Dərc edildi: Baxış sayı: 789
Yəhya bəy Dilqəm - Dağlar
Zinəti nərgizdən, tər bənövşədən,
Al-yaşıl geyinib şad olan dağlar.
Ruhu təzələyir gülab suları,
Dəhanları şirin dad olan dağlar.
Qərənfil, şəqayiq, lalə tazə tər,
Baharın gülləri onu al bəzər,
Qara gəlsin süsən, sünbül sərbəsər,
Bülbülü güllərdən yad olan dağlar.
Qızılcadı soyuq bulaq yaylağı,
Bərələri şahin-şahbaz oylağı,
Ab-həyati kövsər, gözəllər sağı,
Canlara mötədil bad olan dağlar.
Bir yanda yaylardı Keçili, Dəllər,
Bir yanda yurd salır o ağır ellər,
Açılıb nəstərən, qırmızı güllər,
Laləzar türfəli ad olan dağlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət