıdır. Yumurtalıq xərçəngi ilə cərrah-onkoloqlar məşğul olurlar. Son illər Azərbaycanda peşəkar ginekoloq-onkoloqlar yetişirlər. Onlar əməliyyat zamanı istər uşaqlıq boynu, istər də yumurtalıq xərçəngində qadının ana olmaq şansını saxlamağa çalışırlar. Cərrahi müdaxilə zamanı qadının bir yumurtalığı götürülərsə, o biri yumurtalıqla da hamilə qalmaq olar. Qadının reproduktiv funksiyasını saxlamaq üçün tətbiq edilən köməkçi reproduktiv texnologiya üsulları sayəsində yumurtalıqlardan toplanmış yumurta hüceyrələrini dondurub saxlamaq mümkündür. Bu da gələcəkdə həmin qadının süni mayalanma ilə hamilə qalmasına imkan yaradır . Bəzən həyati göstərişlər səbəbindən uşaqlıq və yumurtalıq tamamilə götürülə bilər”, - deyə N.Axundova diqqətə çatdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR