Yeniyetmələrin Yay Olimpiya Oyunları ölkəmizi dünyaya tanıtmaq üçün daha bir imkandır
Oktyabrın 6-dan 18-dək Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları zamanı keçiriləcək mədəniyyət tədbirləri çərçivəsində Azərbaycanı dünyaya daha yaxından tanıtmaq üçün geniş imkanlar yaranacaq. Biz bundan maksimum səmərəli istifadə etmək haqqında düşünürük.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının gənc səfiri Milli Olimpiya Komitəsinin (MOK) əməkdaşı Səkinə Vəliyeva deyib.
Səfirlərin fəaliyyətinin yeniyetmə idmançıları yarışlarla yanaşı, həm də digər fəaliyyətlərə cəlb etməkdən ibarət olduğunu bildirən MOK əməkdaşı qeyd edib ki, olimpiada zamanı keçirilməsi nəzərdə tutulan mədəni tədbirlər müxtəlif ölkələrdən, millətlərdən olan idmançıları bir araya gətirəcək. “Düşünürəm ki, bu, Şərqlə Qərbin mədəniyyətlərini birləşdirən, zəngin irsə malik Azərbaycanın tarixi, mədəniyyəti, xalqımızın adət-ənənələri, milli mətbəximizin nümayişi üçün əla imkandır. Mədəni tədbirlər çərçivəsində milli mətbəximizin nümayişi, xalçaçılıq, şərabçılıq nümunələrinin yer aldığı sərgilər, eyni zamanda, ölkəmiz haqqında videoçarxın təqdimatının iştirakçılarda böyük maraq oyadacağına əminik. Bununla da Azərbaycanın dünyaya daha yaxından tanıdılması istiqamətində növbəti addım atılacaq”, - deyə gənc səfir əlavə edib.
S.Vəliyeva gənclərin elit idman yarışları olan bu oyunların sosial məsuliyyət, bacarıqların inkişafı, ifadə, xoşbəxtlik və sağlam həyat kimi mövzuları özündə birləşdirdiyini və buna görə Beynəlxalq Olimpiya Komitəsinin bu yarışlara xüsusi önəm verdiyini qeyd edib. Səfir onu da vurğulayıb ki, mədəniyyət tədbirləri çərçivəsində dünyanın ən məşhur idmançılarının gənc iştirakçılarla görüşləri, atletlərin karyerası, dopinqlə mübarizə, düzgün qidalanma, mədəni əlaqələrin inkişafı kimi vacib məsələləri əhatə edən tədbirlər də baş tutacaq.
Xatırladaq ki, oktyabrın 6-da Buenos-Ayresdə start götürəcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanı 17 idmançı təmsil edəcək. Olimpiya yığmasının tərkibində üzgüçü Fatimə Alkərəmova, stolüstü tennisçilər Jinq Ninq və Yu Xinhanq, taekvondoçular Minayə Əkbərova (44 kq çəki dərəcəsi) və Cavad Ağayev (63 kq), boksçular Nurlan Səfərov (60 kq) və Nicat Həsənov (69 kq), güləşçilər Turan Bayramov (65 kq) və Şəhanə Nəzərova (43 kq), gimnastlar Yelizaveta Luzan və Səməd Məmmədli, cüdoçular Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66 kq), ağırlıqqaldıranlar Tarmenxan Babayev (85 kq) və Lalə Rzazadə (58 kq), atletika üzrə Rüstəm Məmmədov (üçtəkanla uzununa tullanma) və Fəxriyyə Tağızadə (100 metr məsafəyə qaçış) yer alıblar.
Yeniyetmələrin Sinqapurda 2010-cu ildə keçirilmiş birinci Yay Olimpiya Oyunlarında yığmamız 8 medal (5 qızıl, 3 gümüş) qazanaraq 11-ci yeri, 2014-cü ildə Çində təşkil olunan ikinci Oyunlarda isə 12 medal (5 qızıl, 6 gümüş və 1 bürünc) əldə edərək 10-cu yeri tutub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət