Yeni subartezian quyuları vasitəsilə Ağcabədidə 480 hektar əkin sahəsi suvarılacaq
Ağcabədi rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Rayon subartezian quyularının istismarı idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, idarənin balansında 965 ədəd subartezian quyusu, 10 ədəd artezian quyusu var. Həmin quyuların 878-i əkin və həyətyanı sahələrin suvarılmasında, 97-si isə içməli su məqsədilə istifadə olunur. Subartezian quyuları vasitəsilə rayonun 34 min 400 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir.
Prezident İlham Əliyevin 2018-ci il martın 12-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, ötən il Ağcabədi rayonunun Hindarx, Poladlı, Taynaq, Sarıcalı, Şərəfxanlı, Bala Kəhrizli, Muğanlı, Hüsülü, Göyük, Minaxorlu, Yuxarı Qiyaməddinli, Şahsevən qəsəbə və kəndlərində, həmçinin Lənbəran qışlağı ərazisində Ağdam Atçılıq Təsərrüfatının sahəsində, ümumilikdə, 19 ədəd yeni subartezian quyusu qazılıb. Bu quyuların istifadəyə verilməsi nəticəsində rayonun 570 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib.
Dövlət başçısının 2019-cu il 12 fevral tarixli Sərəncamı ilə bu il rayonun Hindarx, Hacıbədəlli, Rəncbərlər, Muğanlı, Göyük, Şahsevən, Minəxorlu, Bala Kəhrizli, Yuxarı Qiyaməddinli, Şahmalılar, Mirzəhaqverdili, Poladlı qəsəbə və kəndlərində daha 16 subartezian quyusu qazılacaq. Artıq Şahsevən və Rəncbərlər kəndlərində iki quyunun qazılmasına başlanıb. Subartezian quyularının qazılmasının bir neçə aya başa çatdırılması nəzərdə tutulur. Yeni subartezian quyuları ilə rayonun 480 hektar əkin sahəsi suvarılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət