Yığılması çətin, bişirilməsi rahat - quzuqarnı göbələyi
El arasında quzuqarnı adlanan göbələyin yığım mövsümüdür. Bir çoxunun adını belə eşitmədiyi quzuqarnını meşəliklərdən martın əvvəllərindən başlayaraq cəmi 20-25 gün ərzində toplamaq olar. Hava rütubətli olduqda bu göbələyə daha çox rast gəlinir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, quzuqarnının bir kiloqramı 10-15 manata satılır. Bu göbələyin yığılması zövqlü məşğuliyyət olsa da, bunun da öz çətinliyi var. Bir gün ərzində meşədən maksimum 4-5 kiloqram quzuqarnı toplamaq olar.
Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Bu göbələyin zəhərlisinə rast gəlinmir. Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyulub təmizləndikdən sonra bir neçə dəqiqə suda qaynadılır. Sonra xırda doğranmış soğanla birlikdə qovurulur. Bişdikdən sonra üzərinə yumurta vurularaq süfrəyə verilir. Bundan başqa, çöl şəraitində quzuqarnını şişə çəkib kababını da hazırlamaq mümkündür.
Quzuqarnı toplayan Elşən Yusifov bildirir ki, bu göbələk adını görünüşünə görə alıb. Quzuqarnının rəngi yarpaqlardan seçilmir. Buna görə də toplamaq çətindir. Amma biz hər il quzuqarnı yığdığımızdan onun daha çox bitdiyi yerləri bilirik. Meşədə əsasən qovaq ağaclarının altında bitir. Xaçmazda, Şabranda daha çox yığılır. Bazardan və ya yolun kənarında səyyar satıcılardan almaq olar. Quzuqarnı qoyun ətindən bahadır. Bu isə onun yığılmasının çətin olması ilə əlaqədardır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət