Yaponiya hökuməti vergi islahatı planlarını qəbul edib
Yaponiyanın Nazirlər Kabineti vergi islahatı ilə bağlı qanun layihəsini təsdiq edib və sənəd hazırda müzakirə üçün ölkə parlamentinə təqdim olunub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 2017-ci ildən bəri gündəlikdə olan qanun layihəsinə əsasən, işçilərinin əməkhaqqı üç faizdən çox olan şirkətlərin ödəyəcəkləri korporativ verginin dərəcəsi 25 faizə endiriləcək. Öz məhsuldarlığını artırmaq üçün sərmayə qoyan şirkətlər üçünsə korporativ verginin dərəcəsi 20 faiz müəyyənləşdiriləcək.
Vergi güzəştləri gələn maliyyə ilindən - 2019-cu ilin aprelindən tətbiq olunmağa başlayacaq və üç il davam edəcək. Qanun layihəsində nəzərdə tutulan digər tədbirlərə tütün məhsulları üçün 2018-ci ilin oktyabrından rüsumların qaldırılması, eləcə də ölkədən çıxan insanlar üçün 2019-cu ilin əvvəlindən adambaşına 1000 yen (9,9 ABŞ dolları) yeni verginin tətbiq edilməsi daxildir.
Şəxsi vergi üzrə 2020-ci ildən qüvvəyə minməsi təklif edilən dəyişikliklər illik gəliri 8,5 milyon yendən (77.394 dollar) artıq olan işçilərdən tutulan vergilərin artırılmasını, eləcə də şirkət əməkdaşları üçün vergi çıxılmalarının azaldılmasını əhatə edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət