Slimfit
  1. MARAQLI

"Yaxın, yoxsa yaxşı məktəb" dilemması

"Yaxın, yoxsa yaxşı məktəb" dilemması
Sakura

Sentyabrın 15-də orta məktəblərdə tədrisin başlaması Bakıda "uzaq da olsa, yaxşı məktəb" seçimi aparmış…

Hərçənd bəzi valideynlər düşünürlər ki, uşağı evdən bir neçə kilometr uzaqlıqda yerləşən məktəblərə göndərməklə həm özləri əziyyət çəkir, həm uşaqlar, həm də bu, şəhər mərkəzində tıxaclara, ictimai nəqliyyatda sıxlığa səbəb olur.

Ekspertlər hesab edirlər ki, söhbət keyfiyyətli təhsildən gedirsə, keyfiyyətə önəm verənlər "uzaq da olsa, yaxşı məktəb" seçimi aparmağa məcburdurlar.

Bakıdakı təhsil rəsmiləri isə deyirlər ki, paytaxtdakı bütün məktəblərdə tədris keyfiyyəti yüksəkdir, sadəcə, bəzi valideynlər məşhur məktəb sorağındadılar.

Bu il Bakıda 46 mindən çox uşaq birinci sinifə gedəcək.

"Əsas kriteriyam odur ki, uşaqla kobud davranmasınlar"

"Biz Bakıda Əhmədli metrosu tərəfdə yaşayırıq, iki oğlum isə 28 may metrosu yaxınlığındakı məktəbə gedir. Hər gün iki saata qədər vaxtı yola sərf edilir", Rəvanə Əkbərli BBC Azərbaycancaya deyir.

Onun uşaqlarını məktəbə razılaşdırılmış taksi aparıb-gətirir. Əkbərlilər ailəsi bu xidmət üçün taksi sürücüsünə keçən il 2000 manatadək pul ödəyiblər.

Rəvanə Əkbərlinin sözlərinə görə, bu məbləğ 5 nəfərlik, yalnız atanın çalışdığı ailə üçün kiçik məbləğ deyil, üstəlik, uşaqlar məktəbə gedib-gələndə yorulurlar. Amma o deyir ki, bu çətinliklərə uşaqların təhsilli və sağlam psixologiyada böyüməsi üçün dözürlər:

"Böyük oğlum evimizin yaxınlığındakı məktəbdə məktəbəqədər hazırlığa gedirdi. Müşahidələrim müsbət olmadı: müəllimlər hədiyyə alır, bunun müqabilində uşaqlar arasında ayrı-seçkilik aparır, uşaqlara qışqırır, onlarla kobud davranırdılar".

Rəvanə Əkbərli vurğulayır ki, onun əsas kriteriyası yaxşı təhsil yox, uşaqla şəxsiyyət kimi davranılma olub: "Mən sağlam psixologiyalı uşaq böyütmək istəyirəm. İstəyirəm ki, nə uşağımla kobud davransınlar, nə də onun sinif yoldaşları ilə. İstəyirəm, hər bir uşağa fərdi yanaşsınlar".

"Evimizə yaxın məktəblər imkanlardan istifadə etmirlər"

Bakının 4-cü mikrorayonunda yaşayan Nəhmətovlar ailəsinin iki azyaşlı üzvü evlərindən 40 dəqiqə məsafədə yerləşən məktəbə getmək üçün metro və ya avtobusa minməli olurlar, ailənin xanımı Könül Nəhmətova deyir.

"Məktəblərin maddi-texniki təchizatı var, amma şagirdlər bu imkanlardan necə yararlanır? Artıq bu, məktəbin rəhbərliyindən, müəllimlərindən asılıdır. Evimizin yanında olan məktəblərdə bu imkanlardan istifadə məni qane etmədi".

Xanım Nəhmətova düşünür ki, uşağının "yaxşı təhsilə və yüksək mədəni davranış qaydalarına yiyələnməyini istəyən validyenlər" məktəb seçimində soraqlaşmağa məcburdurlar.

Uşaqları məktəbə aparıb-gətirmək də Nəhmətovlar ailəsi üçün böyük bir qayğıya çevrilib, çünki ailədə hər iki valideyn işləyir.

"Təbii, yaxınlıqdakı məktəbə getsəydilər, özləri gedib-gələ bilərdilər, amma indi məcburuq hər dəfə birimiz işdən icazə alaq", Könül Nəhmətova deyir.

"Dərs başlayan kimi tıxac artacaq.."

Lakin başqa bir valideyn Naibə Qurbanova düşünür ki, hər şeyə rəğmən "yaxın məktəb" kriteriyasına üstünlük verilməlidir:

"Uşaqları evdən uzaqdakı məktəblərə aparıb gətirmək həm valideynlər, həm uşaqlar üçün əziyyət olur, həm də ictimai nəqliyyatda sıxlıq yaradır. Bu uşaqları aparıb-gətirən taksilər şəhər yollarında tıxaclara səbəb olurlar".

Xanım Qurbanova hesab edir ki, ciddi səbəb yoxdursa, yəni "uşaq hər hansı təmayüllü gimnaziyada, liseydə təhsil almırsa, uzun məsafə qət etməyə dəyməz".

Onun sözlərinə görə, bütün orta məktəblərdə dərslər eyni proqramla tədris olunur.

Oğlunun yaşadığı yerə yaxın məktəbə getdiyini deyən xanım Qurbanova onu da vurğulayır ki, məktəbdə sinif otaqları təmirsizdir, tədris ili başlamamış fondpulu, əlavə vəsaitlər istənilir, üstəlik pedaqoji kollektivə "güvənsizlik" də var. Bununla belə o, "yaxın məktəb" seçiminə üstünlük verib:

"Evə yaxın məsafədə təhsil almağın bir çox üstünlükləri var; maddi duruma təsiri - gediş haqqı vermirsən, yolda vaxt itirmirsən, ən əsası, şagirdlərin fiziki vəziyyəti gərgin olmur".

"Yaxın məktəb yaxşı olsa.."

Təhsil məsələləri üzrə ekspert Nabatəli Qulamoğlu valideynlərin "yaxşı, yoxsa yaxın məktəb" dilemmasında baş sındırmasını məktəblərdə tədris keyfiyyəti ilə izah edir.

"Heç bir valideyn istəməz ki, uşağı evinə uzaq məktəbə getsin. Əgər uşaq yaxınlıqdakı məktəbdən lazımi bilik alarsa, valideynin nə marağı var ki, əlavə əziyyət, ya xərc çəkib onu uzağa göndərsin?"

Nabatəli Qulamoğlu bütün məktəblərdə eyni səviyyədə "yüksək təhsil keyfiyyət olmamasının" əsas səbəbini məktəblər arasında rəqabət mühitinin yoxluğunda görür:

"Rəqabət mühiti nisbətən özəl məktəblərdədir. Təhsil keyfiyyəti isə repititorlar hesabına əldə edilir".

"..ərazi prinsipi tətbiq etdik"

Lakin Bakı şəhər təhsil idarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov təhsilin keyfiyyəti ilə bağlı deyilən iradları qəbul etmir.

Şəhər mərkəzində yerləşən orta məktəblərə tələbatın digərlərinə nisbətən çox olduğunu deyən cənab Məmmədov səbəbi belə izah edir.

"Valideynlər baxır ki, bir məktəb yeni tikilib, ya yeni təmirdən çıxıb, binası gözəldir. Düşünürlər ki, burada təhsil daha yüksək olar. Amma indi yaxşı müəllim anlayışı var. İndi demək olar ki, bütün məktəblərdə yaxşı şərait var, maddi-texniki təchizat imkanları artıb. Uşaq binaya baxıb öyrənmir ki?! Onu öyrədən müəllimdir və bütün məktəblərimizdə yaxşı müəllimlər var."

Bəşarət Məmmədov əlavə edir ki, məşhur məzunları olan məktəblər də valideynlər üçün cəlbedici görünür və ona görə bura üz tuturlar.

"Yaxşı məktəb" sorağında olanların axının qarşısını almaq üçün Bakı şəhər Təhsil İdarəsi, bu il birinci siniflərə şagird qəbulunda ərazi prinsipi əsas götürdüyünü bəyan edib.

"Bu il sıxlıq olan məktəblərdə ilk öncə o məktəbin əhatə etdiyi ərazidə yaşayan uşaqları qəbul elədik, yer qaldığı halda kənar ərazilərdə yaşayan uşaqları müsahibə yolu ilə məktəbə qəbul elədik".

Bəşarət Məmmədov deyir ki, bu prinsipin tətbiqi sıxlıq olan məktəblərə tələbatı azaldıb:

"Bu prinsip Bakıdakı məktəblərin 15 faizini əhatə elədi, söhbət şəhər mərkəzində yerləşən məktəblərdən gedir. Digər məktəblərdə isə uşaq qəbulu sərbəst aparıldı".

Təhsil rəsmisi davranışla bağlı iradları da haqsız sayır, hesab edir ki, uşağın yüksək mədəni vərdişlərə yiyələnməsi, o cümlədən təhsildə uğura imza atması həm də ailədən asılıdır:

"Necə olur ki, ailə uşağını qonşu uşaqlarla oynamağa qoyur, amma onunla bir yerdə təhsil almasını istəmir?.."

 

Mənbə: BBC Azərbaycan

 

[haber=1061]

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR