Yol polisindən sürücülərə müraciət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün günün ikinci yarısından etibarən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında hava şəraitinin güclü külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsindən "Qafqazinfo"ya verilən məlumata görə, DYP qeyd olunan hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edib. DYP sürücülərin və nəqliyyat vasitələrinin sahiblərinin nəzərinə çatdırır ki, yola çıxmazdan əvvəl ilk növbədə nəqliyyat vasitələrinin texniki vəziyyətinə bir daha diqqət yetirsinlər, aşkar olunan nasazlıqları aradan qaldırsınlar və mümkün qədər günün işıqlı vaxtlarında yola çıxmağa üstünlük versinlər.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülər, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, su gölməçələri olduqda sürəti azaltmalı, zərurət olmadan ötmə əməliyyatı aparmamalı, qəfil manevrlər və kəskin tormazlama etməməlidirlər.
Sürücülük təcrübəsi az olan şəxslərin belə hava şəraitində nəqliyyat vasitəsini idarə etməkdən çəkinmələri daha məqsədəmüvafiq olardı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət