Slimfit
  1. AZƏRBAYCANLI

Yəhudiləri Holokostdan xilas edən müsəlman azərbaycanlı

Yəhudiləri Holokostdan xilas edən müsəlman azərbaycanlı
Sakura

Yəhudiləri Holokostdan xilas edən müsəlman azərbaycanlı

 “Israel heute” (İsrail bu gün) internet nəşrində “Yəhudiləri Holokostdan xilas edən müsəlman” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə İranın Parisdəki səfirliyində çalışmış Abdul-Huseyn Sərdari Qacarın minlərlə İran yəhudisini ölüm düşərgələrindən xilas etməsindən bəhs olunur. Bildirilir ki, Sərdari Qacar İranda təxminən 200 il hakimiyyətdə olmuş Qacarlar sülaləsinə mənsub idi və İkinci Dünya müharibəsində Parisdə İran səfirliyində konsul vəzifəsində çalışırdı. 1940-cı ildə almanlar Parisə daxil olanda Fransadakı iranlı yəhudilərin taleyi 26 yaşlı azərbaycanlı diplomata həvalə edilir. Nasistlər və onların fransız əlaltıları bu ölkədəki minlərlə yəhudini Polşadakı ölüm düşərgələrinə göndərdikləri zaman Sərdari Qacar başqa addım atır. Həmin dövrdə nasistlər bütün fransız yəhudilərdən polisdə qeydiyyatdan keçməyi və sarı David ulduzu daşımağı tələb edirdilər. Sərdari Qacar Vişi hökumətinə məktubla müraciət edərək, iranlı yəhudilərin tamamilə İran mədəniyyəti ilə qaynayıb-qarışdıqlarını əsas gətirərək, onları təqibdən xilas edir. Fransada 75 mindən çox yəhudi nasist düşərgələrinə göndərildiyi halda, S.Qacarın sayəsində İran mənşəli yəhudilər siyahıya alınmır, onun İran hökumətinin razılığı olmadan böyük cəsarət göstərərək minlərlə yəhudiyə verdiyi İran pasportu ilə çox sayda insan Fransanı tərk edə bilir.

Məqalədə qeyd edilir ki, Sərdari Qacarın yəhudilər üçün etdikləri yəhudi və Azərbaycan xalqlarının minillərdən bəri dinc birgəyaşayışının ifadəsi idi. Bu addımı ilə o, bəşəri dəyərlər və xalqların ortaq xüsusiyyətlərinin əhəmiyyətinin din və etnik mənsubiyyəti kölgədə buraxdığı dövrləri xatırladır.

Müəllif, həmçinin yazır ki, Sərdari Qacar yəhudilərlə daim harmoniya içərisində yaşayan azərbaycanlılar arasında böyüyüb və insan həyatının müqəddəsliyinə hörmətlə yanaşmaq tərbiyəsi alıb. Ağır bir zəmanədə bu müqəddəs dəyəri qorumağa cəsarət göstərən S.Qacarın bu addımı Holokostla bağlı hamının öyrənməli olduğu bir həyat dərsidir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR