Yol polisi sürücünü hansı hallarda “qova” bilər? - Qaçmağa dəyərmi?
Qaçmaq sürücünün vəziyyətini daha da ağırlaşdırır, həbsə düşüb vəsiqəsiz qala bilərsiniz.
Tez-tez sual verilir ki, yol polisi tabe olmayan sürücünü və ya onun avtomobilini təqib edə - qova bilərmi? Çox vaxt bundan həzz alanlar və özlərini haqlı saymaq istəyənlər belə idda edirlər ki, əgər sürücü tabe olmursa şəhər doludur kamera ilə, yol polisi zəhmət çəkib sonradan gedib evində tapsın, maşının hara getdiyini öyrənib gedib orada tutsun. Bu cür müzakirələr bu gün də davam edir və yenə də polisdən qaçanlar az deyil. Özünü haqlı saymağa çalışanlar da...
Adama deyərlər, günahın yoxdursa niyə qaçırsan? Yaxud, "sürücünü sabah gedib evində tutsunlar, maşını qovmasınlar" deyənlərə belə cavablar vermək olar; bəlkə, sürücü sərxoşdur, sabah necə sübut etmək olar? Bəlkə maşın oğurluqdur, sabaha doğrayıb satacaqlar, polis necə tapacaq? Bəlkə "moyka"da yuduğu maşını və ya atasının, əmisinin, dayısının maşınını götürüb sürür? Ola bilsin, narkomandır, "hallanıb", sabah kim sübut edəcək maşını sürən o idi, yoxsa başqası?...
Suallar da çoxdur, cavablar da. Bəs qanunda sürücünün təqib olunması barədə nə deyilir?
"Yol hərəkəti haqqında" qanunun 85-c maddəsinin "Qeyd" hissəsində göstərilir ki, nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə sürücünün aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir. Nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə DYP-nin digər əməkdaşlarına radio-cihaz vasitəsilə məlumat verilir və bundan sonra yazılı formada raport tərtib edilir. Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər. Həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər.
Qanunda maraqlı məqamlar əksini tapır. Məcburi dayandırılma vasitələri qanunda tam aydın izah olunmasa da, yola "kirpi" atıb avtomobilin təkərlərini deşməklə onu saxlatdırmaq, süni sıxlıq yaratmaqla və ya maşının vurularaq dayandırlması kimi hallar tətbiq oluna bilər. O ki qaldı təqibin necə həyata keçirilməsinə, qanunda tam aydın izah olunur ki, yol polisi əməkdaşı tabesizlik göstərən avtomobil barədə digər DYP əməkdaşlarına və ya komandır-rəis heyətinə məlumat verdikdən sonra onların göstərişi əsasında təqibi həyata keçirə bilər. Hər bir halda, tabe olmayan avtomobilin dayandırılması üçün onun təqib edilməsi qanunda əksini tapır və sürücülər bilməlidir ki, tabesizlik göstərməklə vəziyyəti daha da ağırlaşdırmış olurlar. Sadə bir misal gətirək; Tutaq ki, sürücünün avtomobilində qanunla tətbiqinə icazə verilməyən pərdələr quraşdırılıb. Sürücü də bilir ki, yol polisi buna görə ona 150 manat cərimə yaza bilər. Buna görə də yol polisinə tabe olmayıb qaçdıqda əlavə olaraq İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinin tələbini pozmuş sayılır ki, burada 80 manat cərimə nəzərdə tutulur. Sözsüz ki, sürücü tabesizlik göstərib qaçarkən maşını sürətlə idarə edir və bu zaman radara düşə bilər. Üstəlik, digər qayda pozuntuları - svetoforun qırmızı işığında dayanmamaq, piyadaya yol verməmək, yolayrıcını keçmə, habelə ötmə- manevr etmə qaydalarını pozmaq halları da ortaya çıxır. Bu zaman isə İnzibati Xətalar Məcəlləsisinin 511-ci maddəsinin 1-ci bəndi - avtoxuliqanlıq - sürücünü "ağuşuna alır". Həmin maddədə ictimai qaydanın və əhalinin dincliyinin, eləcə də yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirilməsi əksini tapır ki, bu da sürücünün yol polisinə tabe olmayaraq qaçması zamanı baş verən hallardır. Bu zaman ən yaxşı halda sürücü nəqliyyat vasitəsini idarə etmək hüququndan 1 il müddətinə məhrum edilməklə 500 manatdan 750 manatadək cərimə oluna bilər. Pis halda isə onun şəxsiyyəti nəzərə alınmaqla sürücülük hüququ 1il müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək inzibati qaydada həbs olunacaq. Bunun özü də məsələnin yaxşı tərəfi sayıla bilər. Polisdən qaçarkən qəza törətmək, kiminsə ölümünə və ya yaralanmasına səbəb olmaq kimi daha ağır hadisələr də qaçan sürücün gözləyir.
Lap tutaq ki, sürücü sərxoş halda avtomobil idarə edir və buna görə qaçır ki, tutulsa, 400 manatdan başlayan cərimə onu gözləyir. Bundan da qorxmaq lazım deyil. Hər halda, bu, avtoxuliqlanlıqdan, qəza törədib həbsə düşməkdən daha məqbul variantdır. Birincisi, içkili halda maşın sürməsəniz daha yaxşı olar. Çünki bu, olduqca təhlükəli əməldir. İkincisi isə alkaqolun, narkotik və psixotrop maddənin təsiri altında maşın sürmək il ərzində ilk dəfə törədilirsə buna görə İXM-nin 333.1-ci maddəsində 400 manat cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnin 6 aydan 1 ilədək məhdudlaşdılması nəzərdə tutulur. Üstəlik, yol polisi sürücüyə 400 manat cərimə tətbiq etdikdə sürücülük hüququ məhdudlaşdırılmır, sadəcə 5 cərimə balı yazılır.
İndi özünüz fikirləşin, 150 manatlıq cərimə yaxşıdır, yoxsa sürücülük hüququndan məhrum edilib həbsə düşmək?
Qərar sizindir; qaçmağa dəyərmi?
Mənbə: Femida.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət