Slimfit
  1. AZƏRBAYCAN

Yaponiyada yaşayan həmyerlimiz Beynəlxalq Elektrotexnika Komissiyasının xüsusi mükafatına layiq görülüb

Yaponiyada yaşayan həmyerlimiz Beynəlxalq Elektrotexnika Komissiyasının xüsusi mükafatına layiq görülüb
Sakura

Yaponiyada yaşayan həmyerlimiz Beynəlxalq Elektrotexnika Komissiyasının xüsusi mükafatına layiq görülüb

Yaponiyada yaşayan həmyerlimiz, elektronika sahəsində tanınmış mütəxəssis, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər Beynəlxalq Elektrotexnika Komissiyasının (IEC) xüsusi mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Yaponiya üzrə mükafatların təqdim edilməsi mərasimi Tokioda yerləşən “Nippon Toşi” Mərkəzində keçirilib.

Qeyd edək ki, IEC 1906-cı ildə yaradılıb və elektrik, elektron və qarışıq texnologiyalar üçün beynəlxalq standartların hazırlanması və nəşri üzrə dünyanın aparıcı təşkilatıdır. IEC bütün dünya üzrə beynəlxalq standartları hazırlayan üç təşkilatdan (IEC, ISO, ITU) biridir.

IEC-in fəaliyyətində bütün dünya üzrə sənayedə, ticarətdə, hökumət strukturlarında, sınaq və tədqiqat laboratoriyalarında, elmi dairələrdə və istehlakçı qruplarda çalışan 20 mindən çox mütəxəssis iştirak edir.

Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Sənaye və Ətraf Mühit Texnologiyaları şöbəsinin direktoru İida Yugi mərasimi açaraq bildirib ki, bu gün “Sənaye standartları sahəsində standartlaşdırma layihələri” üzrə böyük uğurlar qazanan alim və tədqiqatçılara mükafatlar təqdim ediləcək. İlin yekununa görə, bu sahədə mühüm uğurlar qazanmış 100-ə yaxın alim və tədqiqatçı həmin mükafatlara layiq görülüb. Mərasimdə həm Yaponiya hökumətinin təltifləri, həm də IEC-in mükafatları qaliblərə təqdim ediləcək.

Bundan sonra mükafatların təqdim edilməsinə başlanılıb.

Sevindirici haldır ki, Beynəlxalq Elektrotexnika Komissiyasının “IEC 1906” mükafatının qalibləri arasında Yaponiyada yaşayan həmyerlimiz, elektronika sahəsində tanınmış mütəxəssis, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər də var.

Nazirliyin Sənaye Standartları Komitəsinin sədri Hiroşi Tomono “IEC 1906” mükafatını Xəlil Kələntərə təqdim etməzdən əvvəl tədbir iştirakçılarını onun mətni ilə tanış edib. Mükafatın mətnində deyilir: “Beynəlxalq Elektrotexnika Komitəsi dəyərli və davamlı töhfələrinə görə texniki komitənin eksperti Xəlil Kələntərə səmimi minnətdarlığını bildirir. Xəlil Kələntər BEK 62595-2-3 layihəsinin rəhbəri olaraq ön işıq diodlarının ölçülməsi üçün elektrooptik metodun hazırlanmasında xidmətlərinə, o cümlədən optik xarakterlər və terminologiyalar sahəsində digər layihələrdə fəal iştirakına görə Beynəlxalq Elektrotexnika Komitəsi tərəfindən təltif edilir”.

Beynəlxalq mükafata layiq görülməsi münasibətilə sevincini AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən X.Kələntər bildirib ki, 10 ildən çoxdur Yaponiyada IEC-in eksperti kimi fəaliyyət göstərir. Onun fəaliyyəti həm Yaponiya hökuməti, həm də Beynəlxalq Elektrotexnika Komissiyası tərəfindən yüksək qiymətləndirilib. Bu gün aldığı mükafat da bunu təsdiq edir.

Uzun müddətdir elektronika sahəsində fəaliyyətinin həm də Azərbaycanın dünyada tanıdılması məqsədinə xidmət etdiyini bildirən X.Kələntər qeyd edib ki, onun azərbaycanlı bir alim və tədqiqatçı kimi uğurları ölkəmizin təbliği baxımından da əhəmiyyətlidir. O vurğulayıb ki, bundan sonra da ölkəmizi daha geniş tanıtmaq, Azərbaycanın adını ucaltmaq üçün fəaliyyətini davam etdirəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR