Yeni tədris ilində 43 məktəb binası istifadəyə veriləcək
Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.
Nazirlikdən "Report"a verilən məlumata görə, onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir.
Bu il ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı təmiri, 253 məktəbin cari təmir olunması, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlara əsasən, regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, respublika üzrə təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 8.7 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət