Yaşlı insanlar üçün yeni robot hazırlanıb
İsrailin “Intuition Robotics” şirkəti dünyanın ən böyük texnologiya sərgisi – “CES 2019”da xüsusi olaraq, yaşlı insanlar üçün hazırlanmış “ElliQ” “ağıllı” sistemini təqdim edib. Yaşlı insanların əksəriyyəti bu və ya digər dərəcədə sosial təcrid olunma ilə rastlaşır, çünki onlar aktiv həyat tərzi sürə bilmirlər və yaşla əlaqəli olaraq, müxtəlif sağlamlıq problemləri yaşayırlar. “ElliQ” robotu da məhz bunun üçün yaradılıb. O, əlavə ünsiyyət əhatəsi yaradır və asudə vaxtın təşkilində sahibinə köməklik göstərir.
techcult.ru saytının məlumatına görə, “ElliQ” 3 moduldan ibarətdir: baza modulu, planşet və onun üçün dok-stansiya rolunu oynayan stasionar modul. Onlar birlikdə istifadəçi ilə daimi əlaqənin saxlanması üçün nəzərdə tutulub. Bunun üçün modulların hər birinə videokamera və mikrofon dəstləri, hərəkət sensorları və nitqin səsləndirilməsi üçün səsgücləndiricilər quraşdırılıb. Üçüncü modul – istifadəçinin səsinə reaksiya verərək və söhbət zamanı diqqətli həmsöhbəti təqlid edərək, çevrilən və əyilən “baş”dan ibarətdir.
“ElliQ” səs əmrlərini anlaya və ünsiyyət qura bilir. O, məktub, xəbər və s. oxuya, lətifə danışa, hətta məlumat bazasında lazımi informasiya olduğu halda, hər hansı bir məsələ ilə bağlı mübahisə edə bilir. Sistemin əsas vəzifəsi yaşlı insan işsiz oturaraq darıxdıqda onun bu vəziyyəti fərq etməsidir. Robot mürgüləmə ilə nahardan sonrakı yuxunu ayırd edə bilir və əgər insan dincəlirsə, o, gələn yeni ismarıc haqqında səs siqnalını vermir.
Qohumlar robotu dərman qəbul etmək və ya gəzintiyə getmək vaxtı olduğunu təqüdçülərə xatırlatmaq üçün kökləyə bilərlər. Bundan başqa, “ElliQ” tipik səs köməkçisinin demək olar ki, bütün funksiyalarını yerinə yetirir. Sistem 1499 dollar dəyərindədir, məcburi abunə haqqı isə ayda 50 dollar təşkil edəcək.
Mənbə: İCT
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət