Yeni qaydalar: Turistlər bu cür qəbul ediləcək
Dünyanı cənginə alan koronnavirus pandemiyası turistik ölkələrdə yeni sistem və qaydalar formalaşdırıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, artıq Fransada istilərin düşməsi ilə yeni etiraz növü başlayıb. Pandemiya dövrü ərzində karantində canı sıxılanlar “dənizləri açın” şüarı ilə etiraza başlayıblar. Sosial şəbəkələrdə bunun üçün səhifələr açılıb. Bu səbəbdən Fransada yaxın günlərdə bir çox çimərliklər açılacaq.
Tailand isə pandemiyadan sonra ölkəyə gələcək turistlər üçün koronavirus vergisi tətbiq etməyi düşünür. Qiyməti təxminən 10 dollar olacaq. Bu məbləğ sığorta məqsədilə yığılacaq. Turist anidən koronavirusa tutularsa, həmin pul onun müalicəsi üçün xərclənəcək.
Türkiyədə 40-50% otelin bu yay qonaq qəbul edə bilməyəcəyi bildirilir. Səbəb kimi otellərin təhlükəsizlik standartlarına cavab verməməsi göstərilir.
1 iyun tarixindən turistlər Türkiyəyə gələrkən hava limanlarında məcburi koronavirus testindən keçməli olacaqlar. Testlərin pasport nəzarətindən keçməzdən əvvəl aparılacağı və iki-üç dəqiqədən çox çəkməyəcəyi qeyd edilir. Hər bir sərnişin nəticəni beş-altı saatdan sonra biləcək. Nəticənin müsbət olacağı təqdirdə turist dərhal oteldə təcrid olunacaq və onun əlaqə dairəsi müəyyənləşdiriləcək.
Rusiyada isə turizm sektoruna tətbiq edilməsi nəzərdə tutulan vergi güzəştlərinin köməyi olmayacağı qənaətindədirlər. Ekspertlər bunun əvəzinə sərhədlərin tezliklə açılması və turizmin əvvəlki vəziyyətinə qayıtmasını çıxış yolu kimi görürlər. Əks halda iş olmayan yerdə vergi güzəştinin bir mənası qalmır. Bu səbəbdən Rusiyanın məşhur hava yollarından biri 1 iyundan Avropaya uçuşları bərpa etməyi planlaşdırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət