Slimfit
  1. AZƏRBAYCANLI

Yeganə çıxış yolu vahid təşkilatın yaradılmasıdır...

Yeganə çıxış yolu vahid təşkilatın yaradılmasıdır...
Sakura

Yeganə çıxış yolu vahid təşkilatın yaradılmasıdır...

Amerika Birləşmiş Ştatlarında dünya xalqlarına məxsus diaspor təşkilatları çoxdur. Onların arasında yəhudilərdən sonra, nüfuzuna görə, erməni diasporu ikinci yerdədir. Maraqlısı da odur ki, amerika elitası keçmiş sovet xalqları arasında məhz erməniləri, necə deyərlər, rusun şinelindən çıxmayan millət kimi tanıyır. Bəlkə də buna səbəb ermənilərin ABŞ-a axınının XIX əsrin axırlarına, XX əsrin əvvəllərində sosialist inqilabı dövrünə təsadüf etməsidir, bilmirəm. Amma dörd il ABŞ-da yaşayan azərbaycanlı kimi bir faktı yaxşı bilirəm ki, elə o vaxtdan ermənilər ABŞ-da bir araya gələrək diaspor təşkilatları yarada biliblər. Təsadüfi deyil ki, bu gün erməni diasporu ABŞ-ın ictimai-siyasi həyatına, ali dövlət orqanlarına təsir göstərməyi bacarır. Bundan əlavə bu təşkilatlar erməni əsilli tələbələrin ali təhsil almasına, mədəni-kütləvi tədbirlərin keçirilməsinə və digər məxvi layihələrə maddi kömək edirlər...

Bu gün ABŞ ərazisində Azərbaycanı çox az adam tanısa da, Ermənistanı demək olar ki, əksəriyyət tanıyır. ABŞ-da nüfuzlu ermənilərə gəldikdə isə bəli, onların sayı yetərincədir. Aralarında şəhər rəhbərlərindən tutmuş siyasi təşkilatlarda təmsil olunanlarına qədər kimsəyə rast gəlmək olar. Eləcə də imkanlı, böyük iş adamları da bizimkilərə nisbətən çoxdur...

O ki, qaldı ABŞ-dakı Azərbaycan diaspor təşkilatlarına, yüz iyirmi ildən çox yaşı olan erməni diasporunun yanında çox gəncdirlər. Sıralarında bir sıra uğurlara imza atanları olsa da böyük əksəriyyəti necə deyərlər, yerində sayır. Bəziləri də Azərbaycan dövlətindən nə isə umur. Erməni təşkilatlarının isə maliyyə mənbəyi dövlət yox, xalqdır. Bəli, dövlət diaspor təşkilatları üçün deyil, diaspor qrumları dövlətin, xalqın maraqları naminə çalışmalıdır...

Qeyd etdiyim kimi Amerika Birləşmiş Ştatlarında Azərbaycanla bağlı çəmiyyətlər çoxdur. Amma hamısı fərdi təşkilat kimi, təsisçilərinin iradəsinə uyğun fəaliyyət göstərir. Heç kimin qarşısında heç bir məsuliyyət daşımadan. Və bunların bir çoxunun arasında pərdəarxası münaqişələr mövcuddur. Biri digərini inkar edir, biri o birisinin fəaliyyətinə şübhə yaratmağa çalışır. Bu isə heç də ürəkaçan mənzərə deyil. Bir sözlə, etiraf etmək lazımdır ki, ABŞ-dakı erməni təşkilatları bizim təşkilatlardan daha mütəşəkkil, daha həmrəydir...

Olmazmı ki, ABŞ-da yaşayan vətənpərvər soydaşlarımız eyni zamanda mövcud təşkilatların üzvləri arasında ümumi təsis konfransı keçirib vahid cəmiyyət yaradılsın?

Yaradılacaq təşkilata rəhbər isə seçki yolu ilə seçilsin. Və hər seçilən rəhbərin seçiciləri qarşısında öhdəliyi, eləcə də konkret rəhbərlik müddəti olsun. Həmin təşkilatın isə azərbaycanlıların sıx məskunlaşdığı ştatlarda şöbələri, şəhərlərdə isə bölmələri açılsın...

Bunu etməyin bir yolu var. ABŞ-da yaşayan, siyasi əqidəsindən asılı olmayaraq ən nüfuzlu, vətənpərvər soydaşlarımızı bir araya gətirmək, onların vahid bir təşkilatda birləşməsinə nail olmaq lazımdır. Əgər belə olarsa təşkiltın maliyyə dəstəyi də tapılacaq və nüfuz əhatəsi də kifayət qədər güclü olacaq. Daha haradasa Xocalı soyqrımının ildönümünü keçirməkdən ötrü Azərbaycandakı hansısa rəsmi qurumdan maddi yardım gözləməyə ehtiyac qalmayacaq. Məsələn, hər hansı bir ştatda olan bir neçə təşkilatdan birinə hər hansı bir tədbiri keçirməkdən ötrü Diasporla İş Üzrə Dövlət Komitəsindən maddi dəstək gəlir, bu da digər qrumlar arasında narazılığa səbəb olur...

Nə qədər ki, bir təşkilat ətrafında yumruq kimi birləşə bilmirik, ha əlləşsək də çox zəif olacağıq...

Elman Eldaroğlu

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR