Slimfit
  1. AZƏRBAYCANLI

Yazıçı Varis- "Nobel"ə gedən yolun YOLÇUSU…

Yazıçı Varis- "Nobel"ə gedən yolun YOLÇUSU…
Sakura

Yazıçı Varis- "Nobel"ə gedən yolun YOLÇUSU…

Onunla Sumqayıtda eyni məhəllədə, eyni binada böyümüşük. Rəhmətlik atası Musa müəllim filolologiya elmləri namizədi, yüksək ədəbli kişilərdən biri idi. Sumqayıt Kimya Texnologiya Texnikumunda baş müəllim işləyirdi. Anası Tamara xanım Sumqayıt Alüminium Zavodunda iqtisadçı vəzifəsində çalışırdı. Hər ikisi də Qazax rayonunda doğulmuşdu. Özündən böyük bacısının adı Solmaz, kiçik bacısının adı isə Almaz idi. Evin tək oğlu olduğuna görə valideynləri ondan heç nəyi əsirgəmirdi. O dövrün ən bahalı paltarlarını geyinir, ən yaxşı oyuncaqları ilə oynayırdı. Hətta məhəllədə növbə ilə sürdüyümüz ilk velosipet də ona alınmışdı. Həddibuluğa çatandan sonra, necə deyərlər bir yerdə oturub-durur, o zamanki uşaqların xoşladığı bişdi-bişdi, kəmər vurdu, aşıq-aşıq kimi oyunları oynayırdıq. Məhəllələr arası futbol yarışlarında isə o, komandamızın kapitanı olardı. Nə isə, elə ki, böyüdük yollarımız ayrıldı…

Haqqında söhbət açdığım Varis Yolçuyev Sumqayıt şəhərində dünyaya gəlib. Orta təhsilini 17 nömrəli məktəbdə alıb. Sonra Bakı Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1991-ci ildə "168 saat" qəzetinin baş redaktoru, 1993-cü ildə isə "7 gün" qəzetinin redaktoru işləyib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasında ilk dəfə efirə gedən "Gecə kanalı" proqramının yaradıcılarından biri olub. 2004-2007-ci illərdə "Azərbaycan" nəşriyyatında baş redaktor vəzifəsində çalışıb. 2007-ci ildə AzTV-yə dəvət alıb və departamentlərdən birinə direktor təyin edilib. Azərbaycanda ilk "TV plyus" milli teleradio jurnalının baş redaktoru olub.
Azərbaycan və xarici ölkələrin mətbuatında yüzlərlə məqaləsi işıq üzü görüb. 2001-2005-ci illərdə dalbadal 5 dəfə bir sıra beynəlxalq qurumlar tərəfindən "European Market Research Center", "Editorial Office" kimi media mükafatları ilə təltif olunub. Müxtəlif illərdə "Dan ulduzu" ali jurnalistika mükafatına, "İlin ən yaxşı redaktoru" adına layiq görülüb. 
İlk hekayələri xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə "Ulduz" jurnalında dərc edilib. Ötən əsrin 90-cı illərində ədəbi mətbuatda digər hekayələri də işıq üzü görməyə başlayıb. İlk bədii kitabı "Sonuncu ölən ümidlərdir" 2008-ci ilin noyabrında çap olunub. Sonuncu işıq üzü görən, sayca on beşinci, "Uzaqdan gələn yağış" romanı isə 2018-ci ildə nəşr edilib. 2017-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Jurnalisti" fəxri adına layiq görülüb. 18 kitabın redaktorudur…

Varis Yolçuyevə təqdim olunan beynəlxalq mükafatlar o qədər çoxdur ki, hamısını sadalamağa səbrim çatmaz. Amma bəzilərini nəzərinizə çatdırmağı özümə borc bilirəm: Böyük Britaniya və Rusiyada verilən "İlin yazıçısı" fəxri adları, Varşavada təltif olunduğu YUNESKO-nun Adam Mitskeviç medalı, ABŞ-da Kreativ yazıçıların Nyu-York promokşn layihəsinə seçilərək fərqlənmə sertifikatına layiq görülməsi. Ən böyük uğuru isə ötən il Rusiyada keçirilən LiFFt dünya ədəbiyyat festivalında 170 dünya yazıçısı arasında laureat adını qazanaraq qızıl medala layiq görülməsi olub...

…Ömür-gün yoldaşı Kəmalə xanım Sumqayıt Tibb Kollecində müəllim işləyir. İki oğlu, bir qızı vardır. Böyük oğlu Murad Bakı Dövlət Universitetini bitirib. İkinci oğlu Cavad isə orta məktəbdə oxuyur. Qızı İşıl xanım isə bu il birinci sinfi bitirəcək…

Deyir ki,- "Nobel mükafatının mayasını Azərbaycan neftindən əldə olunan gəlir təşkil edir. Ona görə də ən böyük arzum bu halal mükafata layiq görülməkdir"…

Səyahət etməyi çox xoşlayır. İndiyədək on səkkiz ölkədə səfərdə olub. Mütaliədən yorulmur. Anar, Elçin, Kamal Abdullanın yeni yazılarını mətbuatdan daim izləyir. Kitablarını ara-sıra oxuduğu müəlliflərdən Mübariz Örənin, Elçin Səfərlinin, Natiq Rəsulzadənin adlarını dilə gətirdi və daha çox dünya ədəbiyyatı ilə maraqlandığını söylədi. Con Maksvel Kutzee, Orxan Pamuk, Haruki Murakami, Milan Kundera əsərlərini sevə-sevə oxuduğu yazıçılardır. Qabriel Markes, Umberto Eko, Joze Saramaqo kimi müasir dünya ədəbiyyatının nəhənglərini mütaliə etməkdən isə usanmır…

Deyir ki,- "Nəzəriyyəni bilsə də istedadı yoxdursa və ya istedadı var, amma nəzəriyyəni bilmirsə, o kəsdən yazıçı olmaz. Yazıçı mütaliədən yorulmamalı, ədəbi prosesləri izləməli, ədəbiyyatşünaslığı dərindən bilməlidir"…

Bəli, hər bir insanın böyüyüb boya-başa çatdığı bir məhəllə olur. İlk addımını atdığı, birinci uğurunu tay-tuşları ilə bölüşdüyü, hara getsə, hansı zirvəyə ucalsa da heç zaman unuda bilməyəcəyi məhəllə. Və söhbətimin sonunda onu da deyim ki, biz eyni məhəllədə böyüyən tay-tuşları Varisə həmişə inanmışıq, güvənmişik. 1988-ci ildə məlum Sumqayıt hadisələrində özü hazırladığı üçrəngli bayrağımızı ilk dəfə onun əlində görmüşdüm. Ümidvaram ki, nə vaxtsa "Nobel" mükafatına layiq görülən ilk Azərbaycan yazıçısı da Varis Yolçuyev olacaq…

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR