Slimfit
  1. AZƏRBAYCANLI

Yubileyiniz mübarək, Şəfəq xanım!

Yubileyiniz mübarək, Şəfəq xanım!
Sakura

Yubileyiniz mübarək, Şəfəq xanım!

İyulun 4-ü mərhum Ənvər Əlibəylinin qızı Şəfəq xanımın 70 yaşı tamam olur

Həmyaşıdlarım kimi mən də 1952-ci ildən ömrünün sonunadək AzTv-nin sədri vəzifəsində çalışmış şair, tərcüməçi, ictimai xadim Ənvər Əlibəyliylə heç zaman üz-üzə gəlməmişəm. Gələ də bilməzdim. Axı o, 1968-ci ildə vəfat edəndə mənim cəmi iki yaşım var idi. Amma ağlım kəsəndən onun sözlərinə bəstələnmiş mahnıları sevərək dinləyənlərdən biri olmuşam. Yəqin ki, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Qara daşlar” və eləcə də bir sıra filmlərdəki mahnılar sizin də sevə-sevə dinlədiyiniz nəğmələr olub. Onun sözlərinə yazılan “Sevgilim” mahnısı bu gün də toy şənliklərimizə xüsusi rəng qatır. Bəli, rəhmətlik Ənvər Əlibəyli barəsində saatlarla danışmaq olar, amma məqsədim başqadır. Bu gün sizə onun yadigarı- qızı haqqında söhbət açmaq istəyirəm...

Deyir ki,- “Mən xoşbəxt insanlardanam. Çünki elə bir ailədə doğulmuşam ki, orada mənə insanlara məhəbbəti, sadəliyi öyrədiblər, etinasızlıqdan uzaq olmağı aşılayıblar”…

1949-cu ildə Bakı şəhərində dünyaya gəlib. Əvvəlcə 173 nömrəli məktəbdə oxusa da, üçüncü sinifdən 190 nömrəli məktəbdə orta təhsilini davam etdirib. Beşinci sinifdən fars dilini öyrənməyə başlayıb. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakultəsinə qəbul olunub. Oranı “Lenin təqaüdü” ilə oxuyaraq, fərqlənmə diplomu ilə bitirib. 
1971-1973-cü illərdə Əfaqanıstanda Kabil Politexnik İnstitutunda tərcüməçi işlələyib. 
1973-cü ildə AMEA-nın Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində elmi fəaliyyətə başlayıb.
1985-ci ildə Gürcüstan Dövlət Universitetində “Fars dilində antonimlərin struktur-semantik təsnifatı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək ilk alimlik dərəcəsinə yiyələnib.
1989-cu ildə Azərbaycan KPMK nəzdində Marksizm-Leninizm Universitetinin Milli münasibətlər fakültəsinə daxil olub və 1990-cı ildə həmin fakültəni fərqləmə diplomu ilə bitirib. 
1992-2007-ci illərdə Bakı İslam Universitetində fars dili və ədəbiyyatı fənnini tədris edib. Eyni zamanda 2004-cü ildən indiyədək AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Komparativistika və bədii tərcümə" şöbəsinə rəhbərlik edir. 
2010-cu ildən filologiya elmləri doktorudur...

Deyir ki,- “Həzrət Əli əleyhissalamın gözəl bir kəlamı var: “Elm bağçası cənnət bağçasıdır”. Necə də gözəl deyib, həqiqətən də bu bağçaya girənlər xoşbəxtdirlər. Elm şövqü də Allah vergisidir. Bu yolu tutanlar daima kamilliyə doğru gedir”...

Haqqında söhbət açdığım Şəfəq xanım Əlibəyli bir başqa aləmdir. Sadə, təvəzökar və mehriban. Həqiqəti dilə gətirməkdən çəkinmir. Daxili dünyası olduqca zəngindir. Yüksək müşahidə qabiliyyəti olduğundan nə vaxt, nə etmək lazım gəldiyini yaxşı bilir. Kübar xanımdır, yüksək mədəniyyəti ilə ürəklərdə yuva qurmağı bacarır...

Bir neçə elmi kitabın müəllifidir. “Антонимы в персидском языке”, “Füzulinin farsca divanı: linqvo-poetik özəlliklər” və “Farsca-rusca-azərbaycanca müxtəsər lüğət” əsərləri ona məxsusdur…

Bəli, gənclik təravətini hələ də qoruyub saxlamağı bacaran bu nurlu xanımın iyulun 4-də 70 yaşı tamam olur, yubileyidir. Yəqin ki, bu əlamətdar tarixi doğmaları, əzizləri, sevənləri ilə birlikdə qeyd edəcək. Qoy, ürəkdən gələn bu kəlmələr uzaq Amerikada yaşayan bir soydaşından Şəfəq xanıma doğum günü münasibəti ilə söz ərmağanı olsun!
Yubileyiniz mübarək, Şəfəq xanım!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR