Slimfit
  1. DİN

Yaxşılığı aşkar edək ya gizli? - Allah yerinə hökm verən, təftiş edənlər!!!

Yaxşılığı aşkar edək ya gizli? - Allah yerinə hökm verən, təftiş edənlər!!!
Sakura

Yaxşılığı aşkar edək ya gizli? - Allah yerinə hökm verən, təftiş edənlər!!!

İnsanın əldə etdiyi bütün texnoloji və maddi inkişafına baxmayaraq, bu gün də davam edən böyük ictimai problemlərdən biri  ictimai təbəqələşmə - bir tərəfdə yoxsulluq və səfillik, digər tərəfdə isə sərvətin üst-üstə yığılma problemidir.

Bəziləri o qədər mal toplayır ki, onun hesabını belə itirir, bəziləri isə yoxsulluq və kasıblıqdan əziyyət çəkir, hətta yemək, yaşayış yeri və paltar kimi zəruri həyat ehtiyaclarını təmin edə bilmirlər.

Alimlər və dünyanın iqtisadiyyat məktəbləri bu böyük ictimai problemin həllində çalışırlar. Quran ayələrinə diqqət etdikdə belə məlum olur ki, İslamın hədəflərindən biri ictimai ədalətsizlik nəticəsində zəngin təbəqə ilə kasıb təbəqə arasında yaranmış ədalətsiz fasiləni aradan qaldırmaq və başqalarının köməyi olmadan öz ehtiyaclarını təmin etməyə gücü çatmayan şəxslərin yaşayış səviyyəsini yaxşılaşdırmaqdır.

İslam bu məqsədinə çatmaq üçün geniş proqram hazırlayıb. Belə ki, sələmçiliyi birmənalı şəkildə qadağan edib, zəkat, xüms, sədəqə və sairə maliyyə vergilərinin ödənilməsini vacib edib, insanları ianə və faizsiz borc verməyə, vəqf etməyə, digər maddi yardımlara təşviq edib.

Hər zamanda olduğu kimi günümüzdə də bu müqəddəs İslami proqramı bacardığı şəkillərdə icra edərək, insanlara maddi dəstək olanlar da az deyil. Lakin bu əzəmətli İslami proqramın icrasına zaman-zaman ağız büzən, kənardan bildi- bilmədi göstəriş verənlər də tapılır. Bəziləri isə özünə zərəri olmasın deyə gah “tənqid” adı altında bu işə əl atır, gah da elmi olmadan “Quran və hədislərdən” yersiz və aidiyyatı olmayan sitatlar gətirir. Onların iddiasına görə bu cür infaqlar yalnız gizlin olduğu zaman dəyərlidir. Halbuki bu söz Quranın özünə ziddir.

Əzizim axı sən necə Qurandan sitat gətirsən ki, Quran özü insanları həm açıq, həm də gizlin infaqa dəvət edir. Bəli, bəli, Quran özü dəvət edir və heç bir qrupa fərq qoymadan eyni müjdəni verir:

Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 274)

Allahın təşviq etdiyini sizlərmi qadağan edirsizniz?! Məgər bu ayə infaqın bütün növlərinin bəyənilən olmasını təsdiq etmir? Məgər bu ayədən asanlıqla anlaşılmır? Çoxsaylı hədis və rəvayətlərdən anlaşılır ki, bu Həzrət Əli (ə) barədə nazil olmuşdur. O Əli (ə) ki, dörd dirhəminin birini açıq, birini gizlin, birini gecə, birini isə gündüz infaq etmişdir.

Bu ayə bizə gözəl bir bələdçidir. Ayədən məlum olur ki, Allah yolunda ianə verilməsi üçün müxtəlif üsulların seçilməsi daha yaxşı şəraitin seçilməsi məqsədi daşıyır. İanə verənlər bu işi görərkən əxlaqi və ictimai şəraiti nəzərə almalıdırlar. Yəni əgər ianə verilən zaman onun aşkar verilməsinə lüzum yoxdursa, bu işi gizli etsinlər ki, həm ianəni qəbul edənlərin abırı qorunsun, həm də ianə verənlər daha çox ixlasa malik olsunlar.

Lakin ortada dini ayinlərin təbliği, başqalarının bu işə təşviq edilməsi və həvəsləndirilməsi kimi səbəblər varsa, ianə vermək şəxsi xarakter daşımırsa, heç kəsin şəxsiyyətinin alçaldılmasına səbəb olmayacaqsa və ixlasla da ziddiyyət təşkil etmirsə, bu halda onu aşkar etsinlər. Təfsir alimlərinin verdiyi ehtimala görə “gecə”nin “gündüz”dən və “gizli”nin “aşkar”dan əvvəl qeyd edilməsi onun gizli olmasının daha yaxşı olmasına işarədir. Əlbəttə, onun aşkar edilməsinə əsaslı səbəbin olduğu hal istisnadır. Lakin vəziyyət və növündən asılı olmayaraq, ianə verilməsi tərk edilməməlidir.

Allah yolunda verilən aşkar və gizli sədəqənin hər birinin öz xeyir və müsbət cəhəti var. Çünki insanın sədəqəni aşkar şəkildə verməsi insanları bu cür xeyir işlərə təşviq etməkdən əlavə, onun vəzifəsini yerinə yetirməməsi barəsindəki ittihamları da aradan qaldırır. Bu bir növ əməli təbliğat sayılır və insanları xeyir işlərə, imkansızlara dəstək olmağa, ictimai xeyriyyəçilik işlərinə həvəsləndirir. Bu növ ayə və rəvayətlər bir məqaləyə sığmayacaq qədər çoxdur. Odur ki növbəti hissəyə keçək.

Heç kimi incitmə, minnət qoyma!

Ayə və rəvayətlərdən bu da anlaşılır ki, Allaha xatir görülən işlər zamanı kimisə incitmək, etdiyi yaxşılığı müxtəlif formalarda başa qaxan, minnət qoymaq icazəli deyil.

Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin, Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 262)

 İslam Peyğəmbəri (s) də bu mövzuda buyurur: “Kim imanlı bir şəxsə yaxşılıq etsə, sonra onu sözlə incitsə və ya ona minnət qoysa, Allah onun ianəsini (xərclədiyi malın savabını) puç edər.” (Təfsiri-bürhan, c. 1, səh. 253, hədis, 1)

Lakin bunu etməyənlərin ianələrinin puç olmasından qorxusu olmaz. Bu mövzuda digər ayələr üçün Qurana müraciət edə bilərsiniz.

Aşkar edilən infaq yoxsa reklam?

İndi keçək bəzilərinin “reklam” adlandırdığı, amma Quranın və rəvayətlərin riya adlandırdığı hissəyə. Quran özü də bu məsələyə toxunub, amma “Qurandan sitat” gətirənlər kimi yox!

Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. (Bəqərə surəsi, 264)

Biz öncəki hissədə qeyd etdik ki, Allah yolunda edilən yaxşılıqları məhz ona xatir edilməli və onun razılığının əldə edilməsi üçün olunmalıdır. Əksə halda edilən yaxşılığa axirətdə heç bir əcr verilməz. Hər bir müsəlman riyanın necə çirkin bir əməl olduğunu bildiyini nəzərə alaraq daha incə bir məsələyə keçək.

Əvvəla, əgər bir şəxs insanlara çətin günlərində, öz malı ilə kömək olursa, yaxud öz ictimai nüfuzundan istifadə edərək, köməyə möhtac insanlara yardım toplayırsa və həqiqətən kömək edirsə bu təqdirəlayiq bir addımdır. Bu cür insanlara dəstək olmaq, kömək olmaq, canımızla, malımızla dəstəkləmək yardım etmək hər imkanı çatana bir vəzifədir. Malın necə infaq edilməsi şəxsin öz öhdəsindədir. Allah kimisə məcbur etməyib ki, aşkar yaxud gizlin infaq et. Yolunu getdiyimiz müqəddəslər də kimisə bu mövzuda məcbur etməyib. Əksinə, müxtəlif üsullar və yollar göstərərək, cəmiyyətin yoxsul təbəqəsinə yardım olunması üçün insanları istiqamətləndirmişlər. Diqqət edin, mane olub, ittiham etməyiblər, yol göstəriblər.

Bunu bilmək üçün baş sındırmaq lazım deyil. İslami mətnlərə baxmaq yetərlidir. Quran və hədislərə baxdıqda görürük ki, aşkar və gizlin infaq barədə ayrı-ayrılıqda hədis və rəvayətlər mövcuddur. Deməli, nə uca Allah nə də Peyğəmbər (s), hətta məsumların (ə) da heç biri qadağa xarakterli söz söyləməmişlər. Sadəcə gizlin və aşkar etməyin savab və əcri barədə təşviqedici kəlamlar buyurmuşlar. Aşkar infaq etməyin əleyhinə olanların nəzərində bu  nurani kəlamlar hamısı batil və əbəsdir?!

Əlindəki dörd dirhəmini birini aşkar, birini gizli, birini gecə, birini gündüz verən Həzrət Əli (ə) bu əməlindən niyə dərs almırıq? Yoxsa o zamanda olsaydıq, onu da riyakarlıqda ittiham edib, “gizlin sədəqə” vermək barədə pafoslu çıxışlar edib, o Həzrətə (ə) Qurandan ayələr gətirərdik?

Axı kim və necə və hansı meyarlarla təyin edir ki, filankəsin etdiyi yaxşılıqda riya var? Hansı məntiqlə bu hökm ələ gəlir?

Mövzuda qeyd etdiyimiz kimi, əgər şərait açıq şəkildə insanlara yaxşılığı etməyi tələb edirsə elə məhz bu üsul daha əlverişlidir. Bunun faydasını da açıqca görürük. Kasıb ailələrin vəziyyətini əyani şəkildə müşahidə edənlər, daha çox bu xeyir əmələ sövq olunur. Heç kimin məqsəd və niyyəti kasıb və möhtac durumda olan insanları alçatmaq, rüsvay etmək deyil. Mümkündür kimlərsə bu müqəddəs işdən sui-istifadə etsin. Lakin bu hamını ittiham etmək hüququnu bizə verməz. İnsanların daxili aləmlərindən xəbərsiz olduğumuz halda, onları yersiz sözlərlə acılamaq, gördükləri işlər barədə mənfi rəy yaratmaq şeytana xidmətdir.

 “Filankəs özünü reklam edir, özünü göstərir”, “ay camaat bu riyakarlıqdır” və sairə mənasız sözləri deyənlərə Peyğəmbərin (s) məşhur “sən onun qəlbini yarıb baxdınmı” hədisini xatırlatmaq necə də yerinə düşür.

Döyüşlərin birində qarşı tərəfin “Lə iləhə illəllah” deməsinə baxmayaraq onu öldürən şəxsə Peyğəmbər (s) səbəbini soruşduqda “o ölüm qorxusu ilə iman gətirdi” deyə buyurdu. Peyğəmbər (s) Qiyamətəcən zahirə görə hökm verənlərə bu kəlamı söylədi: “Sən onun qəlbini yarıb baxdınmı?”

Odur ki, zahirə görə hökm verib, ittihamlardan əl çəkək. Çünki Quran və hədislərə əsasən gözəl söz də sədəqədir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR