Yeni qanun layihəsi: Pasiyentlərin sağlamlığına vurulan zərərin ödənilməsi üçün komissiya yaradılacaq
Azərbaycanda pasiyentlərin sağlamlığına vurulan zərərin müəyyən edilməsi üzrə komissiya yaradılacaq.
“Report”un əldə etdiyi məlumata görə, bu, yeni hazırlanan “Pasiyentin hüquqları haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinin 29-cu (Pasiyentin sağlamlığına vurulmuş zərərin ödənilməsi) maddəsində qeyd olunub ki, pasiyentə tibbi yardımın göstərilməsi zamanı sağlamlığına ziyan yetirildiyi hallarda zərərin ödənilməsi hüququ var.
Pasiyentin hüquqlarının pozulması nəticəsində sağlamlığına dəymiş zərər müəyyən edilmiş qaydada ödənilməlidir.
Pasiyentin sağlamlığına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyətin şərtləri və qaydaları, habelə kompensasiyaların ödənilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir.
Pasiyentlərə qarşı hüquqazidd olan və sağlamlığa zərər yetirmiş hərəkətlərin törədilməsi faktı Pasiyentlərin sağlamlığına vurulmuş zərərin müəyyən edilməsi üzrə komissiya tərəfindən və (və ya) məhkəmə qaydasında müəyyən edilə bilər.
Qanun layihəsinin 30-cu (Pasiyentlərin sağlamlığına vurulmuş zərərin müəyyən edilməsi üzrə komissiya) maddəsinə əsasən, pasiyent və ya onun nümayəndəsi sağlamlığa dəyən zərərin məbləğinin müəyyən edilməsi və ödənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı yanında Pasiyentlərin sağlamlığına vurulmuş zərərin müəyyən edilməsi üzrə komissiyaya ərizə ilə müraciət edirlər. Ərizənin forması müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Ərizədə müraciət edən şəxsin adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin nömrəsi, yaşayış yeri, (əgər nümayəndə varsa onun adı, soyadı, atasının adı və ünvanı), tibb müəssisəsinin adı və ünvanı, şikayətin məzmunu, şəraiti izah edən sübutlar, müraciət edən şəxsin tələbləri (hüquqların pozulması və zərərin həcmi), ərizənin verildiyi vaxt və yer göstərilir, pasiyent və ya onun nümayəndəsi tərəfindən imzalanır. Ərizəyə pasiyent zəruri bildiyi sənədləri əlavə edə bilər.
Komissiya 4 il müddətinə ali tibbi və hüquqi təhsilə malik 7 nəfərdən ibarət tərkibdə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yaradılır. Komissiyanın azı iki üzvü bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndəsi olmalıdır. Müvafiq icra hakimiyyəti orqanı Komissiyaya hərtərəfli yardım etməlidir.
Komissiya:
1. pasiyentin hüquqlarının pozulması faktını və sağlamlığa vurulmuş zərərin həcmini müəyyən edir,
2. sağlamlığa vurulan zərərin ödənilməsi sahəsində yaranan mübahisəli məsələləri məhkəməyədək və ya məhkəmədən kənar həll edir,
3. hüquqların pozulması ilə əlaqədar şikayət və müraciətlərin əsaslılığını yoxlayır,
4. pasiyentlərə qarşı qanunazidd olan hərəkət törətmiş şəxslərin tibbi və əczaçılıq fəaliyyətinə görə verilmiş lisenziyasının dayandırılması və ya ləğv edilməsi haqqında vəsatət qaldırır,
5. tibb və əczaçılıq işçilərinin hərəkətlərində cinayət tərkibli əməl mövcud olduqda materialları aidiyyəti üzrə göndərir,
6. qanunazidd olan faktlar üzrə məhkəmə qarşısında iddia qaldırır,
7. qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri yerinə yetirir.
Pasiyentlərin sağlamlığına vurulmuş zərərin müəyyən edilməsi üzrə komissiyanın yaradılması və fəaliyyəti qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnamə ilə müəyyənləşdirilir.
Komissiyaya daxil olan ərizəyə 1 ay müddətində baxılmalı və qərar qəbul edilməlidir. Xüsusi araşdırma tələb etdiyi halda komissiyanın sədri bu müddəti daha 1 ay uzada bilər. Ərizəyə baxılarkən Komissiya müvafiq qərarlar qəbul edilməsi, tibb işçilərinə aid olan məsələlərin həlli məqsədilə lazım olan məlumatları və sənədləri tələb edə bilər.
Komissiyanın qərarı tibb müəssisəsi və pasiyent, həmçinin zərərin ödənilməsinə hüququ olan digər şəxslər üçün məcburidir.
Komissiya zərərin əmələ gəlməsində tibb müəssisəsinin və onun əməkdaşlarının təqsirinin olub-olmamasını, peşə fəaliyyəti zamanı yol verilmiş nöqsanları araşdırır, Azərbaycan Respublikasının qanunvericiliyinə, tibbi yardım standartlarına və diaqnostik-müalicə üzrə protokollara əməl edilməsi vəziyyətinə qiymət verir. Sağlamlığa zərər tibb müəssisəsinin və onun əməkdaşının təqsiri üzündən vurulubsa, onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Pasiyent və ya onun nümayəndəsi və (və ya) tibb müəssisəsi komissiyanın qərarı ilə razılaşmadıqda qərarın surətinin ona yazılı təqdim olunduğu gündən 30 gün ərzində məhkəməyə müraciət edə bilərlər.
Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Layihə bir neçə ildir, hazırlansa olsa da, müzakirəyə təqdim edilmirdi.
Xatırladaq ki, hazırda pasiyentin hüquqları 1997-ci ildə qəbul olunan “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla tənzimlənir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət