Slimfit
  1. İQTİSADİYYAT

Yeraltı anbarlara nə qədər qaz vurulub? - Socar

Yeraltı anbarlara nə qədər qaz vurulub? - Socar
Sakura

Cari ildə yeraltı qaz anbarlarına 3,1 milyard kubmetr təbii qaz vurulub

Cari ildə yeraltı qaz anbarlarına 3,1 milyard kubmetr təbii qaz vurulub.

Axar.az xəbər verir ki, bu barədə SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov noyabrın 16-da “Azəriqaz” İstehsalat Birliyində 2018-ci ilin yanvar-oktyabr ayları ərzində görülmüş işlər və payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən mətbuat konfransında deyib.

SOCAR rəsmisi qazın yığılması və nəqli istiqamətində görülən işlər barədə məlumat verərək deyib: “Azərbaycanda bütün qaz infrastrukturu təmir olunub. Hasilat səviyyəsinin yüksəlməsi fonunda qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilib. Bu da qış fəslində əhalinin qazla təminatının fasiləsiz olaraq həyata keçirilməsinə əsas yaradır”.

O deyib: “Hazırda əhalinin istehlakına verilən gündəlik təbii qazın 15 milyon kubmetri məhz yeraltı qaz anbarlarından götürülür. Noyabrın əvvəlindən indiyədək yeraltı qaz anbarlarından 109 milyon kubmetr qaz istehlaka yönəldilib. Hazırda respublikada əhali sektoru üzrə təbii qaz istehlakı sutkada 20 milyon kubmetrdir. Bunun da 10,2 milyon kubmetri Bakının, 9,8 milyon kubmetri isə regionların payına düşür”.

“Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev bildirib ki, Prezident İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları”na həsr olunmuş konfransda ölkənin qazlaşdırılması ilə bağlı verilmiş tapşırıqların icrası istiqamətində görülən işləri qənaətbəxş qiymətləndirib. Qazlaşma proqramına əsasən, bu il ərzində respublikanın regionlarında 42 inizabati rayon üzrə 79 yaşayış məntəqəsinin, o cümlədən Tərtər rayonunun cəbhə bölgəsindəki 8 yaşayış məntəqəsinin, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbənin qazlaşdırılması həyata keçirilməlidir. Bunlardan 55 məntəqə qazlaşdırılıb, 14 məntəqədə işlər başa çatdırılıb və yaxın günlərdə açılışın həyata keçirilməsi planlaşdırılır, 10 məntəqədə isə qazlaşdırma işləri sürətlə davam etdirilir.

Ə.Hacıyev deyib: “Ölkə başçısının müvafiq Sərəncamına əsasən, yaşayış məntəqələrinin qazlaşdırılması ilə əlaqədar SOCAR-a bu il üçün 100 milyon manat vəsait ayrılıb. Biz fəaliyyətimizi Azərbaycan Prezidentinin ölkə üzrə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması barədə verdiyi tapşırığın icra olunması istiqamətində qurmuşuq. Artıq noyabrın 1-nə olan göstəricilərə görə, ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faiz icra olunub. Cari ilin sonuna kimi isə qazlaşdırma səviyyəsi 95,7 faizi ötəcək. Yanvar-oktyabr aylarında 99 yaşayış məntəqəsi təbii qazla təmin edilib".

O qeyd edib ki, yeni qazlaşdırılan bütün yaşayış məntəqələrində şəbəkənin qurulması “bir pilləli” tənzimləmə sistemi əsasında aparılıb. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara verilən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Ümumilikdə, 2009-cu ildən bu günə kimi aparılmış işlərin nəticəsi olaraq 51 min 406,8 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 9 min 310,3 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib, 1514 yaşayış məntəqəsinə təbii qaz verilib.

Mətbuat konfransında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin “Azəriqaz”la əməkdaşlığı barədə məlumat verilərək qeyd edilib ki, cari ilin 10 ayı ərzində respublika üzrə “ASAN xidmət” mərkəzlərinə birliklə bağlı daxil olmuş 199 min 680 müraciətin icrası tam təmin edilib.

Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev isə magistral qaz kəmərlərinin hazırki vəziyyəti barədə məlumat verib. O, tənzimləyici və təmizləyici qurğularda görülmüş təmir işlərindən danışıb, qaz ölçmə məntəqələrində həyata keçirilən əməliyyatların beynəlxalq standartların tələblərinə cavab verən qaz sərf ölçmə cihazları və qazın keyfiyyətinə nəzarəti təmin edən müasir avadanlıqlarla təchiz olunmuş müvafiq laboratoriyalarda aparıldığını bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR